Suraxanıda akademik Zərifə xanım Əliyevanın 95-ci ildönümü münasibətilə konfrans keçirilib

Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zərifə Əliyeva – böyük alim, fədakar qadın, qayğıkeş ana” mövzusunda  konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib,  rayondakı Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə yaradılan guşədə  qoyulmuş büstü önünə tər güllər düzüb,   rəsm və kitab sərgisi ilə tanış olub, daha sonra isə “Elegiya” filminə baxıblar. 

Konfrans  Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. 

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan Əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik,  görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Dünya şöhrətli alim, bacarıqlı həkim, gözəl insan Zərifə xanım Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub.

 Qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işlərilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan, sevilən Zərifə xanım Əliyeva həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.

Təsadüfi deyildir ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyət də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri, dəyərli elmi fəaliyyəti daim xatırlanır.

Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə məruzə ilə çıxış edən Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlı bildirib ki, Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi. İnsanlara təmənnasız sevinc bəxş edən Zərifə Əliyeva vəfalı, sədaqətli ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

Məruzə ətrafında Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abiyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin rayon bölməsinin sədri Şövkət Xanməmmədova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova çıxış ediblər.

Konfransın işini yekunlaşdıran başçı İlqar Abbasov qeyd edib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır.

Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da əməyi böyükdür.

İstər ulu öndərimizin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində bu gün möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.

Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir.

Konfransın sonunda professor Aqiyə Naxçıvanlıya Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olunub.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında