YUNESKO alimlərimizin elmi işlərini yüksək qiymətləndirmişdir

Artıq nanotexnologiya dünya elminin çox aktual sahəsinə çevrilmişdir. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri həddən artıq çoxdur: ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi.
Neft sahəsində nanotexnologiyanın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan dünya bazarına xam neft ixrac edən iri təchizatçılardan biridir və neft sənayesi ölkəmizin iqtisadiyyatının yüksəlişində başlıca yer tutur.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, müəllifləri Azərbaycanın görkəmli alim və mütəxəssisləri Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov olan "Neft sənayesində nanotexnologiya (fundamental elmi araşdırma, ixtira və tətbiq)" adlı elmi iş YUNESKO tərəfindən yüksək qiymətləndirilmiş, ona qurumun bu günlərdə işıq üzü görmüş "Nanoelm və nanotexnologiyalar ensiklopediyası" kitabında 17 səhifəlik yer ayrılmışdır.
1000 səhifə həcmində hazırlanmış ensiklopediyanın baş redaktorları dünya şöhrətli alimlər - Sergey Kapitsa (Rusiya), Osama Avadelkərim (ABŞ) və Çunli Baydır (Çin). Kitabın mündəricatı 4 bölmədən ibarətdir: elmi əsaslar, nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət. Azərbaycan alimlərinin elmi işi ensiklopediyanın "Nanotexnologiyalar" bölməsində yerləşdirilmişdir.
BDU-nun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən birgə aparılmış araşdırmalar nəticəsində neft sənayesinin texnoloji proseslərində nanotəsir və nanomühitin tədqiqi əsasında texniki-texnoloji və iqtisadi göstəricilər ciddi surətdə yaxşılaşdırılmışdır. Metal nanohissəciklərin əsasında yaradılmış yeni sistemin tətbiqi nəticəsində kiçik hasilatlı və yüksək dərəcədə sulaşmış quyularda neft hasilatının 2,0-2,5 dəfə artmasına nail olunmuşdur.
Alim və mütəxəssislərimiz tərəfindən müəyyən edilmişdir ki, nanotexnologiyanın tətbiqi nəticəsində səthi gərilmə 70 faizə, duz çökməsi 60 faizə qədər azalmış, asfalt-qətran-parafin çöküntülərinə qarşı mübarizədə effekt artmış, nəticədə sinergetik effekt hesabına məhsuldar laylarda neftin hərəkət etməsində sürət 50 faizə qədər yüksəlmişdir. Qazma texnologiyasında isə "gil qabığı-qazma aləti" kontaktında sürtünmə əmsalı kəskin azalmış, hidrofob səthinin islanması 25 faizdən çox artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında