Milli Məclisdə ombudsmanın illik məruzəsi dinlənilmişdir

Martın 4-də Milli Məclisin növbəti iclası keçirilmişdir.İclasda əvvəlcə cari məsələlərə baxılmışdır. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Assambleyanın qış sessiyasında müzakirə olunan məsələlər barədə hesabat vermişdir.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmış, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilmişdir.
Ombudsman Elmira Süleymanova bildirmişdir ki, məruzənin əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2010-cu ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, müdafiəsi, habelə profilaktikası ilə bağlı görülmüş işlər barədə məlumat verməkdir.
Məruzə ərizələrə, təkliflərə və şikayətlərə, müvəkkil və aparatın əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində, hərbi hissələrdə və s. obyektlərdə baxışlar zamanı aşkar edilmiş müxtəlif hallara dövlət orqanlarının və vəzifəli şəxslərin münasibətlərinə və kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanmışdır.
Müvəkkil bildirmişdir ki, BMT-nin insan inkişafına dair son hesabatında Azərbaycan 2005-ci illə müqayisədə 34 pillə irəliləyərək 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Son 10 ildə ölkəmiz insan inkişafı indeksinin orta illik tempinə görə keçmiş sovet respublikaları arasında aparıcı dövlət olmuşdur. Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Diqqətə çatdırılmışdır ki, hesabat dövründə müvəkkilin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsinə və təşviqinə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə müvəkkil ötən il ölkənin 58 şəhər və rayonunda yerli icra hakimiyyəti, prokurorluq, polis, bələdiyyə orqanları, qeyri-hökumət təşkilatları, dairə seçki komissiyaları və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr təşkil olunmuşdur.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 62720 müraciət daxil olmuşdur.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq onları araşdırmış və müvafiq qərarlar qəbul etmişdir.
Müvəkkilin 2010-cu ildə beynəlxalq sahədə səmərəli fəaliyyəti təsisatın beynəlxalq nüfuzunu daha da artırmışdır. Qeyd olunmuşdur ki, Avropa İttifaqının "Tvininq" layihəsində iştirakını uğurla davam etdirən müvəkkil "Şərq tərəfdaşlığı" layihəsində də iştirakla bağlı müzakirələr aparır. Müvəkkil həm beynəlxalq təşkilatlarla, həm də institusional üzv kimi Beynəlxalq Ombudsmanlar Assosiasiyası ilə ikitərəfli əlaqələr qurmuşdur.
Ombudsman və aparatın əməkdaşları beynəlxalq tədbirlərin iştirakçılarının diqqətini Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı 22 ildən artıqdır ki, davam edən, insan hüquqlarının kütləvi və ən ağır şəkildə pozulması ilə nəticələnən, terror və etnik təmizləmə ilə müşayiət olunan təcavüzünə yönəltmişdir. Ermənilərin bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını törətdiyini, ölkəmizin maddi-mədəni sərvətlərini talayaraq kütləvi şəkildə məhv etməkdə davam etdiyini onların diqqətinə çatdırmışdır. Onları Azərbaycanın haqq işini müdafiə etməyə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, bir milyona yaxın qaçqın və məcburi köçkünün öz yurdlarına qaytarılmasına və insan hüquqlarının təmin olunmasına dəstək verməyə çağırmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Müzakirələrin sonunda hesabat nəzərə alınmışdır.
İclasda "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə" qanun layihəsinə də baxılmışdır. Bildirilmişdir ki, Bəyannamə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
"TRASEKA multimodal daşımalarının inkişafı haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsinə də baxılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan bununla böyük layihələri həyata keçirmək iqtidarında olan ölkə kimi imicini daha da möhkəmləndirir. İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsi, "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilmişdir. Həm Bəyannamənin, həm də Sazişin Azərbaycanın milli maraqlarına xidmət etdiyi vurğulanmışdır.
"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti, xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi də səs çoxluğu ilə qəbul olunmuşdur.
Axşam iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər və əlavələr edilmişdir. Bildirilmişdir ki, bu dəyişikliklər əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında reallaşdırılmasından ibarətdir.
Sonra "Yol hərəkəti haqqında" Qanuna müəyyən əlavələr edilmişdir. Qeyd olunmuşdur ki, təklif olunan əlavədə sertifikatı olan, qeydiyyatdan, dövlət texniki baxışından keçmiş, habelə sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş nəqliyyat vasitələrinın ölkəmizdə yol hərəkətində iştirakı nəzərdə tutulmuşdur.
"Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında" və "Dərman vasitələri haqqında" qanunlara təklif edilən əlavələr və dəyişikliklər isə əsasən redaktə xarakterli olmuşdur. Bildirilmişdir ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilməlidir. Mənşə ölkənin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
İclasın sonunda "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanuna əlavələr edilmişdir. Bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış müharibə əlili vəfat etdikdə güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında