Son illər qəbul edilmiş bir sıra dövlət proqramlarının həyata keıirilməsi nəticəsində ölkəmizin regionlarının sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturları yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sosialyönümlü obyektlər inşa edilmişdir. Əhalinin məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması müsbət nəticələrə gətirib çıxarmışdır. Bütün bölgələrimizin tarazlı inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması davamlı və dinamik inkişafı daha da sürətləndirmişdir.
Bakı şəhəri də qəbul edilmiş müxtəlif proqramlar çərçivəsində sürətlə inkişaf etməkdədir. Geniş tikinti-quruculuq işlərinin aparılması, dünya standartlarına cavab verən körpülərin inşası, əhalinin qaz, elektrik, su və istilik təminatının yaxşılaşdırılması istiqamətində son illərdə mühüm tədbirlər həyata keçirilmişdir.Bakının sürətli inkişafından bir qədər kənarda qalan ətraf qəsəbələrin hərtərəfli inkişafının təmin edilməsi də dövlət başçımızın daim diqqət mərkəzindədir.Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bu barədə ətraflı danışılmışdır.
Müşavirədə son illər görülmüş işlər barədə ətraflı söhbət getmişdir. Bildirilmişdir ki, əhalinin mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə son illərdə Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verilmiş, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlər insanların sosial şəraitinə öz müsbət təsirini göstərmişdir.
Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası böyük əhəmiyyətə malikdir. Su kəməri tam işə düşdükdən sonra paytaxt qəsəbələrinin əhalisi içməli su ilə təmin ediləcəkdir.Bundan başqa, Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatını 2 dəfə yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır.
Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Nəqliyyat sisteminin inkişaf etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etmək üçün əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsindən ibarətdir.
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı şəhərinin sərnişin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnişin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.
Son illər ərzində Bakı şəhərində bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verilmiş,Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən Bakı dairəvi yolunun, Əzizbəyov metro stansiyası dairəsindən Heydər Əliyev Hava Limanına qədər avtomobil yolunun tikintisi paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Sakinlərin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində də bir sıra işlər aparılmış, o cümlədən "Nəsimi", "Azadlıq prospekti" stansiyaları inşa olunmuş, "İçərişəhər" və "28 May" stansiyaları yenidən qurulmuşdur.
Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi tədbirləri həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz olunmuşdur.Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.
Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb etmişdir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrinin həyata keçirilməsi istiqamətlərində görülən işlər bu qəbildəndir.
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtətrafı qəsəbələrin inkişafına bundan sonra da diqqət göstəriləcəyini vurğulamış,yol-nəqliyyat sistemində görülən işləri yüksək dəyərləndirmişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir... Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir.
Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi".
Müşavirədə bir sıra ciddi məqamlara da toxunulmuşdur.Göstərilmişdir ki, Bakı qəsəbələrində işsizlik probleminin həll edilməsi üçün son vaxtlar müəyyən işlər görülsə də, bu problem öz aktuallığını saxlamaqdadır. Qəsəbələrdə işsizlik problemini aradan qaldırmaq üçün yerli sakinlərin tarix boyu məşğulluq ənənələrinə uyğun olaraq, vaxtilə geniş yayılmış təsərrüfatları bərpa etmək, əhalini bu işlərə cəlb etmək vacibdir. Vaxtı ilə Bakının qəsəbələri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, müxtəlif sənətkarlıq məhsullarının istehsalı ilə məşhur idi. Məsələn,bir zamanlar Bilgəh qəsəbəsində zəfəran yetişdirilməsi, Maştağada gülçülük-tərəvəzçilik, Nardaranda xalçaçılıq, gülçülük, balıqçılıq, Zirə və Qalada heyvandarlıq, bostançılıq, Hövsanda tərəvəzçilik məşhur idi. Başqa şəhərətrafı qəsəbələrdə də bunlara bənzər işlər geniş vüsət almışdı. Odur ki, qəsəbələrdə belə təsərrüfatları bərpa edib, əhalini həmin sahələrə cəlb etmək əhəmiyyətli olardı. Eyni zamanda, qəsəbələrdə müxtəlif təyinatlı istehsal sahələri yaratmaq və sahibkarlığın inkişafına əlavə stimullar verməklə işsizlik problemini tamamilə həll etmək olar.
Bakı qəsəbələrinin ən əsas problemlərindən biri də bu yaşayış məntəqələrinin əksəriyyətində tarix boyu kanalizasiya sisteminin olmamasıdır.Bu isə əhalinin yaşayışına, onların qədimdən istifadə etdikləri içməli su quyularına, ətraf mühitə öz mənfi təsirini göstərir və qrunt sularının qalxmasına səbəb olur. Bakı qəsəbələrində müasir kanalizasiya sisteminin yaradılması və əhalinin içməli su ilə təmin edilməsi bu yaşayış məntəqələrinin bir çox problemlərinin həllinə gətirib çıxaracaqdır.
Yeri gəlmişkən , mütəxəssislərin fikirincə,Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı geoloji, ekoloji və sanitar tələblər nəzərə alınmaqla, onların kommunal, istirahət, istehsal sahələrinin, bütün növ nəqliyyat, mühəndis-kommunikasiya xətləri və qurğularının, idman, səhiyyə, təhsil və digər sosial obyektlərinin yerləşməsini müəyyən edən plan əsasında həll olunmalıdır.
Məlumdur ki, sosial-iqtisadi inkişafda, əhalinin yaşayış səviyyəsinin yüksəlməsində elmin, təhsilin, səhiyyənin, idman və mədəni istirahət ocaqlarının olması çox vacibdir. Azərbaycan Prezidentinin qayğı və köməyi nəticəsində şəhərətrafı yaşayış məntəqələrində bu sahədə son vaxtlar xeyli iş görülmüşdür. Qəsəbələrdə müasir tələblərə cavab verən yeni təhsil və səhiyyə,idman obyektlərinin istifadəyə verilməsi bunun daha bir parlaq nümunəsidir.
Müşavirədə Prezident İlham Əliyev yeni iş yerlərinin açılması, qəsəbələrdə infrastrukturun daha da müasirləşdirilməsi, bir sıra mühüm layihələrin reallaşdırılması üçün maliyyə məsələləri ilə bağlı tapçırıqlarını da vermişdir. Dövlət başçısı demişdir: "Mən artıq müvafiq göstərişləri verdim, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə. Çünki biz əsas vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bölgələrə yönəldirik. Mən təklif etdim və indi tapşırıq verdim ki, o vəsaitdən Bakı qəsəbələrinə də kredit şəklində verilməlidir. Yaxud Bakı qəsəbələrinin inkişafı üçün xüsusi bir kredit fondu yaradıla bilər. Biz bu kredit fondundan yalnız kiçik və orta sahibkarlığın inkişafı üçün istifadə etməliyik. Hər halda, indi İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, yaxın zamanlarda öz təkliflərini verəcəkdir. Mən hesab edirəm ki, bu gün səslənən və bundan sonra daha çox yerlərdən veriləcək bütün təkliflər təhlil edilməlidir. Elə etməliyik ki, Novruz bayramından sonra bu proqramı təsdiq edək. O vaxt - güman edirəm ki, aprel ayında dövlət büdcəsinə əlavələr ediləcəkdir. Çünki indi maliyyə imkanlarımız genişlənir və biz bu il görülə biləcək işləri gələn ilə saxlamamalıyıq. Ona görə bu proqram da ən uzağı aprel ayında tərtib olunmalıdır ki, dövlət büdcəsində öz əksini tapsın. Mən iş yerlərinin açılması ilə bağlı yerli və xarici investorları da dəvət edirəm ki, Bakı qəsəbələrində investisiya qoysunlar. Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətini o məqsədlə yaratdıq ki, xarici investorları cəlb etsin, bizə lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni, İnvestisiya Şirkəti də bu işlərə qoşulmalıdır..."
Prezident İlham Əliyev qəsəbələrdə ənənəvi təsərrüfat sahələrinin inkişafının zəruriliyini də diqqətə çatdırmışdır: "Hesab edirəm ki, zeytunçuluq inkişaf etməlidir. Bunun gözəl ənənələri vardır və təbii iqlim də buna müsaidə edir. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması prosesi sürətlə getməlidir. İndi Azərbaycanda zeytun istehsalı sürətlənir. Bakı qəsəbələrində bunu etmək üçün çox yaxşı imkanlar vardır.
Quşçuluq fabriklərinin yaradılmasına artıq başlanmışdır. Bəzi qəsəbələrdə quşçuluq fabrikləri işə salınır. Bütövlükdə biz hələ ki, quş əti ilə özümüzü təmin etmirik, haradasa 80 faiz səviyyəsində təmin edirik. Mən göstəriş vermişəm ki, quşçuluğun inkişafı üçün əlavə vəsait ayrılsın, o cümlədən Bakı qəsəbələrində biz bu məsələyə baxmalıyıq. Yerli istehsal, eyni zamanda, qiymətlərin sabit vəziyyətdə saxlanmasına da şərait yaradacaq, hər halda yaratmalıdır".
Dövlət başçısı çıxışında son vaxtlar narahatlıq doğuran bir məqama da toxunmuşdur: "Bəzi hallarda biz inhisarçılıqla bağlı mübarizəmizi ancaq idxal olunan malların gətirilməsində görürük. Burada həqiqət və ədalət vardır. Biz inhisarçılıqla bağlı ciddi mübarizəni aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir ki, son illər ərzində ölkəmizdə görülən işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət nəticəsində bizdə yerli istehsal böyük dərəcədə artıbdır.
Biz indi özümüzü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edirik. O məhsullarla ki, təmin etmirik biz onu da bilirik, yaxın zamanlarda onu da təmin edəcəyik. Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada "Kartel sövdələşməsi" deyirlər. Bu, sırf "Kartel sövdələşməsi"nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar".
Prezident İlham Əliyev müşavirədə əminliyini bildirmişdir ki, qaldırılan məsələlər, irəli sürülən təkliflər, habelə yeni proqramın qəbulu yaxın gələcəkdə şəhərətrafı yaşayış sahələrinin daha da gözəlləşməsinə, daha da abadlaşmasına səbəb olacaqdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.