Sumqayıt
Aprelin 11-də yaz günəşinin zərrin şəfəqləri altında əsl bayram ovqatı yaşayan sumqayıtlılar dəstə-dəstə seçki məntəqələrinə yollanaraq ölkəmiz üçün taleyüklü əhəmiyyəti olan prezident seçkilərinə qatılmışlar. Şəhərdə fəaliyyət göstərən seçki məntəqələrinin hamısında səsvermə mütəşəkkil şəraitdə başlanmış və eləcə də davam etmişdir.
Müxtəlif yaşlı seçicilər söhbət zamanı öz vətəndaşlıq borclarını yerinə yetirməkdən məmnun olduqlarını bildirərək dedilər ki, növbəti beş il üçün Azərbaycan Prezidentini seçməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs verirlər.
Məntəqələr açılnan kimi seçkiləri onlayn müşahidə etmək üçün quraşdırılmış veb-kameralar bir daha yoxlanılmış, müvafiq aparatlar tənzimlənmişdir.
Fiziki cəhətdən qüsurlu seçicilərin səsvermədə rahat iştirakı üçün müvafiq məntəqələrdə panduslar quraşdırılmış, gözdən əlil şəxslər üçünsə Brayl əlifbası ilə bülletenlər hazırlanmışdır. Ürək sözlərini söyləyən seçicilərin hamısı azad və demokratik şəraitdə səs vermələrinə hər cür şərait yaradılmasından razılığını bildirdi.
Şəhərdəki 44-cü seçki dairəsi və buraya daxil olan 1 nömrəli məntəqə Sumqayıt Dövlət Dram Teatrının binasında yerləşir. Dairə seçki komissiyasının sədri Məzahir Süleymanov və katib Təravət Rəsulova dedilər ki, 43-ü daimi, 6-sı seçkilərə 5 gün qalmış yaradılmış məntəqələrin hamısında səsvermə mütəşəkkil keçir. 45 min 195 seçici bu gün öz iradəsini ifadə edir. Onların 33 min 333 nəfəri Sumqayıt məntəqələrində qeydə alınıb. Bütün məntəqələrin möhkəm maddi-texniki bazası var. İki seçicinin yaşı 100-dən yuxarıdır. Bunlar Sumqayıtın 1-ci məhəlləsindəki 14-cü məntəqədə səs verən 100 yaşlı İsaqulu Ağayev və Xızı rayonunun Altıağac qəsəbəsindəki 42-ci məntəqədə səs verən 101 yaşlı Gülgəz Süleymanovadır. 644 seçici isə ilk dəfə səs vermək hüququ qazanandır.
Bu dairə üzrə 625 nəfər seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçib. 1 saylı məntəqədə müşahidə aparan BAXCP nümayəndəsi Əliağa Əhmədov məmnuniyyətlə müsahibə verərək, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin müşahidəçisi kimi səsvermənin gedişatından razılığını, bütün proseslərin sırf qanun çərçivəsində aparıldığını dilə gətirdi. Beynəlxalq müşahidəçilər ATƏT-in Qazaxıstandan olan təmsilçisi Məruyert Abdiyqaliyeva və İsveçrədən olan təmsilçi Nyan Haakan Per Olov da müşahidələrinin müsbət olduğunu söylədilər.
Polşa Seyminin deputatları Jan Lopato və Furqo Qrişa da ATƏT xəttilə seçkiləri müşahidəyə göndərildiklərini söyləyərək bildirdilər ki, səsvermədə sumqayıtlıların iştirakının fəal olmasını, kimsənin sıxıntı çəkməməsini müsbət hal kimi dəyərləndirirlər.
Gedişatı izləmək üçün xarici və yerli müşahidəçilər məntəqələrə baş çəkmişdir. “Vətəndaş cəmiyyəti uğrunda” və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin üzvləri məntəqələrin çıxışında “exit-poll” keçirmişlər. Gün sona yaxınlaşsa da, hələ də heç bir çatışmazlıq haqqında məlumat daxil olmamışdır. Rast gəldiyimiz jurnalist həmkarlarımız da bildirdilər ki, qanunu pozmadan öz missiyalarını yerinə yetirib, informasiya əldə edib və bu zaman heç bir maneə ilə üzləşməyiblər.
Sumqayıtın Nizami küçəsində yerləşən, İsmət Qayıbovun adını daşıyan 1 saylı tam orta məktəbin binasında yaradılmış 12 və 16 saylı məntəqələrdə böyük izdihamın şahidi olduq.
Ağsaqqal və ağbirçəklər səs verdikdən sonra təəssüratlarını həvəslə bölüşdülər. Dedilər ki, onlar növbəti dəfə bu gözəl güzərana, sabitliyə və tərəqqiyə səs vermələrindən hədsiz dərəcədə məmnundurlar: “Hamımız bu gözəl dövranın qədrini bilməli, vətəndaş və seçici fəallığımızı nümayiş etdirməliyik”.
Sumqayıtdakı 42 saylı dairə seçki komissiyası 5-ci mikrorayonda, S.Vurğun küçəsində yerləşir. Komissiyanın sədri Ruslan Hacıyev məlumat verərək bildirdi ki, dairənin əhatə etdiyi 38 məntəqədə 42 min 832 seçici səs verir. Onlardan 570-i ilk dəfə səsvermə hüququ qazananlardır. Ən yaşlı seçici olan Pərnişan Hacıyeva 4 ildir ki, ömrünün 2-ci əsrinə qədəm qoyub. MSK tərəfindən qeydə alınmış beynəlxalq müşahidəçilər sübh tezdən məntəqələrə baş çəkməyə gediblər. “ŞƏT – SCO” nümayəndələri Dmitri Bulqakov, Raşid Alimov, Cui Guojie, Tlek Kapuşov və Fend Rionhoo gəzdikləri məntəqələrdən razı qayıdıblar. Onların qənaətincə, seçkilərin ümumi ruhu, vətəndaş fəallığı başlıca qaneedici cəhətlər idi. Həmçinin səsvermədə aşkarlığı, şəffaflığı təmin etmək üçün 10 məntəqədə veb-kamera quraşdırılıb.
Bu arada xarici müşahidəçilər Xəzərin sahilində qərar tutmuş Sumqayıt şəhərinin gözəlliyinə, müasirliyinə və abadlığına, adamların mehribanlığına və siyasi mədəniyyətinə heyran qaldıqlarını dedilər.
Dairənin 6-cı mikrorayonda yerləşən 27 saylı məktəbdəki 37-ci seçki məntəqəsində səs verənlərdən iki nəfərinin – 20 nömrəli binada yaşayan Aysun Qasımova və Elcan Allahverdiyevin məhz həmin gün 18 yaşları tamam olurdu. Onların hər ikisinə MSK-dan göndərilmiş bildiriş vərəqələri və hədiyyələr təqdim olundu. Hətta xarici müşahidəçilər də fürsətdən yararlanaraq gəncləri təbrik etdilər. Qeyd edək ki, hər iki dairənin əhatə etdiyi məntəqələrdə əlil, xəstə, yaşlı insanların və uşaqlı qadınların əvvəlcədən yazdıqları ərizə və müraciətlərinə əsasən onların evlərinə “daşınan qutular” aparılmışdır.
Gəzdiyimiz məntəqələrin qapısı ağzında ABŞ-ın “AJE & Assosiates, İNS “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası nümayəndələri “exit-poll” keçirirdilər.
Saat 19-dan, səsvermə vaxtı bitəndən sonra sözügedən seçki dairələri ilə təkrar əlaqə saxladıq. Məzahir Süleymanov 44 nömrəli dairə üzrə seçicilərin 74,66 faizinin, Ruslan Hacıyev isə 42 nömrəli dairə üzrə seçicilərin 74,18 faizinin səsvermədə iştirak etdiyini bildirdilər. Sumqayıtdakı 41 saylı dairədə həmin göstərici 74,41 faiz, 43 saylı dairədə isə 74,21 faiz olub.
Abşeron
Prezident seçkiləri günü Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində fəaliyyət göstərən, demək olar ki, bütün seçki məntəqələrində yüksək seçici fəallığı hiss olunurdu. Belə ki, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətini düzgün qiymətləndirən şəhər sakinlərinin böyük əksəriyyəti həvəslə səs verirdilər.
Məlumat üçün bildirək ki, Abşeron rayonu ölkəmizin ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Hazırda əhalinin bir hissəsi heyvandarlıqla məşğuldur, başqa bir hissəsi isə rayonda, eləcə də, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən istehsal müəssisələrində, eləcə də ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar. Rayon əhalisinin güzəranı ilbəil yaxşılaşır.
Abşeron rayonunda iki seçki dairəsi fəaliyyət göstərir. Bunlar 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan seçki dairələridir. Ümumilikdə, rayon ərazisində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Bu il rayonda 76388 seçici siyahıya alınıb. İlk dəfə səs verənlərin sayı 1945 nəfərdir.
Dünən axşam saatlarında 45 saylı seçki dairəsinin sədri Dilşad Abbasova məlumat verdi ki, gün ərzində dairə üzrə bütün məntəqələrdə seçici fəallığı yüksək olub. Onun sözlərinə görə, ATƏT, MDB və Şanxay Əməkdaşlıq Təşkilatından çox sayda müşahidəçilər səsvermə prosesinin şəffaf təşkil olunmasından razı qalıblar.
Qobustan
Rayonun səsvermə hüququ olan sakinləri səsvermə günü yüksək fəallıq nümayiş etdirdilər. Qeyd edək ki, son illər Qobustan rayonunda sosial-iqtisadi həyatın bütün sahələrində nəzərəçarpan uğurlar əldə olunmuşdur.
Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Qobustan rayonu öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, burada hər il adambaşına 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Qobustan rayonunda 50 saylı Abşeron-Qobustan seçki dairəsinin tərkibinə daxil olmaqla, 28 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin 18-i yeni tikilmiş, yaxud əsaslı təmir edilmiş, 4-ü uyğunlaşdırılmış məktəb binalarında, 2-si yeni inşa edilmiş və ya əsaslı təmir edilmiş uşaq bağçasında, 1-i rayon mədəniyyət evində, 1-i tibb məntəqəsində, 1-i kənd kitabxanasında, 1-i isə kənd klubunda yerləşir.
Məntəqələrin 21-i və ya 75 faizi stasionar, 7-si və ya 25 faizi mobil rabitə ilə təmin edilmişdir.
Rayonun 3 seçki məntəqəsində və ya 10,7 faiz məntəqədə, o cümlədən 22 saylı şəhər, 44 saylı Sündü, 46 saylı Təklə seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır.
Rayonda seçicilərin sayı 19.896 nəfərdir. Dünən Qobustanda da seçici fəallığı yüksək olub. Heç bir seçki məntəqəsində ciddi qanun pozuntusu qeydə alınmayıb.
Şirvan
Qeyd edək ki, 46 saylı Şirvan seçki dairəsinin əhatə etdiyi 34 seçki məntəqəsi üzrə 41845 nəfər seçici vardır. Onlardan 826 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçki məntəqələri üzrə yaşı 80 və yuxarı olan seçicilərin sayı 720 nəfərdir. 34 seçki məntəqəsindən 12-də veb-kamera quraşdırılmışdır.
Yeri gəlmişkən, Şirvan şəhərində dairə və məntəqələr üzrə prezident seçkilərinə hazırlıq prosesi vaxtında tam başa çatdırılmışdır.
46 saylı Şirvan seçki dairəsi üzrə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 4 məntəqədə (2, 5, 6 və 17 saylı məntəqələrdə) və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə 1 məntəqədə (7 saylı məntəqədə) “exit-poll” tədqiqatlarını həyata keçiriblər. Dünən heç bir seçki məntəqəsində ciddi qanun pozuntusu qeydə alınmayıb.
Sabirabad
Ölkəmizin iqtisadi cəhətdən ən böyük rayonlarından biri olan Sabirabadda səsvermə prosesi ilk saatlardan böyük fəallıq şəraitində keçdi.
Qeyd edək ki, burada üç seçki dairəsi fəaliyyət göstərir. Bunlar 63 saylı Sabirabad birinci, 64 saylı Sabirabad ikinci, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairələridir. Ümumilikdə, Sabirabad rayonu ərazisində 85 məntəqə fəaliyyət göstərir. Rayon üzrə seçicilərin sayı 93120 nəfərdir. İlk dəfə səs verənlər ümumi seçicilərin 1,62 faizini təşkil edir. Bu il ilk dəfə 1510 nəfər səs verir. Rayonda 80 və yuxarı yaşlı 1880 seçici qeydiyyata alınıb.
Bu il aprelin 1-11 arası 67 nəfərin 18 yaşı tamam olub. Səsvermə hüququ olanlar arasında 1324 tələbə var. Aprelin 11-də 18 yaşı tamam olan Elyar Əlizadəyə təntənəli şəkildə şəxsiyyət vəsiqəsi təqdim olunub. O, Sabirabad birinci seçki dairəsinin 16 nömrəli Qalaqayın seçki məntəqəsində səs verib.
Elyar müstəqil dövlətimizin vətəndaşı olaraq prezident seçkilərində ilk dəfə iştirakından çox məmnun olduğunu bildirib.
Saatlı
Son illər sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən bölgələrimizdən biri də Saatlı rayonudur. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir.
Rayonda iki dairə seçki komissiyası fəaliyyət göstərir. Bunlar 62 saylı Saatlı və 65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairə seçki komissiyalarıdır. Saatlı rayonu üzrə seçki məntəqələrinin sayı 60-dır.
Bu il rayonda səsvermə hüququ olan seçicilərin sayı 57429 nəfərdir. Bunlardan 1146 nəfər ilk dəfə səs verməli idilər. Saatlıdan aldığımız məlumata görə, seçicilər səsvermədə fəal surətdə iştirak ediblər.
İmişli
Son illər ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır. İmişli rayonu üçün səciyyəvi cəhətlərdən biri budur ki, burada xeyli sayda emal və sənaye müəssisələri fəaliyyət göstərir. Bu isə əhalinin məşğulluğuna müsbət təsir göstərir. Təsadüfi deyil ki, rayon sakinləri prezident seçkilərinə böyük həvəslə qatılmışlar.
Dünən İmişli rayonunda da seçici fəallığı müşahidə olunmuşdur. Qeyd edək ki, İmişli rayonu üzrə 2 seçki dairəsi fəaliyyət göstərir. Bunlar 79 saylı İmişli və 80 saylı İmişli-Beyləqan seçki dairələridir. İmişli rayonu üzrə seçicilərin sayı 67801 nəfərdir.
79 saylı İmişli seçki dairəsində 43 məntəqə fəaliyyət göstərir, seçicilərin sayı 40940 nəfərdir. 5 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır.
Bundan əlavə, rayon ərazisində 80 saylı İmişli-Beyləqan seçki dairəsi də fəaliyyət göstərir. Dairənin nəzdində 30 məntəqə vardır. Seçicilərin sayı 26861 nəfər təşkil edir. Məntəqələrin 4-də veb-kamera yerləşdirilib.
Dünən rayonun əksər seçki məntəqələrində səsvermə prosesi seçicilərin yüksək fəallığı şəraitində keçib.
Salyan
Salyan rayonunda 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələri fəaliyyət göstərir. 59 saylı Salyan seçki dairəsində 40, 60 saylı Salyan-Neftçala seçki dairəsində 35, iki dairə üzrə cəmi 75 seçki məntəqəsi vardır. Bu seçki məntəqələrindən 51-i təhsil, 12-si səhiyyə, 7-i mədəniyyət müəssisələri, 5-i digər obyektlərdə yerləşir.
59 saylı Salyan seçki dairəsində 38738, 60 saylı Salyan-Neftçala seçki dairəsində 34088 – cəmi 72826 seçici vardır. 59 saylı Salyan seçki dairəsinin 8 məntəqəsində (3, 4, 5, 7, 16, 19, 22, 26 saylı məntəqələrdə), 60 saylı Salyan-Neftçala seçki dairəsinin 5 məntəqəsində (1, 3, 11, 12, 30 saylı məntəqələrində) veb-kameralar quraşdırılmışdır.
Seçkiyə hazırlıq dövründə dairə seçki komissiyalarının binaları, eyni zamanda seçki məntəqələri yerləşən binaların fasadları, seçki keçirilən və seçki komissiyası yerləşən otaqlar təmir olunmuş, bütün lazımi avadanlıqlarla təchiz edilmiş və seçkilərə tam hazırlıq vəziyyətinə gətirilmişdir. Eyni zamanda, seçki məntəqəsi yerləşən binaların ətrafı abadlaşdırılmış, binalara gedən yollar təmir olunmuşdur. Bütün seçki məntəqələrinə elektrik generatorları, yanğınsöndürən ləvazimatlar, təzə stol, stul və digər vacib avadlanlıqlar qoyulmuşdur.
Seçki məntəqələrinin telefonlaşdırılması ilə əlaqədar problem tam aradan qaldırılmış və rayon üzrə 75 seçki məntəqəsindən hamısı telefon rabitəsi ilə təmin olunmuşdur.
Hacıqabul
Hacıqabul ölkə paytaxtına coğrafi cəhətdən ən yaxın olan rayonlarımızdan biridir. Belə ki, buranı Bakıdan cəmi 113 kilometr məsafə ayırır. Rayonda 31 yaşayış məntəqəsi var.
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən dedilər ki, Hacıqabul rayonu üzrə 42 məntəqədə 40161 seçici səs verməlidir. İlk dəfə səs verənlərin sayı 724 nəfərdir. Beş nəfər 100 yaşdan yuxarı olan seçicilərdir. 8 məntəqədə veb-kameralar quraşdırılıb.
Beynəlxalq müşahidəçilər ayrı-ayrı məntəqələrdə səsvermə prosesini izləyiblər. Ölkəmizin gələcəyi baxımından olduqca böyük əhəmiyyəti olan prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün rayonda hər cür şərait yaradılımışdır. Səsvermə prosesi yüksək səviyyədə keçmişdir.
Göyçay
Göyçay rayonu iqtisadi, mədəni inkişaf sahəsində ölkəmizin ən qabaqcıl bölgələrindən biridir. Rayon əlverişli coğrafi mövqeyə, inkişaf etmiş infrastruktura malikdir ki, bu amillər rayonun sosial-iqtisadi inkişafını sürətləndirir. Hazırda burada 1 şəhər, 55 kənd var. Ərazidə rayon icra hakimiyyəti başçısının 26 inzibati dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir və yerli özünüidarə 26 bələdiyyə tərəfindən həyata keçirilir.
Göyçay rayonunun ərazisində 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri fəaliyyət göstərir.
88 saylı Göyçay seçki dairəsinin 43 seçki məntəqəsində 41260, 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 19 seçki məntəqəsində 22308 nəfər seçici siyahılara daxil edilmişdir.
Dünən səhər saatlarından seçicilərin fəallığı yüksək olmuşdur. Gün ərzində heç bir seçki məntəqəsində ciddi seçki pozuntusu qeydə alınmamışdır.
Səsvermə prosesinin gedişini dairə və məntəqələrdə 639 nəfər yerli müşahidəçi, həmçinin ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları Bürosunun 4 müşahidəçisi izləyib.
Ucar
Qeyd etmək istəyirəm ki, prezident seçkilərindən iki gün əvvəl Ucar rayonunda ilk dəfə səs verən gənclərlə görüş keçirilib.
Tədbirdə Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi” ictimai birliyinin sədri Ülvi Qəhrəmanzadə və ilk dəfə səs verən gənc Anar Manafov çıxış ediblər.
Rayon üzrə 1055 nəfər ilk dəfə səs verən seçici var. Ucar rayonunda iki dairə seçki komissiyası fəaliyyət göstərir. Bunlar 91 saylı Ucar və 92 saylı Zərdab-Ucar seçki dairələridir.
Cəbrayıl
Cəbrayıl rayonunu təmsil edən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə 73 seçki məntəqəsi təşkil olunmuşdur. Onlardan 71 seçki məntəqəsi Cəbrayıl, 2 seçki məntəqəsi isə Qubadlı rayonundan olan seçiciləri özündə birləşdirir. 120 saylı DSK üzrə 49788 seçici mövcuddur.
Cəbrayıl rayonu üzrə təşkil olunmuş 71 seçki məntəqəsində 48456 nəfər seçici qeydə alınmış, onlardan 1187 nəfəri ilk dəfə səs verən seçicilərdir. Seçki günü təhsil aldıqları yerdə səs vermək üçün 250 nəfərdən çox əyani təhsil alan tələbə gənclər DSK və seçki məntəqələrindən çıxma vərəqəsi almışdır.
Uzun illərdir ki, öz doğma torpaqlarından kənarda səs verən Cocuq Mərcanlı kənd sakinləri dünən ilk dəfə öz ərazilərində təşkil olunmuş 73 saylı seçki məntəqəsində səs verirdi. Seçki məntəqəsində adı siyahıda olan 121 nəfər seçici yüksək fəallıqla səsvermədə iştirak etmişdir.
Əli NƏCƏFXANLI,
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbirləri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.