Azərbaycanın iqtisadi inkişafı sosial ədalət prinsipləri ilə müşayiət olunur

Neqativ hallara qarşı ciddi mübarizə ölkəmizin daha da qüdrətlənməsinə, xalqın rifahının yaxşılaşmasına xidmət edir
Martın 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda nitq söyləyən Prezident İlham Əliyev ölkə ictimaiyyətinin böyük maraqla qarşıladığı və məmnunluqla qəbul etdiyi fikirlər səsləndirdi. Prezidentin yekun nitqi ilə tanış olan vətəndaşlar bir daha əmin oldular ki, dövlət başçısı 2011-ci ili Azərbaycan Respublikası üçün, sözün həqiqi mənasında böyük dönüş ilinə çevirəcəkdir.
İnsanların belə düşünməyə haqqı var. Çünki hələ yanvarın 14-də Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş geniş iclasında nitq söyləyən Azərbaycan Prezidenti narahatlıqla etiraf etmişdi ki, ölkənin möhtəşəm inkişafı fonunda məmurların və rəsmi şəxslərin korrupsiya və rüşvətxorluq kimi ağır bəladan yaxa qurtara bilməməsi faktları da mövcuddur və bu, tamamilə yolverilməz haldır. Xüsusilə, ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan özəl sektorun fəaliyyətinə yersiz müdaxilələrin və əsassız yoxlamaların qarşısının alınması vacib məsələ kimi gündəliyə gətirilmişdi.
Respublikanın qərb zonasına səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərdə dövlət başçısının bu fikirləri növbəti dəfə dilə gətirməsi bir daha sübut etdi ki, Azərbaycan korrupsiya və rüşvətxorluq kimi cəmiyyəti içindən çürüdən hallara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək. Daha bir neçə gün sonra isə Prezident sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların və əsassız müdaxilələrin qarşısının alınması məqsədiylə xüsusi sərəncam imzaladı. İnsanlar bir daha inandılar ki, dövlət özəl bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə etmək əzmindədir. O zaman biz öz təqdiredici fikirlərimizi, məmnunluğumuzu, eyni zamanda təkliflərimizi "Xalq qəzeti"nin hörmətli oxucuları ilə bölüşmüşdük. Budur, martın 1-də - ilin üçüncü ayı başlanan gün "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı birgə mübarizə aparmaq üçün Azərbaycan xalqına açıq şəkildə müraciət etdi: "Ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni genişləndirməkdir... Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin... Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm... Biz hamımız çalışmalıyıq ki, Azərbaycan müasir dövlətə çevrilsin, ölkəmizə yaraşmayan, ölkəmizi geriyə aparan, onun inkişafını əngəlləyən xoşagəlməz hallar Azərbaycanda olmasın".
Dövlət başçısının iqtisadiyyatın qüdrətli və möhtəşəm inkişafını sosial-ədalət, halallıq prinsipləri ilə paralel olaraq irəliyə aparmaq əzmi hamı kimi məni də məmnun etdi. Ancaq məni məmnun edən başqa bir cəhət də oldu. Belə ki, geridə qalan illərdə mənim bəşərin nicatına çağıran "Kəlamlar" adlı kitabım Azərbaycandan sonra Türkiyə Cümhuriyyətində və Rusiya Federasiyasında həmin ölkələrin öz dilində, böyük tirajla çap edilmiş, ziyalıların böyük əksəriyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin dövlət başçılarına hədiyyə edilən həmin kitabda cəmiyyət həyatının bütün sahələri kimi rüşvət və rüşvətxorlar haqqında da xüsusi bölmə vardır. Bu günlərdə Ankaradan professor Xeyrəddin İvgin, İstanbuldan professor, dünyanın minə qədər mətbuat vasitəsində bədii-publisistik yazıları verilmiş yazıçı İsa Kayacan, Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov və digər tanınmış şəxslər mənə zəng edərək Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin başlanması münasibətilə təbrik etdilər. "Sizin rüşvətə və rüşvətxorluğa qarşı arzu etdiyiniz mübarizə çin olur, ümidləriniz həyata keçir" - deyə məni təbrik edən dostların zəngi bir də ona görə dəyərlidir ki, bu zənglər dost və qonşu ölkələrdəki ziyalıların Azərbaycanda gedən ictimai-siyasi proseslərlə dərindən maraqlanmasının və bizə xoşbəxt gələcək arzulamasının təzahürüdür.
Azərbaycan dövlətinin başladığı bu möhtəşəm mübarizəni bir də ona görə alqışlayırıq ki, bu istiqamət Şərq müdriklərinin çağırışlarına, həyat prinsiplərinə uyğundur. "Kəlamlar" kitabında göstərilir ki, görülən bütün işləri Allah xatirinə və insanlıq naminə görməliyik. Mənim fikrimcə iqtisadi inkişafı, ordunun möhkəmləndirilməsini, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən Prezident İlham Əliyev yeni ilin ilk günlərindən atmağa başladığı daha mükəmməl addımlarla ölkəmizə yeni və möhtəşəm nüfuz qazandıracaqdır. Prezident İlham Əliyev Azərbaycanı keçmişdən gələcəyə aparan liderdir. Dövlət başçısının dediyi kimi, Prezident Administrasiyasına ölkənin bütün bölgələrindən məktublar gəlir. Bu, alqışlanmalı haldır. Dövlətə qarşı narazılıq yaradan halların qarşısının alınması vacibdir və dövlət bu addımı atdı.
Bu gün Prezident Administrasiyasına təşəkkür məktubları, şikayət məktubları və təkliflər göndərən insanların sırasına mən də qoşuluram və öz kiçik təkliflərimi məhz mətbuat vasitəsiylə oxucuların və rəsmilərin nəzərinə çatdırmaq istəyirəm.
Birinci, Prezidentin bizim üçün yaratdığı şəraitdən istifadə edərək cəmiyyətin daha da saflaşdırılmasında hamılıqla iştirak edək. Heç kəs bu mübarizədən kənarda qalmasın. "Kor gözü görməyənlər yox, görüb dərk etməyənlər, kar eşitməyənlər yox, eşidib anlamayanlardır". Biz gördük və eşitdik ki, dövlətin əsas rəmzlərindən olan milli valyutanın möhkəmləndirilməsi, dövlətimizin qüdrətləndirilməsi, iqtisadiyyatın əsasını təşkil edən özəl bölmənin müdafiə edilməsi, iqtisadi terror kimi qiymətləndirilən inhisarçılığın qarşısının alınması üçün kəsərli addımlar atılır. Onda biz nə üçün kənarda qalmalıyıq? İşlədiyimiz idarənin, yaşadığımız qəsəbənin, təmsil etdiyimiz şəhərin, vətəndaşı olduğumuz ölkənin, təmsil etdiyimiz xalqın, sakini olduğumuz planetin problemlərinin həllində hamımız məsuliyyət daşıyırıq.
İkinci, neft sektorunun ölkəyə gətirdiyi qazanca arxayın olan ölkələr sonradan həmin arxayınçılığın fəsadları ilə üzləşiblər. Biz dövlətin qeyri-neft sektorunun inkişafına qayğısından bəhrələnərək bütün sahələrin, xüsusən, kənd təsərrüfatının sürətli inkişafına nail olmalıyıq. Bu addım təkcə bizim maddi imkanlarımızı artırmayacaq, eləcə də bir sıra Avropa ölkələrində olduğu kimi, əhalinin daha gözəl, daha firavan kəndə axınını təmin edəcək.
Üçuncü, artıq Azərbaycan Prezidenti də daxil olmaqla, bir neçə ölkənin dövlət başçısı neftin qiymətinin iti sürətlə artmasından narahatlıq ifadə ediblər. Çünki dünyada neftin qiymətinin sabit qalması digər məhsulların qiymətinin də sabit qalmasnı təmin edər. Bu isə beynəlxalq maliyyə böhranından təzəcə çıxmış ölkələr üçün çox vacibdir. Allah nefti bu sərvətə sahib olan ölkələri sınamaq üçün göndərib, neftsiz ölkələrin bədbəxtliyi üzərində xoşbəxtlik tapmaq üçün yox. Ona görə də neftin qiymətinin sabit saxlanılması, soyuq aylarda hətta, bir qədər ucuzlaşdırılması tam ədalətli addım olardı və biz bu sahədə Azərbaycan Prezidentinin fikirlərini dəstəkləyirik. Bu addım ərzaq taxılından yanacaq alınması kimi təhlükəli tendensiyanın da qarşısını ala bilər.
İnanıram ki, 2011-ci il Azərbaycanda cəmiyyətin daha da demokratikləşdirilməsi, iqtisadiyyatın daha da çiçəklənməsi, hər bir vətəndaşın hüquqlarının daha yüksək səviyyədə qorunması ili olacaqdır. Geridə qalan iki ayda atılan addımlar bizim belə düşünməyimiz üçün tam zəmin yaradır. Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev haqlı olaraq deyirdi ki, rüşvətxoru, oğrunu müdafiə etmək öz xalqına xəyanət etməkdir.

{nl}

Hacı Fərhad MİRZƏ, yazıçı-filosof


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında