Xaçmaz

Respublikanın hər yerində olduğu kimi, ölkənin şimal qapısı olan Xaçmaz rayonunda da növbədənkənar prezident seçkiləri yüksək siyasi fəallıq və bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir. Bu, səhər tezdən Xaçmaz və Xudat şəhərlərinin küçə və meydanlarından keçərək dəstə-dəstə seçki məntəqələrinə axışan insanların bayram libaslı geyimindən və şən əhval-ruhiyyəsindən çox aydın şəkildə sezilirdi. Elə seçki məntəqələrindəki seçici izdihamı da bundan xəbər verirdi.

55 saylı Xaçmaz şəhər seçki dairəsinin akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 1 saylı məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində seçicilərin fəallığı xüsusilə ürəkaçan idi. Məntəqə önündə rastlaşan insanlar sanki toya-bayrama gəlibmiş kimi bir-birini təbrik edirdilər. Bu, əlbəttə, hər şeydən öncə, onların doğma Azərbaycanımızın dünənindən məmnunluğunun və sabaha olan inamının təzahürü idi. Xaçmaz şəhər Mədəniyyət evində yerləşən 8 saylı seçki məntəqəsində də oxşar mənzərə hökmran idi. Ümumilikdə, aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Xaçmaz rayonu üzrə 89632 seçici qeydə alınıb. Seçicilər iki dairə üzrə olmaqla 86 seçki məntəqəsində səsvermədə iştirak ediblər. Rayon üzrə 827 seçici ilk dəfə olaraq səs vermək hüququndan istifadə edibdir. 22 məntəqədə seçkinin gedişi veb-kameralar vasitəsilə izlənilmişdir. 55 saylı Xaçmaz şəhər dairə seçki komissiyasının sədri Bəhram Ömərovun verdiyi məlumata görə, seçkinin gedişini izləmək məqsədilə 12 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkinin gedişi 455 nəfər yerli müşahidəçi, həmçinin ATƏT və MDB-dən olan müşahidə missiyası tərəfindən izlənilmişdir.

Dairə seçki komissiyası sədrinin dediyinə görə, gün ərzində seçkinin təşkili və səsvermənin gedişatı ilə bağlı müşahidəçilər tərəfindən hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Dairə üzrə ən yaşlı seçici olan Mehrəliqışlaq kənd sakini, 103 yaşlı Mələk Məlikova 40 saylı seçki məntəqəsində səs vermişdir.

Ümumilikdə 55 saylı dairə üzrə qeydiyyatda olan 43980 seçicinin saat 15.00-dək 43,08 faizi, saat 19.00-dək isə 76,28 faizi məntəqələrə gələrək səsvermədə iştirak etmişdir.

Xudat şəhərini, ona yaxın olan iki qəsəbə və 103 kəndi əhatə edən 56 saylı Xaşmaz kənd seçki dairəsində də növbədənkənar prezident seçkiləri yüksək fəallıq şəraitində keçmişdir. Dairə seçki komissiyasının sədri Söhrab Səfərovun verdiyi məlumata görə, saat 15.00-dək seçicilərin 64,3 faizi səsvermədə iştirak etmişdir. Dairə seçki komissiyasınn sədri seçkinin gedişi ilə bağlı bunları bildirmişdir: Dairə üzrə ümumilikdə 45692 nəfər seçici qeydiyyata alınıb. Onlardan 677 nəfəri ilk dəfədir ki, səsvermə hüququndan istifadə edən gənclərdir. Seçicilər 44 məntəqədə səs vermişlər. 10 məntəqədə seçkinin gedişi veb-kameralar vasitəsilə izlənilmişdir. Yerli müşahidəçilərlə yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu təmsil edən Qrellaum və Mariya Nikiferova, MDB-ni təmsil edən Leyla Kərimova, Murad Baydullayev, Zümrüd Busayeva və Kamil Davdoyev ayrı-ayrı məntəqələrdə seçkinin gedişini izləmişlər.

Hər birində 1400 nəfərdən çox seçicinin olduğu 11 saylı Qusarçay, habelə 2 və 3 saylı Xudat şəhər məntəqələri ən iri seçki məntəqələridir. Dairə üzrə ən çox seçki təcrübəsi olan seçici isə Balaqusar kənd sakini 101 yaşlı Məryəm Bədirovadır. 13 saylı Həsənqala seçki məntəqəsində səs verən Məryəm nənə söhbət əsnasında bildirib ki, o bugünkü seçkilərdə ilk dəfə iştirak edən gənclərin yaşından sayca bir neçə dəfə artıq olan seçkilərdə iştirak edib. O, həmin seçkilərin bir qisminə heç qatılmadığını, əksər seçkilərdə isə kimə səs verdiyinin fərqinə varmayıb. Amma Məryəm nənə bugünkü seçkidən çox məmnundur.

Dairə seçki komissiyasından verilən məlumata gorə, ümumilikdə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə seçicilərin 77,54 faizi gün ərzində məntəqələrə gələrək səsvermədə iştirak etmişdir.

 

Quba – Qusar

 

52 saylı Quba seçki dairəsində Quba şəhəri ilə yanaşı, digər 17 inzibati ərazi vahidini əhatə edən 45810 seçici qeydiyyata alınıb. Aprelin 11-də seçicilər 72 seçki məntəqəsində səs vermişlər. Həmin məntəqələrdən 13-ü Quba şəhərində, 59-u isə digər inzibati ərazi vahidlərində fəaliyyət göstərir. 1,2,3,4,5,7,9,11,16,24 və 54 saylı seçki məntəqələrində seçkinin gedişini izləmək üçün veb-kameralar quraşdırılmışdır. Seçkinin gedişatı çoxsaylı yerli müşahidəçilərlə yanaşı, ATƏT, AŞPA və MDB-dən olan müşahidə missiyası tərəfindən izlənilmişdir. Beynəlxalq müşahidəçilər 1,2,3,5,14 və 15 saylı seçki məntəqələrində olmuş və heç bir qanun pozuntusu ilə rastlaşmamışlar.

Dairə seçki komissiyasının sədri Mübariz Abbasovun verdiyi məlumata görə, 649 nəfər qubalı gənc ilk dəfə olaraq seçkilərə qatılıb. Daha çox seçicini əhatə edən seçki məntəqələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının binasında yerləşən 1 saylı seçki məntəqəsidir. Orada qeydiyyatda olan 1003 nəfər seçicinin yarıdan çoxu elə günorta vaxtlarınadək səsvermədə iştirak edib. Məntəqə seçki komissiyasının sədri Xalid Bayramovun fikrincə əvvəlki illərdə keçirilmiş seçkilərdə heç zaman belə seçki fəallığı müşahidə olunmayıb. Quba şəhər 4 saylı məktəb-liseydə və Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən məntəqələr də daha çox seçicisi olan məntəqələrdəndir. Hansı ki, həmin məntəqələrdə də yüksək seçici fəallığı qeydə alınmışdır. Ümumilikdə, 52 saylı Quba seçki dairəsi üzrə saat 15.00-dək seçicilərin   65,21 faizi səsvermədə iştirak etmişdir. Dairə seçki komissiyasından aldığımız yekun məlumata görə isə seçicilərin 78,44 faizi səsvermədə iştirak edərək rəğbət bəslədiyi namizədə səs vermişdir.

53 saylı Quba – Qusar seçki dairəsində də növbədənkənar prezident seçkiləri olduqca mütəşəkkil şəraitdə keçmişdir. Məlumat üçün bildirək ki, Quba rayonunun 3 kəndini və Qusar rayonunu əhatə edən bu dairə 48450 seçicini əhatə edir. Dairə üzrə 76 seçki məntəqəsi fəaliyyət göstərmişdir. Həmin məntəqələrin də 10-da seçkinin gedişi veb-kameralar vasitəsilə izlənilmişdir. Seçkilərin gedişi, həmçinin çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən də izlənilmişdir.

ATƏT-in müşahidə missiyasını təmsil edən Vladimir Xaxlov və Leanardus Qerardus 4,14,15, 17 və 19 saylı seçki məntəqələrində seçkinin gedişini müşahidə etmişlər. Dairə seçki komissiyasından bildirildiyinə görə, seçkilərin gedişi zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır. Dairə seçki komissiyasının sədri Rahim Qarayevin sözlərinə görə, 3500 nəfərə yaxın seçicini əhatə edən 1 saylı Birinci Nügədi, 7 saylı İkinci Nügədi və 14 saylı Vladimirovka məntəqələri ən iri seçki məntəqələri hesab olunur. Hansı ki, həmin məntəqələrdə də yüksək seçici fəallığı müşahidə olunmuşdur. Dairə üzrə 789 gənc ilk dəfə səsvermə hüququndan istifadə etmişdir. Ən yaşlı seçicilər isə Əlibəyqışlaq kənd sakini 103 yaşlı Sürəyya Mehdiyeva və onun həmyaşıdı, Səbətlər kənd sakini Mövlud Seyidovdur. Bütövlükdə, 53 saylı Quba – Qusar seçki dairəsi üzrə qeydiyyatda olan 48450 seçicinin 63 faizindən çoxu saat 15.00-dək səsvermədə iştirak etmişdir. Dairə seçki komissiyasının son məlumatına görə, seçicilərin 75,66 faizi məntəqələrə gələrək səsvermədə iştirak etmişdir.

Bir sözlə, ölkəmizin şimal bölgəsinə daxil olan Xaşmaz, Quba və Qusar rayonlarında növbədənkənar prezident seçkiləri demokratik və aşkarlıq şəraitində keçmişdir. Bu isə o deməkdir ki, Azərbaycan seçiciləri öz olkəsinin sabahına biganə deyillər.


Q.CƏFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında