Azərbaycanın xarici siyasət kursunda Avropa və Avroatlantika strukturları ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın və əlaqələrin formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyuldu. Bu əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirirdi.
Ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əsaslı addımlar atılır, mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir, qanunvericilik bazası getdikcə təkmilləşdirilirdi. Ulu öndər qeyd edirdi ki, sivil dünyaya inteqrasiya, dünya dövlətləri ilə sıx əməkdaşlıq və demokratik dövlət quruculuğu yolunda beynəlxalq təşkilatlara üzv olmaq zəruri məsələlərdəndir. Qüdrətli şəxsiyyət Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın xarici siyasət kursunda nüfuzlu beynəlxalq qurumlarla, Avropa və Avroatlantik strukturları ilə əməkdaşlıq prioritet sahələrdən birini təşkil edir.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin xarici siyasətində dünyanın nüfuzlu qurumları ilə əməkdaşlıq əsas vəzifələrdən birini təşkil edir. Belə nüfuzlu qurumlardan biri də Avropa Birliyidir. Azərbaycanın xarici siyasətində Avropa Birliyi ilə münasibətlərə xüsusi əhəmiyyət verilir. Avropa Birliyi "Şərq tərəfdaşlığı" proqramı, eləcə də qonşuluq prinsipi əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir.
Bu gün Avropa Birliyi dünya iqtisadi sistemində həlledici rol oynayır. Təsadüfi deyildir ki, dünyanın əsas aparıcı şirkətləri Avropa Birliyinə daxil olan ölkələrin nəzarətindədir. Ölkəmizin geopolitik durumu və getdikcə qüdrətlənən iqtisadi vəziyyəti digər nüfuzlu qurumlar kimi Avropa Birliyinin də diqqət mərkəzində olmuşdur. Bu qurum Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin genişlənməsində Azərbaycanın əhəmiyyətini qiymətləndirir. Artıq beynəlxalq aləmdə də Şərqlə Qərb arasında Azərbaycanın körpü rolu oynadığı qəbul edilir. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində ölkəmizin əhəmiyyəti getdikcə artır.
Hazırda Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir. Ümumiyyətlə, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoymuşdur. Bu saziş Azərbaycanla Avropa Birliyi və onun üzv dövlətləri arasında ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, eyni zamanda immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahələrində münasibətləri əhatə edən ümumi sazişdir.
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin aprel ayında imzalanmış və 1999-cu il iyulun 1-də bütün tərəflərin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Bu sazişin əsas məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və ölkədə bərabərhüquqlu fəaliyyət göstərən xarici və daxili iqtisadi operatorlar vasitəsilə açıq bazar əsaslı iqtisadiyyatın yaranmasını təmin etməkdir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən Azərbaycanla Avropa Birliyi arasında üç əsas qurum yaradıldı. Bu qurumlar Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və Parlament Əməkdaşlığı Komitəsidir.
Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəyə keçməsi Avropa qonşuluq siyasəti ilə başlandı. Bu siyasət 2004-cü ildən həyata keçirilir. Əsas məqsəd isə genişlənən Avropa Birliyi ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq, davamlı təhlükəsizlik və firavanlığı təmin etməkdir.
Azərbaycanın getdikcə artan iqtisadi potensialı ölkəmizin Avropa Birliyinə sürətli inteqrasiyasına geniş imkanlar yaradır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynaması beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyinə üzv dövlətlərin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtona görə, Böyük Britaniya Azərbaycanı Avropa Birliyindən kənar ölkələr arasında ən əhəmiyyətli tərəfdaş hesab edir. Avropalı diplomat deyib: "Böyük Britaniyanın Azərbaycanla çox güclü və dəyərli münasibətləri var. Bizim hökumət Azərbaycanı Avropa Birliyindən kənar dövlətlər arasında ən əhəmiyyətli ölkə kimi qəbul edir. Münasibətlərimizin əsasən neft-qaz sektorunu əhatə etməsinə baxmayaraq, düşünürəm ki, ikitərəfli əlaqələrimizin mahiyyəti bundan daha dəyərlidir. Biz Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında maraqlıyıq".
Son illər Azərbaycanda prezident, parlament və bələdiyyə seçkiləri zamanı şəffaflığın, demokratiyanın, habelə obyektivliyin təmin olunması ilə əlaqədar tətbiq olunan yeniliklər, dövlət başçımızın bu məqsədlə siyasi iradə nümayiş etdirməsi seçkilərin Avropa standartlarına uyğun keçirilməsinə zəmin yaradıb. Seçkiləri müşahidə etmiş avropalı ekspertlər də bunu yüksək dəyərləndirirlər. Bütün bunlar ölkəmizin Avropa Birliyinə inteqrasiyası istiqamətində atılmış qətiyyətli addımlardır.
Azərbaycanla Avropa Birliyinin sıx əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də öz müsbət təsirini göstərmişdir. Qeyd edək ki, dövlət başçımızın düşünülmüş xarici siyasəti bu sahədə də özünü büruzə vermişdir. Artıq bu qurum da münaqişənin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyir. 2010-cu ildə Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar qəbul etdiyi qərar Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqlədi.
"Avropa Birliyinin Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilib.
Avropa Komissiyasının Azərbaycanın ərazi bütövlüyünü tanıması qurumun prezidenti Xose Manuel Barrozunun bu yaxınlarda ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatda da öz əksini tapıb. X.M.Barrozu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. Onun səsləndirdiyi fikirləri olduğu kimi diqqətə çatdırırıq: "İcazə verin, onu da bildirim ki, Avropa İttifaqı, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik və etimadyaratma tədbirlərini maliyyələşdirməyə hazırıq". Avropa Komissiyasının prezidenti bu bəyanatı yerli və kütləvi informasiya vasitələrinin əməkdaşları qarşısında səsləndirmişdir.
Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və qiymətləndirilməsi məqsədi ilə həmin ərazilərə ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında beynəlxalq qiymətləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olub. Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri və aparılan danışıqların nəticəsində Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni bir mərhələyə keçidin təzahürü olan Azərbaycanla Avropa İttifaqı arasında müasirləşmə üçün tərəfdaşlıq sənədinin hazırlanmasına dair razılıq əldə edilib.
Azərbaycanın Avropa və Avroatlantik məkanın sülh və təhlükəsizliyini təmin edən ən nüfuzlu hərbi-siyasi təşkilat olan NATO ilə tərəfdaşlıq münasibətləri də inkişaf edib. 2010-cu ildə NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planının ikinci fazası rəsmi olaraq başa çatdırılıb. Bu çərçivədə nəzərdə tutulan tədbirlər Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilib. NATO ilə əməkdaşlıq mexanizmlərindən istifadə etməklə Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə vermək istiqamətində imkanlarını ardıcıl olaraq təkmilləşdirir və bu istiqamətdə real addımlar atılır.
Ötən dövr ərzində Azərbaycanın xarici siyasəti sahəsində bir-birinin ardınca uğurlar əldə olunmuşdur. Təkcə 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının ölkəmizə rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlərdə 50-yə yaxın dövlətlə yüzədək ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib.
Hazırda Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, qarşılıqlı münasibətlər inkişaf etməkdədir. Bunun nəticəsidir ki, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmdədir. Artıq bu istiqamətdə hüquqi baxımdan bir sıra addımlar da atılıb. Avropa Birliyi bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının getdikcə artması, bu sahədə zəngin resurslara malik olması Avropa Birliyinin ölkəmizlə münasibətdə viza rejiminin aradan qaldırılması imkanlarını ortaya qoyur.
Ölkəmiz hazırda Avropa ailəsinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı və Avropa İttifaqının "Şərq tərəfdaşlığı", həmçinin qurumun qonşuluq siyasəti üzrə proqramlarında fəal iştirakı Avropaya çoxtərəfli bağlılığını nümayiş etdirir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında