Bakı şəhəri ildən-ilə gözəlləşir, yeniləşir. Son illər paytaxtımızda həyata keçirilən quruculuq işləri, tikilən hündürmərtəbəli binalar, çoxsaylı keçidlər, yeni salınan körpülər, yaraşıqlı yollar, parklar və xiyabanlar onun görkəmini əsaslı şəkildə dəyişir. Təkcə şəhərin mərkəzi deyil, onun qəsəbələri də getdikcə müasirləşir, abadlaşır, sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılır.
Sabunçu rayonu qəsəbələrində də belə quruculuq işləri davam etməkdədir. Bu yaxınlarda rayonda 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu barədə ətraflı söhbət açılmışdır.
Sabunçu rayonunda on qəsəbə var və onların hər biri son vaxtlar sürətlə inkişaf etməkdədir. Bu qəsəbələrdə yeni məktəblər, uşaq bağçaları, xəstəxana və poliklinikalar tikilmiş və yaxud köhnələri əsaslı təmir olunmuşdur. Yeni inzibati binalar inşa edilmiş, parklar, xiyabanlar salınmış, işıq, qaz, su problemlərinin həlli istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Maştağa qəsəbəsində 22 nömrəli məktəb üçün yeni korpus tikilmiş, 1 nömrəli ruhi xəstəxana, M.S.Ordubadi adına kitabxana və musiqi məktəbi əsaslı təmir edilmiş, elektron ATS genişləndirilmişdir. Buradakı park yenidən təmir olunub əhalinin istifadəsinə verilmişdir. 2006-cı il fevralın 27-də Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı rayon qəsəbələrinin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu proqramın yerinə yetirilməsi nəticəsində rayonda 5 minə yaxın şagird yerlik 7 yeni məktəb binası və korpusları, 2 uşaq bağçası, 2 səhiyyə obyekti tikilmiş, 5 səhiyyə obyekti əsaslı təmir edilmişdir. Bundan başqa, 5 mədəniyyət obyektində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Pirşağı və Kürdəxanı qəsəbələrinin yaxınlığında, Balaxanı və Nardaran qəsəbələrində yeni idman zalları inşa olunmuşdur.
Əvvəllər bir neçə qəsəbədə əhalinin elektrik və qaz təchizatı sahəsində, xüsusilə də qış aylarında müəyyən çətinliklər olurdu. Bu problemlər də proqramın icrası nəticəsində qismən aradan qaldırılmışdır. Bilgəh-Buzovna sahəsində 2, Maştağa və Sabunçu qəsəbələrinin hər birində 1 yarımstansiya tikilərək istifadəyə verilmiş, 6 yarımstansiyada isə yenidənqurma işləri aparılmış, 13 istiqamətdə 120 kilometrə yaxın yeni qaz xətti çəkilmiş, 2 qazpaylayıcı stansiya tikilmişdir.
Qəsəbələrin kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar son illər xeyli işlər görülsə də, müəyyən problemlər hələ də qalmaqdadır.
Rayonun qəsəbələrinin sosial-iqtisadi inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Belə ki, Maştağa, Pirşağı, Bilgəh qəsəbələrindəki internat məktəbləri, Maştağa 21 nömrəli Təbəssüm Uşaq Sanatoriyası əsaslı təmir olunmuş, Pirşağı qəsəbəsindəki 112 saylı orta məktəb üçün korpus, Bilgəh qəsəbəsində uşaq bağçası, Kürdəxanı qəsəbəsində poliklinika tikilərək istifadəyə verilmişdir. Bunlar rayonun qəsəbələrində həyata keçirilən quruculuq işlərinin bir hissəsidir. Görülmüş tədbirlər çoxdur. Əlbəttə, son illər qəsəbə sakinlərinin həyat şəraitinin yaxşılaşması məhz bu tədbirlərin nəticəsidir.
Lakin problemlər hələ tam həllini tapmayıb. Bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtımızın qəsəbələrinin inkişafı ilə bağlı keçirilən müşavirədə bu barədə ətraflı söhbət açılmışdır. Qeyd olunmuşdur ki, bununla bağlı paytaxt qəsəbələrinin inkişafı üçün xüsusi Dövlət Proqramı hazırlanacaq. Bunun üçün qəsəbələrin vəziyyəti ilə bağlı təkliflərin hazırlanması tapşırığı verilmişdir.
Bu günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin keçirdiyi iclasda "Sabunçu rayonu qəsəbələrinin 2011-2013-cü illərin sosial-iqtisadi inkişafına dair tədbirlər planı" layihəsi müzakirə olunmuşdur.
İclasda bu məsələ ilə bağlı geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev ilkin olaraq Prezident İlham Əliyevin 9 mart 2011-ci il tarixdə keçirilən müşavirədəki çıxışına diqqət yönəltdi. O qeyd etdi ki, ölkə başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün rayonda bütün qüvvələr səfərbər edilmişdir.
Əlibaba müəllim Prezidentin məruzəsindən bu sözləri iclas iştirakçılarının diqqətinə çatdırdı: "Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problem öz həllini gözləyir. Sadəcə olaraq hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün, bir də demək istəyirəm, xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu proqramda öz həllini tapacaqdır".
İcra başçısı bildirdi ki, həmin proqramın icrası üçün Prezident 3 il vaxt müəyyənləşdirmişdir. Bu gün biz öz təkliflərimizi hazırlamalı və 2011-2013-cü illər üçün tədbirlər planının layihəsini təsdiq etməliyik.
Əlibaba Əliyev bildirdi ki, burada qəsəbə nümayəndələri, ağsaqqallar, ziyalılar, mənzil-kommunal idarələrinin rəhbərləri, su, işıq, qaz, təhsil, səhiyyə işçiləri iştirak edirlər. Hər biriniz bu layihə ilə bağlı təkliflərinizi verə bilərsiniz.
Layihə barədə icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənov məlumat verdi.
Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi Fərhad Qurbanov, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Bakıxanov bələdiyyəsinin sədri Nadir Əsədov, Maştağa qəsəbə sakini Məmmədağa Əliyev, Zabrat qəsəbə sakini Səfixan Gəncəliyev çıxış edərək Bakı şəhəri qəsəbələrinin inkişafına göstərdiyi qayğıya görə Prezidentə minnətdarlıqlarını bildirərək, layihə ilə bağlı öz təklif və mülahizələrini irəli sürdülər. Beləliklə, layihə təkliflər nəzərə alınmaqla qəbul edildi.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.