Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Nəsimi rayonu

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə ölkəmizdə keçirilən anım mərasimlərinə silsilə tədbirlərlə qoşulan paytaxtın Nəsimi rayonu ictimaiyyəti unudulmaz alim və təbibə dərin ehtiramlarını onun xatirəsinə həsr olunmuş sərgidə də sayğı və məhəbbətlə ifadə etmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin “Qalereya – 1969”-da birgə təşkil etdiyi ekspozisiyada Azərbaycanın tanınmış rəssamlarının işıqlı obrazı ürəklərdə yaşayan Zərifə xanımın xatirəsinə həsr etdikləri əsərlər nümayiş etdirilir.

Mədəniyyət Nazirliyi və rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələri və tanınmış səhiyyə işçilərinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın zəngin və mənalı həyat yolu barədə ətraflı məlumat vermişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva  tibb elminin inkişafına mühüm töhfələri, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanmışdır. Unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə önəmli kömək göstərmiş, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynamışdır. Ümummillli lider Heydər Əliyevin sevimli ömür-gün yoldaşı Zərifə xanım həm də Prezident İlham Əliyevi böyüdüb-tərbiyələndirmiş böyük ana, xalqın dərin hörmət bəslədiyi ictimai xadim olmuşdur.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, çox sayda insanlara şəfa bəxş etmiş Zərifə xanım Əliyevanın nurlu obrazının təsviri sənətimizdə rəngarəng və mükəmməl formalarda əksini tapdığını söyləmişdir. Rəssamlarımızın böyük ilham və sevgi ilə yaratdıqları bu əsərlər Zərifə xanımın nadir kimliyini xalqımıza parlaq boyalarla təqdim edir və onun ölməz xatirəsini sənətdə illüstrasiyalaşdırır.

Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanış olan mərasim iştirakçıları görkəmli rəssamlarımızdan Oqtay Sadıxzadənin “Zərifə xanım Əliyevanın portreti”nə, Altay Sadıxzadənin “Mehriban xanımın portreti”nə, xalq rəssamları Mikayıl Abdullayevin, Səttar Bəhlulzadənin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, çağdaş fırça ustalarından Ucal Haqverdiyevin, Mais Ağabəyovun, Elçin Orucovun və digər rəssamların ana ucalığına, sevgiyə, övlad məhəbbətinə həsr etdikləri əsərlərə maraqla baxmışlar.

Bakı Musiqi Akademiyası tələbələrinin ifa etdikləri Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş, ülvi duyğuları tərənnüm edən musiqi nömrələri mərasimə təntənə və qədirbilənlik əhvalı gətirmişdir.

Sonda rayon məktəblilərinin Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş yazı müsabiqəsinin qalibləri Nəsimi RİH-in xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Suraxanı rayonu

 

Görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.

Növbəti tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında reallaşıb. Mərasimi giriş sözü ilə açan xəstəxananın baş həkimi Azər Məmmədov çıxış edərək deyib ki, tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınan simalarından olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Bugünkü tədbir də  Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Dünya şöhrətli alim, bacarıqlı həkim, gözəl insan Zərifə xanım Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub.

Azər Məmmədov qeyd edib ki, qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işləri ilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan, sevilən Zərifə xanım Əliyeva həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.

Təsadüfi deyil ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyət də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri, dəyərli elmi fəaliyyəti daim xatırlanır.

Tədbirdə xəstəxananın həkimləri Sülhiyyə Səmədova, Fizzə Qənbərli akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə ətraflı söhbət açıblar.

Mərasimdə səslənən fikirləri ümumiləşdirən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd edib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub. Akademik Zərifə xanım Əliyevanın böyük zəhmət hesabına ərsəyə gətirdiyi dərs vəsaitləri, dərsliklər, elmi monoqrafiyalar bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə dünya oftalmologiyasının sanballı xəzinəsinə çevrilib.

Akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu həkimlik etikasını uca tutub, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirib.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Oftalmoloq-alimin həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimizlə ­birgə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti ­Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Zərifə xanımın parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Tahir Aydınoğlu,
Mehdi Mükərrəmoğlu,
Vaqif Bayramov,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında