Azərbaycan Respublikası müstəqillik yolunda inamla irəliləyir

{nl}

Azərbaycan öz dövlətçilik tarixinin çox şərəfli bir dövrünü yaşayır. 1991-ci ildə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanı ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra üzləşdiyi bəlalardan xilas etdi, ölkəmizi davamlı islahatlar yoluna çıxardı.
Bu günlər xalqımız öz müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. 20 illik bir tarixin 17 ili inkişaf, tərəqqi, islahatlar dövrüdür. Xalqımızın öz müstəqillik tarixi ilə fəxr etməyə haqqı var. Çünki bu tarixi dövr ərzində Azərbaycan "dünyaya günəş kimi doğdu", inkişaf etdi, bütün sahələrdə böyük uğurlar qazandı, ən əsası isə Cənubi Qafqazda lider dövlətə çevrildi. Ulu öndər Heydər Əliyev deyirdi: "Müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir, ondan da çətin bir işdir". Bu çətin və məsuliyyətli işi öz çiyinlərində irəliyə doğru aparan ulu öndər dəfələrlə bildirmişdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.
Bu ağır və məsuliyyətli işi ulu öndərin siyasi kursunun ləyaqətli davamçısı hörmətli Prezidentimiz İlham Əliyev uğurla həyata keçirdi, Azərbaycanın müstəqillik salnaməsini çox şərəfli səhifələrlə zənginləşdirdi. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev ölkəmizdə quruculuq işlərini sürətləndirdi, başlanmış genişmiqyaslı islahatları uğurla davam etdirdi. Heç təsadüfi deyil ki, bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı islahatların sürətlə həyata keçirildiyi ölkə kimi qiymətləndirirlər.
Bu yaxınlarda Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli məruzə ilə çıxış edən Prezident Azərbaycanın qazandığı uğurlar barədə ətraflı şəkildə bəhs edərək, həyata keçiriləcək tədbirlər barədə də danışmışdır. Cənab Prezident bu il müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünün qeyd olunacağını da xüsusi olaraq vurğulamışdır: "Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik. İyirmi il ərzində Azərbaycan müstəqil ölkə kimi yaşayır". Doğrudan da, Azərbaycan bu illərdə dünyada tanındı, nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi. Artıq beynəlxalq aləmdə Azərbaycanla hesablaşır, onunla əməkdaşlıq qurmağa can atırlar.
Prezident həmin müşavirədə demişdir: "İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da, tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz".
Müstəqilliyimiz bərpa edildiyindən sonrakı illər ərzində dövlətimiz həm siyasi, həm iqtisadi sahədə güclənmiş, demokratiya yolunda çox uğurlu nailiyyətlər qazanılmışdır. Azərbaycanda bütün azadlıqlar təmin olunmuşdur. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar öz fəaliyyətlərini sərbəst şəkildə davam etdirirlər.
İqtisadi islahatlar uğurla həyata keçirilir. Bizim iqtisadiyyatımız şaxələnmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha təsdiq edir. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir.
Azərbaycan iqtisadiyyatının inkişafından bəhs edən Prezident İlham Əliyev demişdir: "Biz, əlbəttə böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artmışdır. Bu, doğrudan da, dünya miqyasında nadir bir hadisədir".
Azərbaycan iqtisadiyyatının inkişafı, ölkədə həyata keçirilən müstəqil dövlətçilik siyasəti digər sosial sahələrin inkişafına da öz güclü təsirini göstərmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdəki uğurları da olduqca diqqətəlayiqdir. Prezident bildirmişdir ki, qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaq. Bunun üçün ölkəmizdə çox əhəmiyyətli dövlət proqramları reallaşdırılmaqdadır. Müstəqil Azərbaycanımızı dünyaya tanıdan milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısı öz nəticələrini verməkdədir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. İndi dünyanın əksər ölkəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunur.
Bu sahədəki inkişafdan danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycan muğamının, xalça və aşıq sənətimizin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasında Mehriban xanımın əvəzsiz rolu olmuşdur. Onun həm də səhiyyəmizin inkişafındakı xidmətləri əvəzsizdir.
Doğrudan da, Azərbaycanda səhiyyə son illər böyük sürətlə inkişaf etməkdədir. Bu sahədə qəbul olunan dövlət proqramlarına uyğun olaraq təkcə böyük şəhərlərimizdə deyil, regionlarımızda da diaqnostika mərkəzləri yaradılır, yeni xəstəxanalar, poliklinikalar tikilib istifadəyə verilir. Əhalinin sağlamlığı üçün hərtərəfli şərait yaradılır. Dünyanın qabaqcıl ölkələrindən ən müasir tibbi avadanlıqlar alınıb xəstəxanalarımıza gətirilir.
Ancaq ölkənin müstəqilliyi, onun gələcək taleyi təhsilin inkişafı ilə sıx surətdə bağlıdır. Prezident İlham Əliyev demişdir: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindəndir". Ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda 2003-cü ildən sonrakı dövrdə bu sahədə ulu öndərin başladığı islahatlar uğurla davam etdirildi. Təhsildə demokratik ənənələr gücləndirildi, yeni məktəblər inşa olundu, informasiya texnologiyaları gətirildi. Təhsilin keyfiyyətində əsaslı dəyişiklik edildi, bu sahədə yeni yanaşmalara diqqət artırıldı. Bu gün Azərbaycan ali məktəblərində Boloniya sisteminin tətbiqi Avropanın qabaqcıl ölkələrinin təhsil sahəsindəki nailiyyətlərini mənimsəməyə imkan yaratmışdır. Bu sahədə də Heydər Əliyev Fondunun mühüm xidmətləri qeyd olunmalıdır. "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsini həyata keçirən fond ölkəmizdə onlarla yeni məktəb tikintisini təmin etmiş, neçə-neçə məktəblərimiz əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Mehriban xanım Əliyevanın yaxından köməkliyi sayəsində kimsəsiz və əlil uşaqlarımıza qayğı ildən-ilə artmaqdadır.
Müstəqil Azərbaycanın hərtərəfli inkişafında ulu öndərin banisi olduğu Yeni Azərbaycan Partiyasının çox mühüm xidmətləri də qeyd olunmalıdır. Bu partiya yarandığı vaxtdan ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayır. Başda partiyanın sədri İlham Əliyev olmaqla, onun üzvləri ölkəmizin müstəqilliyi yolunda çox mühüm proqramların reallaşmasını təmin edir. Rəhbərlik etdiyim YAP Sabunçu Rayon Təşkilatı da bu proqramların reallaşması üçün bütün imkanlardan istifadə edərək, rayonumuzun həyatında əhəmiyyətli rol oynamağa çalışır.
Azərbaycanın hər bir vətəndaşı müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəsini verməlidir. Sabunçu rayonunda aparılan quruculuq işləri onu deməyə əsas verir ki, xalqımız Prezidentimizin gələcək inkişafımız naminə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əsl mənada böyük fədakarlıq göstərir.
Sabunçu rayonu Bakının iri sənaye rayonlarından biridir. Bu rayonun şərəfli tarixi var və bu gün rayon rəhbərliyi burada çox uğurlu layihələrin reallaşmasını təmin edir. Ulu öndər Heydər Əliyev bu rayona xüsusi qayğı göstərir, onun inkişafını daim diqqət mərkəzində saxlayırdı. O, dəfələrlə bu rayonun ayrı-ayrı qəsəbələrində sakinlərlə görüşmüş, onlara öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. Bütün bu tarixi görüşləri əks etdirən fotolar, sənədlər Bakıxanov qəsəbəsindəki "Heydər Əliyev" parkında yaradılan muzeydə nümayiş etdirilir.
Rayonumuzun siması ildən-ilə əsaslı şəkildə yeniləşir. Yeni yollar, yaraşıqlı məktəblər, uşaq bağçaları, inzibati binalar, körpülər tikilir, əhalinin sosial durumu getdikcə yaxşılaşdırılır. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Sabunçu rayonunun qəsəbələri yeni görkəm alır. Təkcə 2010-cu ildə ölkə başçısı 3 dəfə Sabunçu rayonunda olmuş, yeni müəssisələrin açılışında iştirak etmişdir. Ölkə başçısının 2006-cı il 27 fevral tarixdə imzaladığı sərəncamla təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı"na uyğun olaraq rayonda çox əhəmiyyətli işlər görülmüşdür. Eyni zamanda, Bakı şəhər qəsəbələrində məktəb tikintisi ilə bağlı da Prezidentin ayrıca sərəncamı olmuşdur.Rayonun qəsəbələrində işıq, qaz, su problemləri öz həllini tapmaqdadır. Rayon rəhbərliyi bu problemləri daim nəzarətdə saxlayır.
Bu gün Sabunçu rayonu qəsəbələrində yeni, yaraşıqlı mənzillər inşa olunur. Müasir tipli inzibati binalar istifadəyə verilir. Maştağa qəsəbəsində salınmış Heydər Əliyev parkı rayon əhalisinin əsl istirahət guşəsinə çevrilmişdir.
Rayonda mütəmadi olaraq ictimai-siyasi və sosial əhəmiyyətli tədbirlər həyata keçirilir. 2010-cu il noyabrın 7-də Milli Məclisə növbəti seçkilər rayonda çox uğurla keçirilmişdir. Rayondakı 94 seçki məntəqəsinin hamısı vaxtında hazır vəziyyətə gətirilmiş, seçicilərin 48 faizi seçkilərdə iştirak etmişdir.
Mən rayonumuzda həyata keçirilən quruculuq işlərində Heydər Əliyev Fondunun xidmətlərini də nəzərə çatdırmaq istərdim. Bu fondun köməkliyi ilə rayonumuzda neçə-neçə məktəb, uşaq bağçası və digər sosial obyektlər tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Təkcə 2010-cu ildə Pirşağı qəsəbəsindəki 34 saylı poliklinika və təcili yardım stansiyası yenidən qurulmuş, yeni avadanlıqlarla təchiz olunmuşdur. Maştağa qəsəbəsindəki 21 saylı "Təbəssüm" uşaq sanatoriyası da həmin fondun vəsaiti hesabına yenidən qurularaq, müasir avadanlıqlarla təmin edilmiş və 2010-cu il yanvarın 21-də açılış mərasimində Mehriban xanım Əliyeva iştirak etmişdir.
Müstəqillik yolunda inamla irəliləyən Azərbaycanımızın bir parçası olan Sabunçu rayonu da inkişafının çox mühüm bir dövrünü yaşayır. Rayonda həyata keçirilən böyük quruculuq işləri onu deməyə əsas verir ki, yaxın gələcəkdə burada həyat daha da gözəlləşəcək, insanların rahat yaşamaları və işləmələri üçün əhəmiyyətli şərait yaradılacaqdır.
Martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə çıxış edən Prezident İlham Əliyev demişdir: "Qəsəbələrin inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik. Çünki Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir". Söz yox ki, Sabunçu rayonu qəsəbələrinin də gələcək inkişafı qəbul ediləcək Dövlət Proqramında öz əksini tapacaqdır.
Biz müstəqilliyimizin bərpasının 20-ci ilini yaşayırıq, və inanırıq ki, xalqımız böyük tarixi nailiyyətimiz olan bu müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün öz qüvvəsini səfərbər edəcəkdir.
Prezidentin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə bağlı sərəncamında il ərzində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Sabunçu rayonunda da belə tədbirlərin reallaşacağı şübhəsizdir.

{nl}

Mehriban ABASQULİYEVA, YAP Sabunçu rayon təşkilatının sədri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında