İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzi yaradılır

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər və idman nazirlərinin “Gənclərin inkişafı üçün fəaliyyətlərdə həmrəylik” mövzusunda Bakı şəhərində  keçirilən dördüncü toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İƏT baş katibinin iqtisadi və hüquqi məsələlər üzrə müavini Həmid Opelayeru  ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. 

Nazir səlahiyyətlərini icra edən Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dayanıqlı və uzunmüddətli inkişafının təmin olunmasına yönələn məqsədyönlü islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb. Bildirib ki, aparılan islahatlar nəticəsində postenerji dövrünə xas uğurlu idarəetmə sisteminin formalaşması və milli iqtisadiyyatın şaxələndirilməsi şəraitində neftdən asılı olmayan iqtisadi inkişaf tempi əldə olunub. Dövlət başçısının sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təminatının başlıca prioritetlərdən biri olması iqtisadi islahatların işçi qüvvəsinin daim artdığı şəraitdə əmək bazarında sabitliyin davam etməsi ilə müşahidə olunmasına imkan verib.

S.Müslümov ölkəmizin əmək bazarında uzunmüddətli inkişaf meyillərinin təmin olunması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, peşə və ixtisas təhsili sisteminin iqtisadiyyatın inkişafına və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə aparılan işləri, cari ilin əvvəlindən formalaşan işsizlikdən sığorta sisteminin maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.

Layiqli əmək üçün vacib faktorlardan olan işçi qüvvəsinin bacarığının artırılması yönündə görülən işləri qeyd edən S.Müslümov Azərbaycanın İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu, həmçinin İSESCO, müsəlman ölkələrini birləşdirən digər mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələrin getdikcə genişləndiyini vurğulayıb. O bildirib ki, bu gün İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyası və s. kimi ümumi maraq kəsb edən məsələlər mövcuddur: “Bununla yanaşı, İƏT-in mənzil-qərargahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması əmək və məşğulluq sahəsində aktual məsələlərin həlli ilə bağlı Təşkilata üzv ölkələr arasında əməkdaşlığın təşviqində fəal və müstəsna platforma yaradacaq. İƏT-in beynəlxalq statuslu bu Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsini 10 üzv ölkənin imzalaması tələb olunur ki, son illərdə artıq Türkiyə və Azərbaycan tərəfindən həmin sənəd imzalanıb”.

H.Opelayeru Azərbaycanı müasir və daim inkişaf edən bir ölkə kimi görməkdən məmnunluğunu vurğulayıb. O, İslam dəyərlərinin təbliğinə və İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verən ölkəmizin İƏT-lə fəal əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında