Seçicilər 11 aprel prezident seçkilərində ən layiqli namizədə səs verdilər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GƏNCƏ

 

Gəncədəki seçki məntəqələrində seçici fəallığını görmək üçün gedib sadəcə kənardan müşahidə etmək lazım idi. Səmimi deyirəm, bu dəfə seçici məntəqələrində olan növbəni əvvəllər heç vaxt, heç harda görməmişdim. Əvvəlcə özüm səsvermədə iştirak etdim. Yaşadığım binanın birinci mərtəbəsində yerləşən mərkəzi kitabxanadakı 15 saylı seçki məntəqəsində də əməlli-başlı növbə var idi. Təbii ki, bir qədər gözləməli oldum və fürsətdən istifadə edib müşahidəçi qismində onlar üçün ayrılmış qabaq sıraların birində əyləşən Gülnaz Abbasova ilə söhbət etdim. O da təsdiq etdi ki, məntəqədə belə bir növbə ilə ilk dəfədir rastlaşır. Dedi ki, səsvermə prosesi təlimata uyğun aparılır, heç bir qanun pozuntusu yoxdur.

Səsvermə bülletenini alıb kabinələrin birinə daxil olur və səsimi istədiyim namizədə verdikdən sonra məntəqənin sədri Şəmşir Vəliyevlə söhbət edirəm. Deyir saat 10-dək 158 nəfər səsvermədə iştirak edib. Bütövlükdə isə məntəqə üzrə 1322 seçici var. Seçici fəallığı olduqca yüksəkdir. Aparılan seçkiqabağı təşviqatın rolu böyük olub və adamlar vətəndaşlıq borcunu yerinə yetirmək üçün səhər tezdən məntəqələrə axışıb.

Şəhərdəki 38 saylı Nizami II seçki dairəsinin 13 saylı seçki məntəqəsində də vəziyyət eynidir.               Məntəqənin sədri Cabbar Qarayev bildirir ki, seçki məntəqəsində qeydiyyatda olan 1388 nəfərdən 500 nəfəri artıq seçkilərdə iştirak edib.    

Gəncə Dövlət Universitetinin əsas binasında təşkil olunan bu məntəqədə seçicilər üçün yüksək şərait yaradılıb. Məntəqədə veb-kameralar quraşdırılıb. Seçki prosesini 10 nəfər yerli müşahidəçi izləyir.

Nizami 37 saylı dairənin 24 saylı məntəqəsinə daxil oluruq. Hər yerdə səliqə-sahman, gül-çiçək, nizam-intizam elə ilk andan diqqətimizi cəlb edir. Yeri gəlmişkən qeyd edim ki, məntəqənin yerləşdiyi tibb kollecinin bu binası uzun illər baxımsız vəziyyətdə olub. Yalnız bir il qabaq kollecin yeni rəhbərliyi elə bir bina təmir edib istifadəyə verib ki, bütün parametrlərinə görə Avropa standartlarına uyğundur və sözün əsl mənasında, zövq oxşayır. Məntəqənin sədri Mehman Rzayev məlumat verir ki, saat 12-dək 1430 seçicidən 543-ü səs verib və bu proses davam edir.

MDB-dən müşahidə missiyası ilə gələn iki qonaq – Zivira Yasberqenova və Dina Teleqenova ilə də rastlaşdıq. Bir söz ala bilməsək də hər ikisi baş barmağını eyni vaxtda yuxarı tutub gülümsədi.

Azərbaycan Dövlət Aqrar Universitetinin baş binasında yerləşən məntəqədə də artıq saat 4-ə işləməsinə baxmayaraq, yenə çox sayda seçici vardı və öz növbələrini gözləyirdilər. Hər bir şəraiti olan səsvermə otağında müşahidəçilər bir kənarda əyləşib səsvermənin gedişini izləyirdilər. Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Fatimə Şirinzadə dedi ki, adamların bu qədər fəal olmağını görmək olduqca xoşdur. Bəzi müxalifət liderlərinin seçkini boykot etmək arzuları gözündə qaldı. Bu xalq mənasız çağırışlara yox, dövlətçiliyə, birliyə, mütəşəkkilliyə səs verir. Məntəqənin sədri Telman Musayev dedi ki, artıq 1097 seçicimizdən 60 faizi səs verib. Digər müşahidəçilər, o cümlədən İtaliyadan olan Erika Mazikato məntəqədə heç bir qanunsuzluq  ilə qarşılaşmadıqlarını dedilər.

…Qeyd edək ki, Gəncədəki 37, 38, 39, 40 saylı seçki dairələri üzrə seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Seçkilərin gedişatı ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunmuşdu. Prosesi canlı izləmək üçün 40 məntəqədə veb-kamera quraşdırılmışdı. Şəhərdəki 4 seçki dairəsi üzrə 107 məntəqədə 150 min 869 səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb.

Məntəqələrdə müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün də əlverişli şərait yaradılmışdı. Seçki məntəqələrinə gələn sakinlərdə ruh yüksəkliyi açıq-aşkar hiss olunurdu. Hamı ölkəsinin sabahı naminə daha layiqli namizədə səs verməklə özünün vətəndaşlıq borcunu yerinə yetirmək arzusunda olduğunu bildirirdi.

38 saylı DSK-nın 5 saylı seçki məntəqəsinin sədri Əliağa Səfərəliyev:

– Seçkilərə start verildiyi ilk andan məntəqəmizdə coşqu var. Məntəqəmizdə 1363 seçici var. Seçki gününə kimi aparılan təşviqat, maarifləndirmə işlərinin nəticəsidir ki, artıq bu fəallığı görürsüz. İnsanlar sərbəst şəkildə məntəqələrə üç tutur. Ümidvarıq ki, günün axırına kimi seçki prosesi mütəşəkkillikə davam edəcək.

Gəncədə 1747 müşahidəçi seçki prosesini izləyirdi. Onlar müxtəlif siyasi partiyaların nümayəndələri və öz təşəbbüsü ilə müşahidə aparanlar idi.

Məntəqəyə səs verməyə gələn seçicilərdən Gülbəniz Rəcəbova və Emil Teymurovun fiikirlərini öyrəndik. Onlar da seçkilərin şəffaf keçirildiyini, hər hansı kənar müdaxilənin olmadığını bildirdilər.

Şəhərdəki 38 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılmışdı. Gəncədə 20-dən artıq məntəqədə “exit-pol” keçirilirdi.

* * *

Gəncədə daşınan qutuların mənzillərə gətirilməsi ilə yanaşı gözdən əlil və hərəkət etməkdə çətinlik çəkənlər seçki məntəqələrinə gələrək səsverməyə qatılıb.

Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılmışdı. Panduslar quraşdırılmış, görmə qabiliyyəti məhdud vətəndaşlar üçün xüsusi olaraq Brayl əlifbası ilə hazırlanan bülletenlər çap olunmuşdu.

Gəncədə təxminən 15 minə yaxın səsvermə hüququ olan əlil vətəndaş qeydiyyatdadır. Hərəkət imkanları məhdud olanların təyinatı üzrə seçki məntəqələrinə sərbəst gəlməsi üçün 38 pandus quraşdırılmışdı.

Gözdən əlil olanların da səsverməyə qatılması üçün heç bir problem olmayıb. Bütün seçki dairələri Brayl əlifbası ilə təmin olunub.

Eləcə də yataq vəziyyətində olanlar və seçki məntəqəsinə gəlməkdə çətinlik çəkənlər daşınan qutular vasitəsilə səsvermə hüququndan istifadə edib.

 

ŞƏMKİR

 

Son illər bu rayon çox inkişaf edib. Yeni sənaye müəssisələrinin yaradılması, çoxlu sayda iş yerlərinin açılması, respublikada ilk dəfə olaraq bələdiyyələrin nəzdində MMC-lərin təşkili, bir sıra sosialyönümlü obyektlərin istifadəyə verilməsi, sakinlərə diqqət və qayğının artırılması, rayon rəhbərliyi ilə qarşılıqlı anlaşma, müxtəlif səmərəli təşəbbüslərin tətbiqi və digər məsələlərin operativ həlli Şəmkir əhalisinin dövlətə və dövlətçiliyə inamını, sədaqətini bir qədər də artırıb. Bunu dünən, prezident seçkiləri günü bir daha açıq-aydın görmək mümkün idi...

Mədəniyyət mərkəzindəki 1 saylı məntəqədəyik. Həm bura gələn seçicilərin, həm də məntəqə üzvlərinin üz-gözündən sevinc oxunur. Deyirlər ki, özümüz bilirik kimə səs verəcəyik. O şəxsin adının  qarşısına işarə qoyacağıq ki, bizim bu günümüzə görə məhz ona minnətdarıq. Bu sabitliyə, bu əmin-amanlığa görə  ona səs verəcəyik və ona inanırıq.

Məntəqənin sədri Firdovsi Aslanov söhbət zamanı dedi ki, 1471 nəfər seçicidən artıq 595 nəfəri səsvermədə iştirak edib. Saat isə hələ 12 idi. Fəallıq o qədər yüksək idi ki, YAP-dan olan müşahidəçi növbəyə dayananlara baxıb yarızarafat-yarıciddi “belə seçicisi olan rayonda yaşadığımı sanki indi duydum” – dedi. Qeyri-hökumət təşkilatından olan müşahidəçi Fuad Məmmədov səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmadığını bildirdi.

Şəmkir rayonunda təşkil olunmuş 108 məntəqə üzrə 114 min 936 seçicinin rahat şəkildə səs verməsi üçün bütün imkanlar yaradılmışdı. Seşicilərdən 985 nəfəri ilk dəfə səsvermədə iştirak edirdi. Yaşı 100-dən çox olan 21 seçici qeydə alınmışdı.  Rayonda seçkinin gedişini 1110 yerli müşahidəçi izləyirdi. Rayonun 21 məntəqəsində seçkilərin gedişi veb-kameralar vasitəsilə canlı izlənilirdi.

* * *

Yeni Azərbaycan Partiyasının fəalları və bütün şəmkirlilər seçkinin nəticələri elan olunduqdan sonra İlham Əliyevin qələbəsini böyük coşqu ilə qarşılayıblar. Şəhərin küçələrinə axışan sakinlər əllərində Prezidentin portretlərini, bayraqlar tutaraq yürüş keçiriblər.

 

QAZAX

 

11 aprel 2018-ci il. Yollar, ayrı-ayrı məhəllələr adamlarla doludur. Hamı seçki məntəqələrinə tələsir. İcra strukturlarının, məntəqə seçki komissiyası üzvlərinin, ayrı-ayrı şəxslərin  öz işlərinə nə qədər məsuliyyətlə yanaşmasını biz həmin gün məhz seçki məntəqələrində də gördük.

Rayondakı 107 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsindəyik. Burada bir neçə gün bundan qabaq da olmuşduq və seçkiyə hazırlığa necə böyük məsuliyyətlə yanaşma diqqətimizi cəlb etmişdi. Məntəqənin sədri Mustafa Hacıyev bizi görən kimi hal-əhval tutduqdan sonra dedi ki, günün sonuna kimi 1354 nəfər səs verməlidir.Yəni siyahı üzrə belədir. Lakin, təbii ki, məntəqəyə gələ bilməyən seçicilər də olacaq. Məntəqədə artıq bu barədə bilirlər, adları da məlumdur, ərizələri də alınıb. Məntəqə üzrə bu gün 6 nəfər ilk dəfə səs verib. Kaş onların sevincini öz gözlərinizlə görəydiniz.

Səs verib çıxan seçicilərlə də söhbət edirik. Deyirlər Qazaxı heç vaxt belə gözəl, firavan görməmişik. Düşmənlə 168 kilometr sərhəddə olsaq da, bu rayonda son illər çox iş görülüb.

Humanitar və təbiət fənləri üzrə məktəb-liseyin binasında yerləşən 6 saylı məntəqədə də yüksək əhval-ruhiyyə hökm sürürdü. Məntəqənin sədri Tahirə Comərdova məlumat verdi ki, seçicilərin sayı 1368 nəfərdir.

Qazaxda hansı məntəqəyə getdiksə,  seçkinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduq. Səliqəli səsvermə kabinələri, müşahidəçilər üçün yerlər, seçici siyahıları və digər işlər çox zövqlə, təlimata uyğun təşkil edilmişdi. Stasionar telefon, generator, şam, seyf və digər ilk baxışda adi görünən əşyalar yerbəyerində idi. Səs verənlərə heç bir təzyiq göstərilmirdi.

107 saylı Qazax seçki dairəsinin sədri Xəyyam Salehov məlumat verdi ki, bu gün rayonda adamların Prezident seçkilərinə marağı çox böyükdür. Bu fəallıq bizi hədsiz sevindirir. Bizim dairə üzrə 36 məntəqə 43 min 539 nəfər seçici qeydə alınıb. Məntəqələrin 10-da veb-kameralar var. Dairə üzrə 374 nəfər müşahidəçi qeydə alınıb. ATƏT-in müşahidəçiləri neçə gündür ki, məntəqələrimizə baş çəkirlər. Bu gün də müşahidəçilər olub. Hələlik elə bir nöqsan, irad eşitməmişik.

 

GƏDƏBƏY

 

Gədəbəyə həmin gün gedə bilmədik. Çünki bir neçə gün qabaq bu ucqar dağ rayonundakı seçki məntəqələrində olmuşduq və artıq seçkinin yüksək səviyyədə keçəcəyi heç bir şübhə doğurmurdu. Telefonla əlaqə saxladıq. 103 saylı Gədəbəy dairə seçki komissiyasının sədri Xalid Xudaverdiyev rayonda seçkinin yüksək səviyyədə keçməsini, seçicilərin fəallığını qeyd etdi. Dedi ki, bütün məntəqələrdə yüksək fəallıq var. Qeyd edək ki, bu dairə üzrə seçicilərin sayı 41 min 830 nəfərdir. Rayondakı 3, 5, 9, 10, 12 və 36 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı. Dairə üzrə 820 nəfər ilk dəfə səs verirdi. Yaşı 100-ü keçən seçicilərimizin sayı 9 nəfər idi.

104 saylı dairədə 24 məntəqə üzrə 21min 334 nəfər seçici var. İlk dəfə səs verəcək seçicilərin sayı 20 nəfər, yaşı 100-dən çox olan seçicilərin sayı isə 8 nəfərdir. Bütövlükdə Gədəbəydə iki dairə üzrə yaşı 80-ni keçən seçicilərin sayı 2551 nəfərdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir. 104 saylı dairədə də 6 məntəqədə veb-kameralar quraşdırılmışdı. Bunlar 1, 8, 9, 18, 19 və 21 saylı məntəqələrdə idi.

Gədəbəydə bütün məntəqələr fəallığı ilə seçilib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında