Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, nümayəndəliyin kollektivi əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarının üzərinə tər çiçəklər qoyublar.

Sonra daimi nümayəndəlikdə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb. Nümayəndəliyin rəhbəri qeyd edib ki, bu il görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Azərbaycan səhiyyəsinə misilsiz töhfələr vermiş, respublikamızın ictimai-siyasi həyatında fəal rol oynamış Zərifə Əliyevanın doğum günü böyük təntənə ilə qeyd edilir, onun parlaq, nurlu xatirəsi ehtiramla anılır. Zərifə xanım Əliyevanın Azərbaycanın qədim və dilbər guşəsində - ölkəmizə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, elm adamları bəxş etmiş bir torpaqda – Naxçıvanda doğulub boya-başa çatması hər birimiz üçün iftixar və qürur mənbəyidir. Zərifə xanım qədirbilən xalqımızın, onu yaxından tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi daim yaşayacaq. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib insan, həm də körpələri sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur. Onun ömrünün mənası insanların göz xəstəlikləri ilə düçar olduqları zülmət və qaranlığa qarşı mübarizə aparmaqdan ibarət olub, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurub. İnsanları zülmətin pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz örnəkdir.

B.Əsgərov diqqətə çatdırıb ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən bir daha bu dahi insanın hərtərəfli şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb, bundan sonra da yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir desək, yanılmarıq. Azərbaycan oftalmologiya elmini dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. İllər bir-birini əvəz etsə də əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmayacaq, daim ehtiramla yad ediləcək. O, həqiqətən buna layiq bir Azərbaycan alimi, fədakar Azərbaycan övladıdır. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin elmi-tibbi ictimaiyyətinin ona olan məhəbbətinin əbədiliyi artıq vaxt, zaman çərçivəsindən çıxaraq sonsuzlaşıb, daimiləşib. Akademik Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı məzarı üzərinə hər gün tər çiçəklər qoyulur, əziz xatirəsi yad edilir. Fərəhli haldır ki, akademik Zərifə Əliyevanın adını daşıyan və möhtəşəm elm, tədris, müalicə-diaqnostika, reabilitasiya mərkəzi kimi tanınan Milli Oftalmologiya Mərkəzi öz xeyirxah qapılarını həmişə xəstələrin, həkimlərin, tələbələrin, tədris və elmi-tədqiqat işçilərinin üzünə açaraq, regionlarımızda xeyriyyə müalicə-profilaktika tədbirlərinin keçirilməsi ənənəsini yaşadan nümunəvi tibb müəssisəsinə çevrilib. Mərkəzin əməkdaşları Zərifə Əliyeva ideyalarını ləyaqətlə yaşadır və davam etdirirlər. Onun bəşəri duyğularının saflığından süzülüb gələn şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik bəxş etməkdə davam edir. Akademik Zərifə Əziz qızı Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, Vətənimizin tarixində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş kimi, eləcə də məğrur Azərbaycan qadını, nurlu Azərbaycan anası kimi daim yaşayır və yaşayacaq.

Tədbir zamanı diqqətə çatdırılıb ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Dövlət xadimi, ictimai xadim Əziz Əliyevin ailəsində böyüyüb boya-başa çatmış, mənəvi yüksəkliyə ucalmış Zərifə xanım Əliyeva ömrünün sonunadək həyat yoldaşı Heydər Əliyevə mənəvi dayaq, arxa olub. Bu gün ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə səbəb məhz Zərifə xanımın layiqli vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı övladı, dünya şöhrətli Prezidentimiz İlham Əliyevdir. Zərifə xanımın ruhu bugünkü müstəqil Azərbaycanımıza, onun əldə etdiyi böyük nailiyyətlərə görə şaddır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında