“N” saylı hərbi hissədə gördüklərim

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu ilk illərdə ölkəmizdə mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Ordu quruculuğu diqqətdən kənarda qalmışdı. Yerli özünümüdafiə qüvvələri isə erməni işğalının qarşısını almaqda aciz idi.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda Silahlı Qüvvələrin formalaşması prosesinə başlanıldı, bu sahədə ciddi islahatlar aparıldı. Erməni işğalçılarına qarşı döyüşlərdə ordumuz daha əvvəlki kimi acizlik göstərmədi, həyata keçirdiyi uğurlu əməliyyatlarla bir sıra yaşayış məntəqələrimiz düşməndən azad edildi. 1994-cü il may ayının 12-də isə atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda genişmiqyaslı tədbirlərin reallaşdırılmasını sürətləndirdi. Orduya çağırışla bağlı qarşıya çıxan çətinliklər aradan qaldırıldı, fərarilik hallarına qarşı mübarizə gücləndirildi. Silahlı Qüvvələrdə hərbi texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlara, zabit korpusuna qayğı göstərildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işinə prioritet istiqamət kimi yanaşıldı.

Ümummilli liderimizdən sonra da ordu quruculuğu inamla, uğurla davam etdirildi. Hərbi sahədə islahatların yeni mərhələsinə başlanıldı. Azərbaycan Ordusunun yeni silah və texnika ilə təchiz edilməsinə mühüm önəm verildi. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növlərinin istehsalı reallaşdırıldı. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən hərbi paradlarda ordumuzun gücü və qüdrəti bütün dünyaya bir daha nümayiş etdirildi.

Hazırda Azərbaycan Ordusu müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir.

Bütün bunlar Azərbaycanda ordu quruculuğu istiqamətində atılan uğurlu addımların, həyata keçirilən islahatların məntiqi nəticəsidir. Eyni zamanda, bir həqiqəti də unutmamalıyıq: Bu gün Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsi dövlətimizin bu sahəyə diqqət və qayğısı ilə bərabər, həm də yeridilən düzgün, uzaqgörən siyasət hesabına iqtisadiyyatımızın son 14 ildə keçdiyi möhtəşəm inkişaf yolu ilə bağlıdır. Çünki ölkəmizin iqtisadi cəhətdən getdikcə güclənməsi sayəsində Azərbaycan Ordusunun hərbi qüdrəti də artıb, döyüş hazırlığı yüksəlib, şəxsi heyətin sosial-məişət şəraiti daha da yaxşılaşıb.

Bu gün artıq inamla deyə bilərik ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə və düşmənə layiqli cavab verməyə qadir olan qüdrətli ordudur.

 

“Açıq qapı günü”nün xoş təəssüratı   

 

Mətbuatda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacağı xəbərini oxuyandan sonra mən də oğlumun xidmət etdiyi “N” saylı hərbi hissəyə gedib həmin tədbirdə iştirak etmək qərarına gəldim.

Həmin gün valideynlər, ictimaiyyət nümayəndələri hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış oldular, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə etdilər.

“N” saylı hərbi hissəsinin rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı günü”ndə valideynlər burada həyata keçirilən islahatlarla tanış oldular, əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan şəraitdən, ərzaq, əşya, eləcə də digər təminatın keyfiyyətindən məmnun qaldıqlarını bildirdilər, dövlət başçısına Silahlı Qüvvələrimizdə xidmət edən övladlarımıza göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.

“N” saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik-leytenant Ceyhun İmanov söhbət zamanı dedi:

– Ordu quruculuğundakı uğurlar hamımızın gözü önündədir. Bütün bunlar – Azərbaycan Ordusunun gücünün artırılması, əsgərlərin, hərbi qulluqçuların döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Bu gün Azərbaycan əsgəri Vətəni şərəflə qoruyur. Vahid komandanlıqdan idarə edilən və müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirmək iqtidarındadır.

“Açıq qapı günü”ndə əsgərlərlə söhbətdə bir daha əmin oldum ki, müasir gənclərimiz hərbi xidmət keçməyin vacibliyini dərk edir, Vətən qarşısında borcun öhdəsindən layiqincə gəlirlər. Onlar döyüş tapşırıqlarına məsuliyyətlə yanaşır, nümunəvi xidmət etməyə çalışırlar.

– Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq, – bu sözləri əsgər Aqil Salmanov deyir:

– Hərbi xidmətə Bakının Binəqədi rayonundan çağırılmışam və burada xidmət etməyi şərəfli vəzifə hesab edirəm. Çağırış vərəqəsi gələndə çox qürurlandım… Keçirilən təlimlərə məsuliyyətlə yanaşıram, hərbin sirlərinə dərindən yiyələnməyə çalışıram. Bu məqamda komandirlərimin də zəhmətini diqqətə çatdırmaq istərdim. Onlar mətin və qorxmaz döyüşçü kimi formalaşmağımızda böyük səy göstərirlər, qayğılarımızla hər zaman maraqlanırlar. Hər birinə təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm.

Əsgər Aqil Salmanov daha sonra dedi:

– Əsgəri xidmətə gələn gündən komandirlərimdən doğma münasibət görmüşəm. Burada sanki bir ailə mühitində xidmət edirik. Şəraitimiz yüksək səviyyədə təşkil edilib. İsti yataq yerimiz, yun və qalın qış geyimlərimiz var. Keyfiyyətli yeməklərlə qidalanırıq. Vəzifəmizin öhdəsindən tam məsuliyyətlə gəlirik.

Əsgəri xidmətə Sumqayıtdan çağırılan Malik Qasımov da torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu bildirir:

– Biz 2016-cı ilin Aprel döyüşlərindəki qələbəmizi hər an təkrarlamağa hazırıq. Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik. Bu, başqa cür də mümkün deyil. Axı torpaq Vətəndir, anadır. Vətən, ana dardadırsa, biz əsgər olaraq övladlıq borcumuzu yerinə yetirməliyik. Bəli, torpaqlarımızın bir hissəsinin işğalda olduğu bir vaxtda Vətən bizdən cəsurluq, igidlik gözləyir.

“N” saylı hərbi hissədə əsgərlərin inamla danışmaları, sabaha inamla baxmaları valideynlərdə də xoş təəssürat yaradırdı. Buradakı ab-hava, əsgərlərin uğurlu xidməti üçün hər cür şəraitin mövcudluğu, komandanlıq tərəfindən onlara yüksək diqqət və qayğı, doğma münasibət göstərilməsi valideynləri hədsiz dərəcədə sevindirirdi.

“Açıq qapı günü”ndə əsgərlərlə söhbətimdən hiss etdim ki, onlar mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, xalqımıza sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanırlar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında