Mart ayının 9-da Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən paytaxt və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədəki nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müşavirə barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, son illər ərzində dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində respublikamızın paytaxtında çox böyük işlər görülmüş, iri layihələr həyata keçirilmişdir. Hazırda Bakı şəhərinin 97%-i qazlaşdırılmış, şəhərin yol-nəqliyyat sektorunda ciddi işlər görülmüş, 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, 32 piyada keçidi tikilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində yaxın vaxtlarda Bakı sakinlərinin 70 %-i keyfiyyətli su ilə təmin olunacaqdır. Şəhərin bütün əsas parkları yenidən qurulmuş, böyük abadlıq işləri aparılmışdır. Son illərdə Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir olunmuş, 11 idman və sağlamlıq ocağı, 2 Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. "Ekologiya ili" çərçivəsində Bakı şəhərində 3 milyon yeni ağac əkilmişdir. Hazırda bir sıra yeni lahiyələr icra olunmaqdadır.
Keçən dövr ərzində Səbail rayonunda və rayonun qəsəbələrində görülən işlərdən danışan Asif Əsgərov qeyd etmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illər ərzində rayonda böyük abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Qısa müddət ərzində Milli Məclisin korpusu, Hesablama Palatasının binası, Dənizkənarı Bulvarda Beynəlxalq Muğam Mərkəzi, Biznes, Ticarət və İstirahət mərkəzləri, "Teleqüllə" kompleksi, mərkəzdə 5 yeraltı keçid, 2 park, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası, 4 çoxulduzlu mehmanxana, Bakı Elektrikşəbəkənin 4 yeni yarımstansiyası, YAP Səbail rayon təşkilatının binası və s. istifadəyə verilmişdir.
2010-cu ildə Səbail rayonu ərazisində həyata keçirilən əzəmətli və irimiqyaslı layihələrdən biri - Dövlət Bayrağı Meydanının açılışı olmuş, Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyi yenidən qurulmuşdur. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar rayonun, eləcə də şəhərin bir hissəsinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan kompleks tədbirlər çərçivəsində Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 2 ədəd yeni su anbarı tikilmiş, qalanlarında isə tikinti işləri davam etdirilir. İşlər tam həcmdə həyata keçiriləndən sonra günaşırı su ilə təmin olunan Badamdar qəsəbəsi sakinləri gün ərzində su ilə təmin olunacaqlar.
2011-ci il "Turizm ili" elan olunmuşdur və sevindirici haldır ki, bu il Bakı şəhərində istifadəyə verilməsi nəzərdə tutulan 5 ulduzlu mehmanxanaların 4-ü məhz Səbail rayonunun ərazisindədir.
Əsaslı təmir və yenidənqurma işlərindən sonra Dövlət Filarmoniyası, "Yaşıl Teatr" Konsert kompleksi, 3 teatr, 5 muzey, Milli Kitabxananın binası, 11 park, Şəhidlər Xiyabanı və Fəxri Xiyaban, Fəvvarələr Meydanı, Nizami küçəsi, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar ittifaqlarının binaları, "Respublika" mehmanxanası istifadəyə verilmişdir.
Rayonda ümumilikdə 2200 şagird yerlik 3 tədris korpusları, 2 uşaq bağçası tikilmiş, 6 orta məktəb, 11 uşaq bağçası, 3 musiqi məktəbi, 6 səhiyyə müəssisəsi, Uşaq-gənclər idman-gimnastika məktəbi əsaslı təmir olunmuşdur.
Keçən il dövlət tərəfindən 132-134 saylı Təhsil Kompleksi və Heydər Əliyev Fondu tərəfindən 236 saylı orta məktəbdə əsaslı təmir işləri aparılmış, rayon icra hakimiyyəti tərəfindən Badamdar qəsəbəsindəki mədəniyyət evi, 20-ci sahədə yol ötürücü dairə, "Veteran Neftçilər bağı" təmir olunmuş, Badamdarda xeyir-şər yeri, 2 istirahət bağı, Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsi tikilmiş, "Abad həyət" layihəsi əsasında 9 nümunəvi həyət yaradılmış, Bibiheybət qəsəbəsində yerüstü piyada keçidi tikilir.
Hazırda Səbail rayonunda Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin yeni Hospitalının, 6 saylı məktəb liseyin, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, 5 yerdə yeraltı keçidin tikintisi davam edir. Dövlət Musiqili Komediya Teatrının və Mahnı Teatrının binalarında əsaslı təmir işləri aparılır.
Tədbirdə bu gün rayon sakinlərini daha çox narahat edən məsələlər, onların həlli yolları, nəzərdə tutulan işlər barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, rayonda 1 yeni məktəbin, 1 əlavə tədris korpusunun, 1 həkim ambulatoriyasının tikintisinə, 6 məktəbin, 5 uşaq bağçasının, 2 texniki yaradıcılıq birliyinin, 4 səhiyyə müəssisəsinin, 1 musiqi məktəbinin əsaslı təmirinə ehtiyac vardır.
Badamdar və Bibiheybət qəsəbələrinin, 20-ci yaşayış sahəsinin küçə və məhəllədaxili yollarının işıqlandırılması, yeni yaşıyış massivlərinə qaz xətlərinin çəkilməsi, Badamdar qəsəbəsinin 20-ci sahə-Bayıl yaşayış sahəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, Səbail rayon MKTB və onun tabeçiliyində olan MKİS-lərin texniki təminatının gücləndirilməsi həlli vacib məsələlərdəndir.
Toplantıda çıxış edən qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, təsərrüfat xidmətlərinin rəhbərləri son illər ərzində görülən işlər və həyata keçirilən layihələrlə yanaşı, həm də həllini gözləyən problemlər, onların aradan qaldırılması yolları barədə danışmışlar.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.