Dövlət Əmək Müfəttişliyi Xidməti seminar-müşavirələr təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.

Lənkəranda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən tədbirdə DƏMX-nin və  9 saylı region (Lənkəran, Astara, Lerik) üzrə Dövlət Əmək Müfəttişliyinin, rayon polis şöbəsinin, Lənkəran, Lerik və Astara rayon təhsil şöbələrinin, Lənkəran şəhər Peşə Liseyinin, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, həmin rayonlardakı ayrı-ayrı işəgötürənlərin nümayəndələri, yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər. Xidmətin sektor müdiri Emil Allahverdiyev uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər barədə maarifləndirmənin aparılmasının önəmini qeyd edib, hazırkı tədbirin də bu məqsədə yönəldiyini vurğulayıb.

Seminar-müşavirədə ölkəmizin 2004-cü ildən Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” konvensiyasına qoşulduğu, uşaq əməyinə münasibətdə Azərbaycanda mütərəqqi beynəlxalq normalara uyğun qanunvericiliyin mövcud olduğu qeyd edilib. BƏT-in məlumatına əsasən dünyada 246 milyondan çox 5 yaşından 14 yaşına qədər uşaq əmək fəaliyyəti ilə məşğuldur. Həmin uşaqlardan təxminən 180 milyonu təhlükəli şəraitdə çalışır və onların əməyindən qanunsuz istifadə edilir. Həmçinin 75 milyondan çoxu ibtidai təhsil almadan erkən yaşlarda əməyə cəlb edilmiş uşaqlardır. Azərbaycanda isə aparılan fəal dövlət siyasəti, aidiyyatı qurumların həyata keçirdikləri birgə tədbirlər uşaq əməyinin istismarı hallarının minimuma enməsinə imkan verib. 

Tədbirdə uşaq əməyinin ən pis formaları, onların mənfi nəticələri, ümumən cəmiyyətə vurduğu ziyan barədə məlumat verilib, eyni zamanda, ev işlərində, tətil zamanı ailə təsərrüfatlarında valideynlərə köməklik göstərilməsi və s. məqsədilə uşaqların gördüyü işlərin uşaq əməyi kimi səciyyələndirilmədiyi diqqətə çatdırılıb.  Qanunvericilikdə 15--18 yaşınadək olan uşaqlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib.

Masallıda Heydər Əliyev mərkəzində “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda təşkil olunan seminar-müşavirədə Yardımlı, Cəlilabad, Biləsuvarda fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Tədbirdə əmək normaları və onların tətbiqi, dəyişdirilməsi, onlara yenidən baxılması, əməyin işəmuzd ödənilməsində qiymətlər, müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik və ya saatlıq tarif maaşının müəyyən edilməsi qaydaları və s. barədə məlumat verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında