Bunu Füzuli rayonunda keçirilən səyyar qəbullar da sübut edir
... Kərimbəyli kənd orta məktəbinin geniş akt zalı adamla dolu idi. Həyətdə, dəhlizdə gözləyənlər də vardı. Adamların belə maraq və həvəsi heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, həmin gün burada Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin səyyar qəbulu keçirilirdi. Onu da əlavə edək ki, qəbulda Kərimbəyli ilə yanaşı, Yağlıvənd kəndinin sakinləri də iştirak edirdilər.
Hamının deməyə sözü vardı. Ona görə də zalda quraşdırılmış mikrofonların önündə uzun növbə yaranmışdı. Əlbəttə, onları anlamaq çətin deyildi. Hər iki kənd qısa müddət olsa da mənfur erməni qüvvələrinin işğalı altında olmuşdur. 1994-cü ilin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin güclü əks-hücumu nəticəsində Kərimbəyli və Yağlıvənd kəndləri, o cümlədən Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi azad olunmuşdur.
Aradan xeyli müddət keçib. Ancaq işğalın izləri, erməni vəhşiliyinin nümunələri hələ də qalmaqdadır. Yandırılmış evlər, dağıdılmış körpülər, yollar, səngər yerləri... Düzdür, ötən illər ərzində bu istiqamətdə az iş görülməyib. Bununla belə, hələ də görüləsi işlər çoxdur.
Rayon hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı qaldırılan məsələlərin konkret həllini, irəli sürülən təklif və mülahizələrin dəqiq icrasını təmin edəcək. Yeri gəlmişkən, səyyar qəbulda iştirak edən kənd sakinlərinin ərizə, şikayət və təkliflərinin bəzilərini burada bir daha xatırlamaq istəyirik.
Heydər Hacıyev:
- Nə Kərimbəyli, nə də Yağlıvənd kəndində təbii qaz var. Əsas ağırlıq elektrik enerjisinin üstünə düşür. Bu isə bir çox hallarda qəzalara səbəb olur, fasilələr yaranır. Bildiyiniz kimi, yaxınlıqda meşə zolağı da yoxdur. Ona görə də mənzillərin qızdırılmasında çətinlik çəkirik. Düzdür, hər iki kəndə təbii qaz xəttinin çəkilməsinə başlanıb. Ancaq işin sürəti zəifdir. Xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasına kömək edəsiniz.
İcra başçısı:
- Qaz İstismar İdarəsinin rəisi Tələt Sadıqov buradadırmı?
- Buradayam.
- Bu barədə nə deyə bilərsiniz?
- Əlavə material gətirilib, mütəxəssislər cəlb edilib. Uzağı 2 aya hər iki kəndə təbii qaz xətti çəkilib başa çatdırılacaq.
Səltənət Hümbətova:
- İndiyə kimi Kərimbəyli kəndində mədəniyyət evi yoxdur. Mədəniyyət işçiləri icra nümayəndəliyinin binasında bir otağa sığınıblar. Belə vəziyyətdə normal iş qurmaq, mədəni-kütləvi tədbirlər hazırlayıb həyata keçirmək mümkün deyil. Halbuki bizim kənddə kifayət qədər istedadlı gənclər var.
İcra başçısı:
- Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov, bu barədə fikriniz?
- Bu məsələdə sizin köməyinizə ehtiyac var.
- Mən hazıram.
- Elə isə lazım olan sənədləri hazırlayıb gətirərəm.
Tahirə Əzizova:
- Müharibə vaxtı ermənilər bizim evi də yandırıblar. Ötən müddət ərzində yalnız otaqların biri təmir olunub. Ailəmiz böyükdür. O biri otaqların da təmirinə eztiyac var.
A.Əsədov, Kərimbəyli icra nümayəndəsi:
-Tahirə Əzizovanın adı növbəti bərpa siyahısına salınıb.
İcra başçısı:
- Ümumiyyətlə, o siyahıya bir də baxmaq lazımdır. Birinci növbədə ciddi ehtiyacı olan vətəndaşların mənzilləri təmir olunmalıdır.
Əli Nuriyev:
- Son vaxtlar elektrik enerjisinin verilməsində heç bir çətinlik yoxdur. Ancaq məsələ burasındadır ki, kənd böyüyür, yeni-yeni evlər tikilir, məhəllələr salınır. Bax, həmin məhəllələrə elektrik enerjisinin verilməsi pis vəziyyətdədir. Dirəklər, naqillər olduqca etibarsızdır, tez-tez fasilələr yaranır.
İcra başçısı:
- Bu məsələni rayon elektrik şəbəkəsinin rəisi Binnət Məmmədovla müzakirə etmişik. Yaxın günlərdə işin icrasına başlanılacaqdır.
Mikayıl Kərimov:
- Kərimbəyli və Yağlıvənd kəndlərində 3500-dən çox insan yaşayır. Lakin, təəssüf ki, tibb xidməti istənilən səviyyədə təşkil edilməyib. Tibb-mama məntəqəsinin yerləşdiyi binanın bir hissəsi təmir olunsa da, iş neçə vaxtdır ki, yarımçıq qalıb...
İcra başçısı:
- Mərkəzi Xəstəxanının baş həkimi Tapdıq Behbudov burdadır. Münasibətiniz...
- Deyilənlər doğrudur. Vəsait çatmır. Kənd bələdiyyəsi ilə imkanlarımızı götür-qoy etmişik. Yaxın günlərdə işə başlaya bilərik.
- Elə isə indiyə kimi niyə başlamırdınız?
- ...
Sabit Səfərov:
- Kərimbəyli və Yalğıvənd kənd sakinləri içməli su sarıdan korluq çəkirlər. Bu məqsədlə qazılmış bir artezian isə cəmi 15 evə xidmət edə bilər. Yazmadığımız, getmədiyimiz ünvan qalmayıb. Ancaq bu günə kimi konkret ölçü götürülməyib.
İcra başçısı:
- Bildiyiniz kimi, bu ciddi maliyyə vəsaiti tələb edir. Deməli, məsələnin həlli daxili imkanlar səviyyəsində deyildir. Ona görə də respublikanın əlaqədar təşkilatlarına müraciət etməli olacağıq.
Seymur Əhmədov:
- İndiyə kimi Horadiz - Kərimbəyli, Horadiz - Yağlıvənd avtobus marşrutu açılmayıb. Sakinlərimiz bundan çox əziyyət çəkir.
- Uşaq bağçası cəmi bir otaqda fəaliyyət göstərir...
- Telefonlaşma hələ də tam başa çatdırılmayıb...
- Dren-kollektor şəbəkəsinin təmirə ciddi ehtiyac var.
- Kərimbəyli kənd məktəbinin istilik sistemi işləmir...
Təkliflər, arzu və qeydlər beləcə bir-birini əvəz edir. Əlbəttə, kənd sakinlərini başa düşmək olar. Ancaq orası da var ki, illərlə yığılıb qalmış problemləri bir günün, bir ayın içərisində həll etmək də mümkün deyil. Əsas məsələ odur ki, səyyar qəbulda qaldırılan, irəli sürülən təklif və qeydlərin həll edilməsi üçün yollar müəyyənləşdirildi, hansı müddətdə, necə icra ediləcəyi və s. dəqiqləşdirildi. Bu isə adamlarda böyük inam və ümid yaratdı.
Səyyar qəbulda ilk baxışda qəribə görünən maraqlı bir məsələ də ortaya çıxdı. Müraciət edənlərin əksəriyyəti illərlə işsiz qalan insanlar idi. Təəccüblüsü isə ondadır ki, rayon məşğulluq mərkəzinin siyahısında cəmi 9 nəfər var. Bu vəziyyət, əlbəttə, ciddi suallar doğurur və haqlı narazılığa səbəb olur.
Son vaxtlar Füzuli Rayon İcra Hakimiyyətində bütün sahələrdə olduğu kimi, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu sahəsində də görülən işlər, qarşıya qoyulan vəzifələrin ardıcıl, müntəzəm və sistemli şəkildə həyata keçirilməsi üçün geniş tədbirlər planı təsdiq edilmişdir. Əsas diqqət ona yönəldilmişdir ki, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar yerindəcə həll olunsun, təkrar şikayətlərə yol verməsin.
Müşahidə və aparılan təhlil göstərir ki, bu gün rayonun bəzi idarə və müəssisələrində, bir çox ərazi icra nümayəndəliklərində vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması qənaətbəxş səviyyədə qurulmamışdır. Yol verilmiş nöqsanlar tezliklə aradan qaldırılmalı, əmək və icra intizamına əməl edilməli, ərizə, şikayət və təkliflərə baxılmasında dönüş yaradılmalıdır.
Səyyar qəbulda bütün diqqət ona yönəldilmişdi ki, respublika Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq bütün sahələrdə intizam və tələbkarlıq daha da artırılmalı, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilmiş nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Bu məqsədlə Rayon İcra Hakimiyyətində qaynar xətt yaradılmışdır.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.