Xətai rayonu
11 aprel təkcə Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü yox, həm də Azərbaycan vətəndaşlarının öz vəzifələrinin icrasına münasibətlərinin növbəti sınaq günü idi. Xalqımız müstəqillik illərində bu sınaqdan alnıaçıq çıxdığını dəfələrlə sübut etmişdir. Əmin idim ki, bu dəfə də sınaqdan üzüağ çıxacaq və səltənətin daha möhtəşəm bir demokratiya nümunəsini dünyaya nümayiş etdirəcəyik.
Elə bu düşüncələr içində 11 aprel gününün ruhu oxşayan sübh şəfəqləri altında Xətai rayonundakı 36 saylı Dördüncü Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinə üz tutduq. Seçkilərin müşahidəsinə məhz bu məntəqədən başlamağımızın bir özəlliyi onda idi ki, məntəqə nəinki Azərbaycanın müstəqilliyinin memarı və qurucusu, eyni zamanda ölkədə demokratik dəyərlərin bərqərar olması yolunda müstəsna xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin adını daşıyan liseydə yerləşirdi.
KİV əməkdaşı kimi qeydiyyatdan keçib, müşahidəçilərin və mətbuat nümayəndələrinin yer aldığı guşədən səsvermə prosesinin gedişini izləməyə başladım. Məntəqənin saat 8:00-da açılmasına baxmayaraq, elə ilk dəqiqələrdən seçicilərin kütləvi axını komissiya üzvlərini gərgin işləməyə səfərbər edirdi. Qapıdaca məntəqəyə daxil olan seçicilərin baş barmaqları xüsusi elektron qurğu ilə yoxlanır, bu məntəqədə qeydiyyatda olduğu dəqiqləşdiriləndən sonra barmağı şəffaf mürəkkəblə boyanaraq bülleten almaq üçün müvafiq komissiya üzvünün stoluna yönəldilirdi.
36 saylı Dördüncü Seçki Dairəsinin sədri Tahir Süleymanovun məntəqədə ilk səsvermə prosesini izləməsindən istifadə edib seçici sayı və ümumi seçki fəallığı barədə məlumat verməsini xahiş etdik. T.Süleymanov bildirdi ki, rəhbərlik etdiyi seçki dairəsində 36 seçki məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələrdə də 44 min 265 seçici qeydiyyata alınmışdır. Dairə üzrə seçki prosesini 369 yerli, ATƏT, MDB və bir sıra digər təşkilatlardan olan 10-dan çox müşahidəçi izləyir. Sədr ilk saatda məntəqələrdən aldığı məlumatlara istinad edərək bildirdi ki, ötən illərdə keçirilmiş seçkilərdən fərqli olaraq, seçicilərin böyük fəallığı müşahidə edilməkdədir.
Sədrlə söhbətimizi bitirməmiş, xarici ölkədən gəlmiş müşahidəçinin məntəqədə qeydiyyatdan keçdiyini bildirdilər. Tanış olmaq və ilk təəssüratlarını bölüşmək üçün ona yaxınlaşıram. İspaniya senatının üzvü, “CİFDE” təşkilatının nümayəndəsi Zeleya Kastro Pio Romula deyir:
– Ümumiyyətlə Azərbaycana ilk dəfədir ki, səfər edirəm. Çox məmnunam ki, bu səfər Azərbaycan üçün çox əlamətdar bir hadisəyə - prezident seçkilərinə təsadüf edib. Bu vaxta qədər Peruda, Kolumbiyada və bir sıra başqa ölkələrdə beynəlxalq müşahidəçi kimi iştirak etmişəm. Bu gün iki-üç saat ərzində bir çox seçki məntəqələrində apardığım müşahidələrimdən sonra deyə bilərəm ki, ölkənizdə seçkilər çox yüksək səviyyədə təşkil edilmişdir. Hər şey normal davam edir. Hələ ki, heç bir qanun pozuntusu, heç bir problemlə qarşılaşmamışam. İlk saatlardan seçicilərinizin fəallığı, demokratik ab-hava və şəffaflıq mənə xoş təsir bağışladı.
Məntəqə komissiya üzvlərinin bir dəqiqə də olsun boş vaxtı yoxdur. Səsvermədən saat yarımdan çox vaxt keçir. İlkin nəticəni öyrənmək üçün məntəqə komissiyasının sədri Arzu Quliyevaya üz tuturuq:
– Məntəqəmizdə 1333 nəfər seçici qeydiyyata alınmışdır ki, onlardan 5 nəfəri bu mühüm siyasi kampaniyada ilk dəfə iştirak edən gənclərdir. Gördüyünüz kimi, ilk dəqiqələrdə məntəqədə böyük seçici fəallığı müşahidə edilir ki, bu da vətəndaşlarımızın yüksək seçki mədəniyyətindən, onların bu mühüm siyasi kampaniyaya böyük əhəmiyyət verməsindən xəbər verir. İkinci bir məsələ isə müvafiq qurumların seçkilərin keçirilməsi sahəsində qazandıqları yüksək təcrübəyə əsaslanaraq, mümkün və lazımi tədbirləri peşəkarlıqla həyata keçirmələridir.
A.Quliyeva məlumat verdi ki, saat yarıma səs verənlərin sayı artıq 150-ə çatmaqdadır və bu proses çox fəal şəkildə davam edir. Vətəndaşlarımız çox böyük həvəslə məntəqələrə gəlir və öz seçimlərini edirlər.
Səsvermə davam edir. Ağ kəlağayılı yaşlı qadın gülərüzlə səsvermə salonundan həyətə çıxır. Əlimdəki diktafondan və fotoaparatdan jurnalist olduğumu başa düşərək dərhal deyir:
- Ay bala, mən İlhamıma səs verdim. Onu qoyub kimə səs verəsiyəm ki?! Bu artıq dördüncü seçkidir ki, mən ona səs verirəm. Ömür vəfa eləsə gələn seçkidə də İlham Əliyevə səs verəcəyəm.
Ömrüm vəfa etsə sözündən bir qədər karıxıb Səlimə nənənin yaşını soruşuruq. “Bu il 80 yaşım tamam olur”, – deyir Səlimə İsmayılova. – O, bu ölkəni ağ günə çıxaran, əmin-amanlıq yaradan Heydər Əliyevin oğludu a bala. 15 ildir onun yolunu da gedir…” Səsvermədən sonra çıxıb sözünü bu şəkildə demək istəyən çox idi. Amma bunu qara niyyətli adamlar seçki qaydalarının pozuntusu kimi qiymətləndirəcəklər deyə, çoxu gizlinini elə bülletendə bəyan etməyi daha vacib hesab edirdi.
Günün birinci üç saatında 36 saylı Dördüncü Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi ilə yanaşı, 3,5,6,7,9 saylı seçki məntəqələrində də olduq. Təkcə biz yox, elə xarici müşahidəçilər də bütün məntəqələrdə yüksək seçki fəallığı ilə yanaşı, seçki qaydalarına ciddi əməl edilməsini, heç bir qanun pozuntusuna yol verilmədiyini etiraf etdilər. 9 saylı seçki məntəqəsində olarkən MDB müşahidə missiyasının üzvləri və bir çox xarici müşahidəçilər də burada idilər. MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev qəzetimiz üçün verdiyi eksklüziv müsahibəsində dedi:
– Bizim müşahidə missiyasında 8 ölkədən 221 nəfər iştirak edir. Biz təkcə seçkilərin gedişini yox, həm də, martın 20-dən başlayaraq, seçkilərə hazırlıq işlərini izləyirik. Bütün səviyyələrdə bu seçkilərə çox yüksək hazırlıq işləri görülmüşdür. Müxtəlif seminarlar, elmi-praktik konfranslar keçirilmişdir. Biz bir çox seçki məntəqələrinin üzvlərinə bu seçkilərin keçirilməsi ilə bağlı çoxlu suallar verirdik. Onların cavablarından aydın olurdu ki, bu seçkilərə çox mükəmməl hazırlaşmışlar. Bu hazırlığın nəticələrini biz bu gün məntəqələrdə səsvermə zamanı bir daha aydın gördük. Məntəqə üzvləri seçicilərin axını çox olan məntəqələrdə bunu çox səbrlə və sürətlə, heç bir problemə yer qoymadan həll edirlər.
S.Lebedev həmçinin qeyd etdi ki, seçicilərin böyük şövqlə, öz uşaqları ilə belə bu səsverməyə gəlmələri, onlarda xoş təəssürat oyatmışdır. “Seçki məntəqələrinin təmiz, yaraşıqlı və bütün rabitə vasitələri ilə təmin edilmiş binalarda yerləşdirilməsi də prosesin yüksək təşkilatçılıqla və şəffaf təşkilindən xəbər verir”.
Bizimlə bərabər xarici müşahidəçilərin də gördüyü bu ab-hava səsvermə başa çatana qədər davam etmişdir.
Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq axşam saat 19:00-da səsverməyə yekun vuruldu. Müşahidəçilərin iştirakı ilə seçki qutuları açılaraq səsvermənin nəticələrinin hesablanmasına başlandı. Bir neçə saatdan sonra Xətai rayonundakı dörd seçki dairəsində səsvemənin ilkin nəticələri barədə məlumatlar elan edildi. 36 saylı dördüncü dairə seçki komissiyasının sədri Tahir Süleymanov bizə bildirdi ki, 11aprel Azərbaycan Respublikasının Prezident seçkilərində dairə üzrə 44 min 265 seçicidən 29 min 485 nəfər səsvermədə iştirak etmişdir ki, bu da ümumi seçicilərin 66,61 faizini təşkil edir.
Nizami rayonu
Seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırılması haqqında məlumatı hələ seçki günündən əvvəl almışdım. Rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin dislokasiyalarına daxil olan seçki məntəqələrində səhər saat 8-dən etibarən seçici fəallığının müşahidə olunması da təbii ki, bu amildən qaynaqlanırdı.
Məlumat üçün bildirək ki, Bakının Nizami rayonu üzrə fəaliyyət göstərən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələrinin 80 məntəqəsində 105 mindən artıq seçici qeydiyyatdadır. Məhz, hazırlıq prosesi dövründə seçici siyahıları tam dəqiqləşdirilmiş, dairə seçki komissiyası, eləcə də məntəqələr bütün lazımi texniki vasitələrlə təmin olunmuş, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şərait yaradılmışdı. Aldığım məlumatlarda da 25 məntəqədə veb-kameraların quraşdırıldığı, rayon üzrə seçkiləri 1200 nəfərə qədər müşahidəçi və Exit-poll izlədiyi bildirilirdi.
24 saylı Nizami seçki dairəsinin 8, 9 və 10 saylı məntəqələrində səhərdən başlayan seçki fəallığı saat 12-14 radələrində də davam etməkdə idi. 8 saylı məntəqənin sədri Səidə Məsimova bildirir ki, seçki fəallığı ilk saatlardan müşahidə olunmaqdadır. Düzü, adamların seçkilərə bu cür məsuliyyət və tələbkar münasibətləri bizi sevindirir. Həm də seçkiyə hazırlıq mərhələsində apardığımız işlərin təsirini görməyimizdən çox mənunuq. Saat 14-ə kimi 1 min 158 seçicimizdən 550 nəfəri səsvermədə iştirak etmişdir. Qeyd edim ki, azad və demokratik seçkilərin keçirilməsi ölkədəki siyasi mühitin münbitliyi ilə əlaqədardır. Maarifləndirmə işini yüksək səviyyədə aparmağa çalışmışıq, seçki məntəqəmiz hər cür ləvazimatla təmin edilib. Ölkədə seçkiqabağı mühitin sabit olması elektoratın öz seçimini azad ifadə etməsinə müsbət təsir göstərir. Seçkilərin gedişindən çox razıyam.
Seçki məntəqələrində gördüklərimiz bizdə də xoş təəssürat yaratmaqda idi. Seçki məntəqəsinin üzvləri məntəqələr açılandan səsverməyə gələnlərin adlarını siyahıda tapmaları üçün onlara yaxından köməklik göstərirdilər, xəstə və digər səbəblərdən səsvermə məntəqəsinə gələ bilməyənlər üçün daşınan qutulardan istifadə edilirdi. Həmçinin, məntəqəyə daxil olan seçicilərin adları seçici siyahısında qeyd edildikdən sonra barmaqları yoxlanılır, seçiciyə bülleten verilir və barmağına rəngsiz mürəkkəb vurulurdu. Səsvermə kabinəsinə keçən seçici müstəqil şəkildə münasibətini ifadə etdikdən sonra bülleteni səsvermə qutusuna salırdı.
Rayon ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə səhər saatlarından etibarən müşahidə olunan seçici fəallığı və Exit-poll rəyinin ilkin nəticələri də bunu deməyə əsas verirdi ki, vətəndaşlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə böyük maraq göstərirlər və ölkəmizdə bərqərar olunmuş demokratik şəraitin onlara verdiyi imkanlardan maksimum yararlanmağa çalışırlar.
Seçki məntəqəsindən çıxan seçicilərin rəyini öyrənərkən deyirdilər ki, qarşıdakı dövrdə ölkənin daha böyük uğurlara imza atması, xalqın rifahının yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi üçün cənab İlham Əliyevə səs verirlər. Bütövlükdə xalqımızın 2018-2025-ci illərdə taleyini cənab İlham Əliyevə etibar etməsi üçün çox ciddi və mükəmməl əsasların olduğunu qeyd edən seçicilər mütəşəkkilliklə YAP-ın namizədinə etimad göstərdiklərini vurğulayıblar.
Məntəqələrdə seçkinin gedişini izləyən xarici müşahidəçilər də bildirirlər ki, səhər tezdən, məntəqələrin qapılarını seçicilərin üzünə açdığı andan müşahidələrə başlayıblar. Seçkilərin təşkili, sənədlərin tərtibi, seçicilərin fəallığı ilə maraqlanıblar. ATƏT PA-dan, Moldovadan, Almaniyadan, Hollandiyadan və başqa ölkələrdən olan beynəlxalq müşahidəçilər qeyd edirdilər ki, heç bir qanun pozuntusu, səsvermə prosesinə müdaxilə halları ilə rastlaşmayıblar, seçkilər tam demokratik və şəffaf keçir.
Onlar bir daha əmin olublar ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşların da seçkilərə münasibətinin normal olduğunu diqqətə çatdıran müşahidəçilər Nizami rayonunda təşkil olunmuş hər iki dairə seçki komissiyası üzrə apardıqları müşahidələrinin nəticəsi olaraq əlavə edirdilər ki, yaradılmış hərtərəfli şərait yüksək səviyyəli seçki keçirməyə tam imkan verir.
Dünyanın müxtəlif ölkələrində seçkiləri dəfələrlə izləyən xarici müşahidəçilər Artur Gutin (Moldova), Nikolai Haralampie (Moldova), Kolbou Valter (Almaniya) bildirirlər ki, Azərbaycanda demokratik və şəffaf seçkilərin keçiriləcəyi ilə bağlı ümidləri özünü doğruldub. Qazaxıstandan gələn başqa bir müşahidəci seçki prosesinin yüksək səviyyədə təşkilini yüksək qiymətləndirir, Azərbaycanda seçkilərə hazırlıq işlərinin ildən-ilə təkmilləşdiyini söyləyir. “Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Əlavə girişlər yoxdur - yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib”
Almaniyadan olan beynəlxalq müşahdəçi Kolbou Valter deyir ki, 2003-cü illə müqayisədə Azərbaycan, demək olar ki, tamamilə dəyişib. Bu müddət ərzində ölkəniz çox sürətlə inkişaf edib. Bu da, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin artması ilə əlaqədardır. Apardığım müşahidələrə əsasən, deyə bilərəm ki, azad və demokratik seçkilərin keçirilməsi baxımından ölkədəki siyasi mühit çox önəmlidir. Biz seçki prosesinin təşkili və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış təlimatlar və digər sənədlərlə də tanış olmuşuq. Azərbaycanda seçki prosesini tənzimləyən hüquqi sənədlərlə ətraflı tanışlığımız onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi şərait mövcuddur.
Moldovalı müşahidəçi Artur Gutin qeyd edir ki, indiyə qədər apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, seçki prosesi normal şəraitdə davam edir. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçici fəallığı xüsusilə diqqət çəkir. Baş çəkdiyimiz məntəqələrdə hər hansı neqativ hal qeydə almamışıq. Heç bir narazılıq yoxdur. Seçkilərin təşkili yüksək səviyyədədir. Xüsusilə veb-kameraların quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır.
Digər müşahidəçilər də qeyd edirlər ki, Azərbaycanda demokratik və şəffaf seçkilərin keçiriləcəyi ilə bağlı ümidlər özünü doğruldub, qanun pozuntusu, səsvermə prosesinə müdaxilə halları ilə rastlaşmayıblar, seçkilər tam demokratik və şəffaf keçir. Rayonun bütün seçki məntəqələrində seçici fəallığı müşahidə olunurdu.
* * *
Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərinin azad və şəffaf şəraitdə keçirilməsi ölkəmizdə yüksək demokratik mühitin formalaşmasından xəbər verir. Bunu paytaxtın Nizami rayonundakı seçki məntəqələrində nəzərəçarpan seçici fəallığı da bir daha göstərdi.
Xatırladım ki, Nizami rayonunda 24 saylı Nizami birinci seçki dairəsində oldum. Dairə sədri Niyazi Nəcəfovla söhbət zamanı bəlli oldu ki, ərazidə 36 seçki məntəqəsi fəaliyyət göstərir. Bundan başqa, seçkinin azad və mütəşəkkil şəraitdə keçirilməsi məqsədilə 3, 7, 9, 11, 14, 20, 22, 23, 24, 25 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. DSK sədri bildirdi ki, dairə üzrə 44 min 765 seçici cəs verir. İlk dəfə səs verənlərin ümumi sayı isə 1020 nəfər təşkil edir.
Niyazi Nəcəfov daha sonra dedi ki, saat 10-dək 5459 seçici səs verib ki, bu ümumi seçicilərin 12,19 faizini təşkil edir. Saat 12-yə kimi isə 14 min 702 seçici səsvermə prosesində iştirak edib. Bu isə ümumi seçicilərin 32,84 faizi deməkdir.
24 saylı Nizami birinci seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Həqiqət Əsgərova bildirdi ki, 1487 seçici səsvermədə iştirak edir. 2 saylı məntəqə sədri Nərminə Ağayeva ərazidə 1390 seçicinin səs verdiyini diqqətə çatdırdı. Daha sonra DSK-nın 3 saylı məntəqəsinə yollandıq. Burada seçicilər üçün yardılmış şərait normalara uyğun idi. Məntəqə sədri Firuzə Məmmədova xatırlatdı ki, məntəqədə 1314 seçici səs verəcək. Günün sonuna olan məlumata görə, 24 saylı Nizami I seçki dairəsi üzrə seçicilərin 70,07 faizi seçkidə iştirak etmişdir.
Xəzər rayonu
Azərbaycan Respublikası prezidentinin seçkiləri Bakı şəhərinin Xəzər rayonunda da demokratik, azad və sərbəst şəkildə keçirildi. Rayondakı dairə və məntəqə seçki komissiyalarının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, seçicilər mütəşəkkil qaydada gələrək istədikləri namizədə səs verirlər.
Xəzər rayonundakı14 saylı dairə seçki komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, ərazidə 36 açıq, 5 qapalı məntəqə təşkil olunub:
– Ümumi məntəqələr üzrə seçicilərin sayı 51 117-dir. Saat 12-də məntəqə seçki komissiyalarından dairə komissiyasına göndərilmiş məlumata görə, seçicilərin 21 405 nəfəri seçkidə iştirak edərək öz səslərini vermişdir ki, bu da ümumi seçicilərimizin 41,8 faizi deməkdir. Məntəqələrdə 523 nəfər yerli müşahidəçi seçkilərin gedişini izləyir. Bundan əlavə, beynəlxalq müşahidəçilərdən də 8 nəfər məntəqələrimizdə olaraq səsverməni izləyib. Onlar da özlərinin ilkin müsbət rəylərini bildiriblər.
Dairə seçki komissiyası sədrinin sözlərinə görə, əksər məntəqələrdə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda, seçicilərin barmaqlarının şəffaf mürəkkəblə rənglənməsi də qəbul olunmuş ümumi qaydada həyata keçirilir.
Sonra rayon ərazisindəki 4 saylı seçki məntəqəsində səsvermə prosesinin gedişi ilə tanış olduq. Burada məntəqə komissiyasının sədri Təranə Qurbanova bildirdi ki, ərazidəki seçicilərin sayı 1232-dir. Onun sözlərinə görə, məntəqə səhər saat 8-də tələb olunan qaydalara uyğun açılıb, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə bağlanılıb, qutuların şəffaflığı, səsvermə kabinələrinin seçkiyə tam hazırlığı hamıya göstərilib.
– Hər bir seçici özünün şəxsiyyət vəsiqəsi ilə gəlib siyahıya uyğun olaraq bülleten alır, sərbəst və azad şəkildə seçki kabinəsində istədiyi namizədi qeyd edir və bülletenini hamının gözü qarşısında qutuya atır. Bəzi yaşlı adamlara kömək lazım gələndə isə namizədlərin müşahidəçilərinə müraciət edirik.
Məntəqə komissiyası sədrinin dediyinə görə, saat 12-yə qədər artıq 423 seçici səs vermişdi.
Məntəqədə müşahidəçi qismində iştirak edən Sosial Rifah Partiyasının üzvü Mərziyə Novruzova bildirdi ki, səhər saatlarından etibarən məntəqədə səsvermənin gedişini izləyir. Seçici fəallığı yüksəkdir, səsvermənin gedişində heç bir nöqsan qeydə alınmayıb.
Məntəqədə onu da öyrəndik ki, bizdən əvvəl bir neçə xarici müşahidəçi burada olaraq səsvermənin gedişini izləyib. Bunlar ATƏT müşahidəçiləri Dmitri Trofimov və Hask Bamhard Thomosotto, MDB müşahidəçiləri Sergey Raxmanov, Lyudmila Kozlova və Aleksandr Rumyantsev idilər.
Saat 15.00-da dairədən aldığımız məlumata görə, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Həmin vaxta dairədəki seçicilərdən 35 min 135 nəfəri (68,73 faiz) səsvermədə iştirak etmişdi.
Günün sonunda dairə komissiyasından aldığımız məlumata görə, səsvermədə seçicilərin 82,73 faizi iştirak edib.
Pirallahı rayonu
Pirallahı rayonunun seçiciləri prezident seçkilərində böyük fəallıq və mütəşəkkilliklə iştirak ediblər. Bunu rayonun seçki məntəqələrində apardığımız müşahidələr də sübut etdi. Səhər saatlarından etibarən seçicilər yaşadıqları ərazidəki seçki məntəqələrinə tələsir, azad və sərbəst şəkildə istədikləri namizədə səs verirdilər. Məntəqələrdə yerli və xarici müşahidələr səsvermənin gedişinə ciddi nəzarət edirdilər.
Müşahidələrimiz məntəqələrdə əhalinin fəal surətdə səsverməyə gəldiyini göstərdi. Xəzər-Pirallahı 13 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində sədr Failə Rüstəmova ilə görüşüb ilkin məlumatları aldıq. O qeyd etdi ki, səhər saat 8-də seçki başlanmışdır və hazırda öz axarı ilə davam edir:
– Seçicilərin fəallığı yüksəkdir. Məntəqə üzrə 884 seçicimiz var. Vətəndaşlarımız öz səslərini vermək üçün məntəqəyə gəlməkdədirlər.
Məntəqədə müşahidəçilərdən Adil Əhmədov qeyd etdi ki, seçicilər sərbəst şəkildə gələrək bülletenlərini alır və azad, demokratik qaydada səs verirlər, ancaq heç bir qanun pozuntusu müşahidə edilməyib.
13 saylı Xəzər-Pirallahı dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, seçki səhər saat 8-də başlanıb. Həmin vaxt ərazidəki bütün 37 seçki məntəqəsi işə başlayıb:
- Xəzər–Pirallahı seçki dairəsinin ərazisində 48 759 seçici siyahılara daxil edilmişdir. Səhər saat 12-yə olan məlumata görə, seçicilərin 36 faizindən çoxu səsvermədə iştirak edib. Seçici fəallığını yüksək hesab etmək olar. Sonda məlum oldu ki, səsvermədə seçicilərin 71,87 faizi iştirak etmişdir.
İlqar RÜSTƏMOV,
Paşa ƏMİRCANOV,
Namiq ƏHMƏDOV,
Elçin ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.