ABŞ Azərbaycanlıları Şəbəkəsi "Azərbaycanlıların Soyqırımı Günü"nün tanıtım kampaniyasına başlamışdır

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) martın 31-nin Amerikada "Azərbaycanlıların Soyqırımı Günü" kimi anılması üçün növbəti kampaniyaya başlamışdır. Azərbaycan mənşəli Amerika seçicilərini birləşdirən şəbəkənin səyləri ABŞ-ın Nevada ştatında martın 31-nin qubernator tərəfindən "Azərbaycanlıların Soyqırımı Günü"nün anılması tarixi kimi elan edilməsi, bu barədə yerli mətbuat vasitələrində məqalələrin çap edilməsi ilə nəticələnmişdir.
USAN üzvləri bu il də ABŞ-ın federal və yerli qanunverici və icra orqanlarına, mətbuat vasitələrinə, ictimai mərkəzlərinə ünvanladığı məktublar vasitəsilə Amerika ictimaiyyətini "Azərbaycanlıların Soyqırımı Günü"nün tarixi ilə tanış etməyə çalışırlar. Onlar XX əsrdə ermənilərin məqsədyönlü soyqırımı siyasəti nəticəsində qətlə yetirilən bir milyonadək azərbaycanlının xatirəsini anmağa, ümumiyyətlə, ermənilərin Qara, Xəzər və Aralıq dənizləri arasında "böyük Ermənistan" yaratmaq xülyasının qurbanına çevrilən 2,5 milyon azərbaycanlı, kürd, türk, yəhudi, gürcü, çərkəz, tat, talış, ləzgi və digər millətlərin nümayəndəsini unutmamağa, bununla bağlı bəyanatlar, məqalələrlə çıxış etməyə çağırmışlar.
USAN üzvləri tarixə "Mart hadisələri" kimi düşən 1918-ci il martın 31-dən aprelin 1-dək ermənilər tərəfindən Azərbaycanın paytaxtı Bakıda və müxtəlif bölgələrdə həyata keçirilən qırğınları ABŞ-da bir sıra tarixi kitablarda və mənbələrdə əksini tapan faktlarla tanıtdırır. Belə ki, tanınmış amerikalı tarixçi Castin MakKarti "Ölüm və Sürgünlük: 1821-1922-ci illərdə Osmanlı Müsəlmanların Etnik Təmizlənməsi" kitabında yazır ki, "1918-ci il martın 30-dan aprelin 1-dək azərbaycanlılara hücum edilmişdi. Bakı şəhərinin müsəlman əhalisinin təxminən yarısı şəhərdən çıxmağa məcbur olmuşdu. Təkcə Bakıda səkkiz minlə on iki min nəfər arasında müsəlman qətlə yetirilmişdi".
Hətta ABŞ-ın o zaman İstanbuldakı diplomatik nümayəndəsi Mark Bristolun ABŞ Konqresi kitabxanasında "Bristolun kağızları" adı altında saxlanılan sənədlərində deyilir ki, "daşnaklar hakimiyyətdə olarkən 1918-1920-ci illərdə türklərə hücum edərək qazanı qaynar saxlamaq üçün əllərindən gələni etmiş, müsəlmanları qırmış, evlərini dağıtmışdılar". Bristol yazırdı: "Mənim bilavasitə əldə etdiyim məlumata görə, ermənilər Qafqazda müdafiəsiz azərbaycanlı kəndlərinə hücum etmiş, artilleriyadan onlara atəş açmış, sakinlərini qətlə yetirmiş, kəndlərini dağıtmış, daha sonra əksər hallarda yandırmışlar".
1918-ci ilin faciəli hadisələrinə dair ilk ətraflı elmi araşdırma ilə çıxış edən nüfuzlu Yeyl Universitetinin tarix professoru Friuz Kazımzadə isə "Transqafqaziya uğrunda mübarizə" kitabında yazır: "Ermənilər tərəfindən üç gün ərzində aparılan qırğın tarixə "Mart hadisələri" kimi daxil olmuşdur və minlərlə müsəlman - qoca, qadın, uşaq həyatlarını itirmişdir". Professor Kazımzadə davam edir: "Həqiqət budur ki, ermənilər bolşevizm görüntüsü altında müsəlmanlara hücum edərək bir neçə gün ərzində 12 mindən artıq insanı qətlə yetirmişlər. Mart hadisələri Azərbaycanın bütün ərazisində həyata keçirilən belə qırğınlarla tarixə düşmüşdür".
USAN üzvlərinin müraciətində o da bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hakimiyyət mart hadisələrini araşdırmışdır. 1919-1920-ci illərdə AXP martın 31-ni ümumxalq matəmi günü elan etmişdir. Bu, azərbaycanlılara qarşı soyqırımı siyasətinə verilən ilk siyasi və hüquqi qiymət idi. 1919-cu ildə hələ dünyanın heç bir xalqı azərbaycanlılar kimi bəşəriyyətə qarşı törədilən belə cinayəti soyqırımı kimi anmırdı. Sovet illəri ərzində martın 31-ni ana bilməyən Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra bu tarixi təqvimi də bərpa etmişdir. İndi martın 31-də tək 1918-ci ilin mart hadisələri deyil, Azərbaycan xalqına qarşı XIX və XX əsrlərdə həyata keçirilən soyqırımı siyasətinin bütün qurbanları və acınacaqlı nəticələri anılır.
Qeyd edək ki, martın 9-da Türk Amerikan Dərnəkləri Assosiasiyasının Vaşinqtondakı baş qərargahı da bəyanatla çıxış edərək erməni terrorunun daha bir qurbanını - Yuqoslaviyada 1983-cü ildə qətlə yetirilən türk diplomatları və Belqrad sakinlərini anmağa çağırmışdır. O zaman Andranik Boqosyan (Harutyun Levonyan kimi də tanınır) və Rafi Əlbəkyan Belqradda Türkiyənin səfiri Qalib Balkara atəş açaraq onu qətlə yetirmiş, köməkçisi Nicat Kayarı isə ağır yaralamışdılar. Əlbəkyan hadisə yerindən qaçarkən ətrafdakılara da atəş açaraq, gənc yuqoslaviyalı tələbəni də qətlə yetirmiş, kiçik qızı yaralamışdı. Hadisələrə görə məsuliyyəti "Erməni Soyqırımına Ədalət Kommandoları" adlı təşkilat üzərinə götürmüşdü. Andranik Boqosyan və Rafi Əlbəkyan 20 il məhkum olsalar da, cəmi dörd ildən sonra azadlığa buraxılmışlar. Daha sonra onlar Yunanıstan, Cənubi Kipr və Livanda gizli yaşamışlar. Hazırda Andranik Boqosyan Yerevan sakinidir və ASALA erməni terror təşkilatı ilə əlaqələrini davam etdirir. Türk Amerikan Dərnəkləri Assosiasiyası günahsız insanlara qarşı bu zorakılığı pisləmiş, faciə qurbanlarının xatirəsini hüznlə anmağa çağırmışlar.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında