Nazirlər Kabineti bir sıra mühüm qərarlar qəbul etmişdir

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və infrastrukturun təkmilləşdirilməsi üçün Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir.
"Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, 2004-cü il 22 iyul tarixli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"nın 2-ci bəndinin on birinci abzasında "əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə)" sözlərindən sonra, "hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət" sözləri əlavə edilsin.
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli Fərmanının müvafiq bəndinə əsasən Nazirlər Kabineti "Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası"nı da təsdiq etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 7-ci abzasına uyğun olaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli qərarının 2-ci hissəsinin müddəti 2012-ci il yanvarın 1-dək uzadılsın. Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılmışdır ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanına əsasən və Təhsil, Səhiyyə nazirliklərinin təkliflərini nəzərə alaraq, Nazirlər Kabineti "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarına bəzi dəyişikliklər və əlavələr etmişdir.
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanına və Nazirlər Kabinetinin 2006-cı il 12 iyul tarixli qərarı ilə təsdiq edilmiş "Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları"na əsasən Nazirlər Kabineti Yevlax şəhəri, Kür çayının sağ sahilində, Sahil parkında yerləşən yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 santimetr olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilməsi və həmin ağacın Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılması barədə qərar qəbul etmişdir. Qərarda abidənin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün də müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Azərbaycanın yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanmasını tənzimləmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nı təsdiq etmişdir.
Xatırladaq ki, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında