Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasəti yürüdür

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il 337 milyon istehsalatla əlaqəli bədbəxt hadisə baş verir və bu hadisələrdə təxminən 2,02 milyon işçi dünyasını dəyişir, 317 milyon nəfər isə peşə xəstəliklərindən əziyyət çəkir, nəticədə dünya iqtisadiyyatı ÜDM-nin 4 faizi miqdarında itkiyə məruz qalır. Bu acı statistika nəzərə alınmaqla, BƏT-in təşəbbüsünə əsasən, işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması üçün 2003-cü ildən  28 aprel -- Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir.

 Əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malik olan Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilir. 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib. 1997-ci ildə vətəndaşların əmək hüquqlarının, o cümlədən əməyin mühafizəsi hüququnun təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib. Məcəllənin 207-239-cu maddələri məhz əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini əhatə edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası əmək resurslarının səmərəli məşğulluq imkanlarına malik olmaları ilə yanaşı, işçi insanların əmək və sosial hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə şərait yaradıb. Bu sahədə ölkəmiz öz siyasətini mütərəqqi beynəlxalq standartlara uyğun qurur və ötən dövrdə Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 konvensiyasını ratifikasiya edib.

Qeyd edək ki, Azərbaycanın əmək qanunvericiliyində şəxsin işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, 15 yaşından 18 yaşınadək olan işçilər üçün bir sıra əlavə təminatlar, eyni zamanda, onların əməyindən istifadənin xüsusiyyətləri əksini tapıb. Yaşı 18-dən az olan işçilər üçün konkret normalar müəyyən edilir ki, həmin normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə onların cəlb edilməsi qadağandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan amilinin üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.

 Xidmət tərəfindən işçilər, habelə gənc işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır.  Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikamızın ayrı-ayrı regionlarında seminar-müşavirələr formatında məlumatlandırma tədbirləri davam etdirilir. Eyni zamanda, 28 Aprel--Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar bu günlərdə ƏƏSMN yanında DƏMX tərəfindən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə birgə işəgötürənlər üçün əməyinin mühafizəsinə dair seminar keçirilib.

Qeyd edilən tədbirlər çərçivəsində gənc işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmələrinin təmin edilməsi ilə bağlı qanunvericiliyin prinsipləri, onlar üçün iş yerlərində verilməli olan əlavə təminatlar da işəgötürənlərin diqqətinə çatdırılıb, əməyin mühafizəsi ilə bağlı ətraflı təbliğat-maarifləndirmə işləri aparılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında