Tərtər

Tərtərlilər indiki 11 aprel seçkisinə bu rayonun da taleyində misilsiz rol oynamış Aprel döyüşlərinin ikinci ildönümünün ölkəmizdə böyük öyünclə yad olunduğu günlərin əhvalı ilə gəlmişlər. Xalqımızın qələbə əzmini hədsiz dərəcədə yüksəltmiş bu hərbi əməliyyatlar nəticəsində rayonun təhlükəsizliyi əhəmiyyətli dərəcədə möhkəmlənmiş, quruculuq işlərinin həcmi və dinamizmi xeyli artmışdır.

Elə buna görə də rayon seçiciləri budəfəki prezident seçkisi günü siyasi fəallığı ilə seçilirdilər. Öyrəndik ki, səsvermə gününədək sayı 40 min 928-ə çatan rayon seçicilərinin 38 min 38 nəfəri 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində, 2 min 890 nəfəri isə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 3 məntəqəsində səs verməyə bildiriş almışdır. 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçicilərin yaş tərkibi də maraqlıdır: 17 nəfərin yaşı 100-dən yuxarıdır, 1417 nəfər 80-dən yuxarı yaşdadır, 141 nəfər isə ilk dəfə səs vermək hüququ qazanıb.

95 saylı Tərtər seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə maraqlanarkən ilk dəfə səs verən gənclərdən biri ilə müsahib olduq. Duyğulu olduğunu gizlədə bilməyən Şəbnəm Mahmudlu dedi:

– Prezident seçkisi kimi tarixi bir aksiyada iştirak etmək insan həyatında unudulmaz hadisədir. Yeniyetmə yaşlarımdan mən də bu günü intizarla gözləmişəm. Nəhayət, bu hüququmdan istifadə edərkən bir istəyimə də çatdım. Bizim rayonun gəncləri dövlət başçısı İlham Əliyevi dərin zəkalı, möhkəm iradəli, tükənməz enerjili bir qəhrəman kimi sevir, onun hər addımını, hər qərarını rəğbətlə izləyirlər. Bu mənada bu gün mən həm də öz sevimli qəhrəmanıma səs verdim. İnanıram ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizi məhv olmaqdan azad etdiyi kimi, onun sadiq davamçısı İlham Əliyev də doğma Qarabağımızı düşmən əsarətindən qurtaracaq. Onun cəbhədə 2 il əvvəlki qətiyyəti və müdrikliyi biz gəncləri göylərə qanadlandırıb. Mən bax bu ucalığa səs verdim.

Tərtər seçki dairəsinin 28 saylı məntəqəsində səs verən 88 yaşlı Yediyar Əhmədovun söylədikləri isə ahıl seçicilərin seçim əhval-ruhiyyəsini ifadə etdi:

– II Dünya müharibəsindən bu yana çox qanlı-qadalı hadisələr görmüşəm. Son illərdə dünyada narahatlıq durmadan artır. Böyük dövlətlər öz maraqlarını bir-birinə güzəştə getmirlər, qan-qan deyirlər. Düşmən qüvvələrin ölkəmizə münasibəti də yumşalmır, bizi özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Ermənistan da onların əlində bizə qarşı namərd bir  alətdir. Belə bir vaxtda Azərbaycan unudulmaz rəhbərimiz Heydər Əliyevin yolu ilə getməli, onun ağıl və iradəsi ilə idarə olunmalıdır. Ona görə də biz yaşlı insanlar belə bir lideri çoxdan İlham Əliyevin şəxsiyyətində tapmışıq. Biz İlham Əliyevi ümummilli liderin alternativsiz davamçısı, dəyişməz Prezidentimiz kimi görür və bu dəfə də ona səs veririk.

Bu gün Tərtərin gənci də belə düşünür, orta yaşlısı da, qadını da, qocası da. Onlar bu qənaətlərini seçki məntəqələrinə ellikcə gəlmələri və öz seçimləri ilə bir daha təsdiqlədilər.

 

Zərdab

 

92 saylı Zərdab-Ucar seçki dairəsi 48 seçki məntəqəsini əhatə edir. Dairə seçki komissiyasında  olarkən öyrəndik ki, ərazidə  41 min 730 seçici var. DSK sədri Mehdi İsmayılov məlumat verdi ki, bu il 983 gənc ilk dəfə səs verir. O qeyd etdi ki, dairə üzrə 100 yaşdan yuxarı seçicilərin sayı 5 nəfərdir.

Sonra Dəkkəoba kəndində yerləşən 33 saylı seçki məntəqəsində olduq. Komissiya sədri Paris Sadiqov bildirdi ki, məntəqədə seçicilərin normal səs verməsi üçün hər bir şərait yaradılıb. Səsvermə azad, demokratik və tam şəffaf şəraitdə keçir.

Öyrəndik ki, 1912-ci il təvəllüdlü Kubra Məmmədova özü məntəqəyə gələrək səsvermədə iştirak edir. Kubra nənə Azərbaycanın yaxın keçmişdəki ağır günlərini xatırlayaraq, qeyd etdi ki, ölkəmizin başının üstünü almış qara buludlar ulu öndərimiz Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində çəkilmişdir. Xalqımız onun uzaqgörən siyasəti nəticəsində dinc günlərə qovuşmuşdur. Mən çox xoşbəxtəm ki, bu sinnimdə onun siyasi kursunun davamçısı İlham Əliyevə səs verdim.

 

Ağdaş

 

Ağdaş gündən-günə gözəlləşir. Bu bağlar diyarında son illər görülən abadlıq-quruculuq işlərinə nəzər saldıqda insanın qəlbi riqqətə gəlir. Bu rayonla bağlı çox yazılarımız olub. Bu dəfə isə rayonun uğurlarından deyil,  Azərbaycan xalqının həyatında əlamətdar olan seçkilərdən söz açırıq.

Ağdaşlılar 89 saylı  Göyçay-Ağdaş və 90 saylı Ağdaş seçki dairələrində səs verirlər. Səsvermənin gedişini izləmək üçün dünən Ağdaşda olduq. Səhər saatlarında 90 saylı Ağdaş seçki dairəsinin sədri Nürəddin Nəsibovla görüşüb müvafiq faktları aldıq. O  bildirdi ki,  90 saylı dairəyə 40 məntəqə daxildir. Öyrəndik ki, dairə üzrə 44 min 400 seçici var. Bunların 586 nəfəri bu il ilk dəfə səs verənlərdir.  DSK sədri qeyd etdi ki, 100 yaşdan yuxarı seçicilərin sayı isə 6 nəfərdir.

Sonra 90 saylı Ağdaş seçki dairəsinin 29 saylı məntəqəsində olduq. Məntəqə sədri Cəmil İbrahimov  bildirdi ki,   ərazidə 935 seçici var. Səsvermənin  şəffaf,  demokratik  şəraitdə  keçməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişatını izləyərkən seçicilərin şəxsiyyət  vəsiqələrini qeydə  alan  komissiya üzvü 18 yaşı tamam olan gənc qızı bizə nişan verdi. Məlum oldu ki, bu il ilk dəfə səs verən seçici Jalə Rəsulova bu hüququ məhz həmin seçki günü qazanır.

Jalənin seçki ilə bağlı ürək sözlərini öyrəndik:

– Bu gün  mənim üçün  ikiqat  sevinclidir: həm ad  günümdür, həm də ilk dəfə  səsvermə  hüququmdan istifadə  edirəm.  Mən  müstəqil, müasir Azərbaycan dövlətinin  daim güclü olması üçün ölkəmizin xoşbəxt gələcəyi naminə öz namizədimə səs verdim.

Ağdaşlıların səs verdikləri digər məntəqələrdə də seçki prosesi ahəngdar və mütəşsəkkil qaydada davam edirdi.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında