Balakən: bu günü də gözəldir, sabahı da...

Balakənlə bağlı bu sətirləri qələmə almağa başlayanda rayona sonuncu səfərim zamanı bir dostumdan eşitdiyim sözlər yadıma düşdü. Həmin dostum həmişəki təbəssümlə və ərkyana bir şəkildə demişdi ki, nədənsə bizim rayondan az yazırsınız. Doğrusu, nə gizlədim, dostumun bu sözü məni əməlli-başlı tutmuşdu. Öz-özümə sual vermişdim ki, bu qədər inkişafı, tərəqqisi olan, insanları dağları tək vüqarlı, təbiəti kimi saf, duru olan bir rayondan doğrudanmı az yazmışam? Axı Balakən, onun gözəlliyi, burada görülən böyük işlər barədə necə az söhbət açmaq olar?
Burada yaşayan başqa bir dostum Nizami Quliyev isə dedi ki, görünür bu eyhamı başa düşməmisən. Yəqin dostumuz demək istəyib ki, Balakəndə görülən işlərin həcmi o qədər çoxdur ki, oradan nə qədər yazsan yenə azdır.
Belə bir sözü mənə bir dəfə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov da demişdi: Amma o, "Bizdən az yazırsınız" - deyəndə də rayonun inkişafında xüsusi xidmətləri olan sadə insanların - fəhlə, daşyonan, asfaltçəkən, divar hörən, sürücü, çilingər və başqa peşə sahiblərinin əməyinin daha geniş işıqlandırılmasını nəzərdə tuturdu. Əslində bu arqumentlə mən tamamilə razılaşırdım. Çünki çoxdan tanıdığım Asif müəllim sözün həqiqi mənasında işləyən insanın qiymətini verməyi bacaran rəhbər işçilərdəndir.
...Zaman bizə çox şey öyrədir. Çeviklik, ictimai-siyasi və sosial məsələlərə daha operativ münasibət bildirmək, dünyadakı istənilən prosesdən daha tez xəbər tutmaq və sairə. Bu məsələlərdə informasiya-kommunikasiya vasitələri, xüsusən, internet şəbəkəsi daha səmərəlidir. Rayon İcra Hakimiyyətinin internet saytını açdıqda göz önündə ənənəvi, yaşıllıqlarla əhatə olunmuş zümrüd rəngli Balakən canlanır. Burada rayonun istənilən sahəsi haqqında əhatəli məlumat verilir. İcra başçısının kəndlərdə keçirdiyi görüşlərdən tutmuş tarixi hadisələrin və əlamətdar günlərin ildönümləri münasibətilə təşkil edilən tədbirlərə, insanlara göstərilən qayğı və diqqət, sosial obyektlərin açılışlarına qədər öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Balakənə səfərləri, onun tarixi görüşləri, dediyi sözlər xüsusilə diqqəti cəlb edir. Bu yaşıllıqlar fonunda təşkil edilmiş "Qarlı Balakən" adlı video guşəsi isə bir daha sübut edir ki, Balakənin nəinki hər fəsli, hətta hər günü gözəldir. Nizami adına şəhər 1 nömrəli orta məktəbin qarşısında, qarlı bir gündə lentə alınan təsvirlər Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ən uca zirvəsində, daha sonra buraya xüsusi gözəllik verən kanat yolunda davam etdirilir. Qar üstünə çiçək kimi səpələnmiş uşaqların qartopu oyununu görəndə nədənsə dostlarımızdan birinin anasına göndərdiyi şerin aşağıdakı misralarını xatırladım:
Bu səhər Bakıya qar yağır, ana,
Qızlar dəcəlləşir, "uşaqlaşırlar".
İydənin üşüyən ağ budaqları
Əyilib gövdəylə qucaqlaşırlar.
Üstünə qar yağan budaqların əyilməsi tam təbiidir. Ancaq dostumuza elə gəlib ki, üşüyən cavan budaqlar soyuqdan qorunmaq üçün anaya - ağacın gövdəsinə sığınmaq istəyib. "Qarlı Balakən" lövhələrində də üstünə qar yağan, əyilən budaqlar çoxdur, lap çox. Ancaq tərtibçilər tez-tez atlant gövdəli, nəhəng, Balakənin dağları qədər qüdrətli görünən çinarı iri planda önə çəkirdilər. Çinarın isə nəinki budağı əyilmir, hətta o, qalın qarı bəzək kimi, zinət kimi saxlayırdı. Burada bir həqiqət ortaya çıxır. Qar başqa yerlərdə problem yaratsa da Balakəndə ancaq və ancaq gözəllik kimi qiymətləndirilir. Desəm ki, bu, qışa vaxtında və keyfiyyətli şəkildə hazırlıq görülməsinin nəticəsidir - həqiqət olsa da, yazının indiyə qədərki ruhuna uyuşmaz. Başqa bir həqiqət də var ki, Balakəndə təbiətlə cəmiyyətin o qədər də asanlıqla izah edilə bilməyən bir uyğunluğu var. Yəni bu yerin adamları da bulaqları kimi qürurludur. İnsan dağa baxıb əzəməti, bulağa baxıb saflığı öyrənmirmi?
İndi isə qayıdaq yazının əsas qayəsinə. Balakənin 2010-cu ildə sosial-iqtisadi inkişafını göstərən faktlara və rəqəmlərə keçə bilmirəm. Çünki "Balakən ötən il hərtərəfli inkişaf edib" və ya "bütün sahələrdə böyük uğurlara və nailiyyətlərə imza atılıb" - ifadələri artıq bir az təkrar kimi, bir az da sönük görünür. Ona görə ki, son illər Balakənin istənilən ili ötən illə müqayisədə kifayət qədər uğur və nailiyyətlərlə tarixə yazılır. O səbəbdən də həmin ifadələr təkrar kimi görünə bilər. Həmin ifadələrin bir qədər sönük kimi görünməsini isə ötən il Balakəndə görülmüş işlərin miqyası, əhatəsi, hərtərəfliliyi ilə, rayonun daha iti sürətlə müasirləşməsi ilə əsaslandırırıq.
"Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov da çıxış etdi. Son illərdə rayonun tanınmaz dərəcədə dəyişdiyindən söhbət açdı, uğurları sadaladı, görülmüş işlərdən danışdı. Saymaqla qurtaran deyil. Yaxşısı budur bəziləri haqqında mən deyim. Siz də tanış olun. Görün ki, təkcə bir il də nə qədər uğura imza atılıb.
2010-cu ili Balakən üçün əlamətdar edən ən mühüm hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu rayona üçüncü dəfə səfər etməsi olub. Asif müəllimlə söhbətimiz zamanı icra hakimiyyətinin başçısı qeyd etdi ki, balakənlilər bu tarixi səfərin təəssüratlarını hələ uzun müddət unutmayacaqlar: - Ötən il iyulun 8-də rayonumuza üçüncü dəfə səfər edən Prezident İlham Əliyev "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci ilində həyata keçirdiyimiz layihələrlə, icra olunan tədbirlərlə yerində tanış oldu və konkret tapşırıqlar, tövsiyələr verdi. Dövlət başçısı Balakənin sosial-iqtisadi həyatında misilsiz əhəmiyyət kəsb edəcək "Balakən-1" Su Elektrik Stansiyasının təməlqoyma mərasimində və yeni tikilən sosial obyektlərin açılışında iştirak etdi. Su Elektrik stansiyası barədə söz açarkən "misilsiz əhəmiyyət kəsb edəcək obyekt" ifadəsini işlətməyimiz təsadüfi deyil. Çünki bu stansiyada ildə 10 milyon kilovat saat elektrik enerjisi istehsal ediləcək. Bu isə rayonumuzun elektrik enerjisinə olan tələbatının 25 faizi deməkdir. Stansiyanın tikintisi 2011-ci ilin ikinci yarısında başa çatdırılacaqdır ".
-Stansiyanın gücü, istehsal olunacaq enerjinin əhəmiyyəti, tikintinin nə zaman başa çatacağı barədə bütün məqamlar maraqlıdır. Ancaq ən maraqlısı bu qurğunun adıdır. Nə üçün bu stansiya sadəcə "Balakən" yox, "Balakən-1" adlanır - deyə soruşduq.
- Təbii ki, hansısa ad nömrələnirsə, deməli, onun ikincisi, üçüncüsü də olacaq. Yəni Azərbaycan dövləti Balakənin sosial-iqtisadi inkişafını müasir dünya standartları səviyyəsinə çatdırmaq üçün heç nəyi əsirgəmir. Bayaq qeyd etdiyiniz kimi daşyonana, fəhləyə qədər hamımız məhz dövlətin həmin qayğı və diqqətindən istifadə edərək Balakənin tərəqqisinə çalışırıq. Prezidentin rayonumuza üçüncü səfəri zamanı təntənəli şəkildə açılışı olan obyektlərin adını çəksək, bizim 2010-cu ildəki uğurlarımız barədə tam təəssürat yaranar. Balakən Olimpiya İdman Kompleksi, Gömrük-sərhəd buraxılış məntəqəsi, təməli məhz cənab dövlət başçımız İlham Əliyev tərəfindən qoyulan 235 çarpayılıq xəstəxana kompleksi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı 5 mərtəbəli, dördulduzlu "Qubek" mehmanxanası... Bütün bunları yüksək qiymətləndirən Prezident qeyd etdi ki, Balakənin bütün inkişafı yüksək, turizm imkanları isə daha yüksəkdir. Ona görə də bu qəbildən olan mehmanxanalara çox böyük ehtiyac var. Dövlət başçımızdan eşitdiyimiz başqa bir fikir isə bizi daha da ruhlandırdı. Cənab Prezident qeyd etli ki, son illər Azərbaycanın bölgələrində tikilib istifadəyə verilən ən müasir və ən böyük xəstəxana məhz Balakəndədir. Fikrimcə bu təqdimetmələr bütün balakənlilərin 2010-cu ildə gərgin zəhmət, prinsipiallıq, yorulmazlıq, ən başlıcası vətəndaş məsuliyyəti ilə həyata keçirdiyi çoxsaylı tədbirlərin ən ali səviyyədə qiymətləndirilməsi idi.
Yazının əvvəlində yada saldığımız məqama baxmayaraq icra hakimiyyətinin başçısı görülən işlər barədə o qədər də ətraflı danışmaq istəmədi. Sadəcə dövlətin və dövlət başçısının bu rayonun inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirlər haqqında bir neçə cümlə söyləməklə kifayətləndi. Amma biz də çox şey bilirik axı. Bilirik ki, 2010-cu il sözün həqiqi mənasında Balakəni üçün tərəqqi ili olub Hamısı gözümüzün qarşısındadır. Ötən il rayonda tikinti-quruculuq işləri sahəsində çox böyük işlər görülüb. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 36 mənzilli yaşayış binası istifadəyə verilib. Rayonun kəndlərində 4 fərdi yaşayış evi tikilərək əlillərə paylanılıb. Atatürk prospekti başdan-başa görkəmini dəyişib. 450 kvadratmetr genişləndirilən hissəyə asfalt çəkilib, hasarlar və bardürlər rənglənib və digər tikinti-abadlıq işləri aparılıb.
Hazırda son tamamlama işləri davam etdirilən Baytarlıq idarəsinin inzibati binası məhz ötən il tikilib. Acılıqbinə kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilib, 220 yerlik Katex 2 saylı məktəbin tikintisinə başlanılıb... Yeri gəlmişkən. rayonun tədris müəssisələrində yeni dərs ilinə hazırlıqla bağlı aparılan təmir işləri vaxtında başa çatdırılıb. Rayonun Tülü, Şambulbinə və Poçtbinə kənd orta məktəblərində, Qazma kənd uşaq bağçasında dövlət hesabına yüksək səviyyəli təmir işləri aparılıb. Başqa tədris müəssisələrində isə təmir işləri bələdiyyələrin vəsaiti və pedaqoji kollektivlərin köməyi ilə görülüb. Heydər Əliyev prospektində inşa edilən "Gənclər evi" və şəhərdəki 12 mərtəbəli, 60 mənzilli yaşayış evi istismara hazır vəziyyətdədir. Artıq ilk sakinlərini qarşılayır. Xoşbəxt yaşasınlar.
Balakənin 2010-cu illə bağlı bütün göstəriciləri ürəkaçan olsa da, bir məsələ məni daha çox məmnun elədi. Belə ki, təkcə ötən il bu rayonda 104 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Sərhəd rayonu üçün çox böyük göstəricidir. Ölkənin ən ucqar rayonunda bir ildə təxminən 10 min 300 kvadratmetrlik, bu qədər fərdi yaşayış evi tikilirsə, bu, mütləq alqışlanmalıdır. Müstəqil Dövlətlər Birliyinin internet saytlarını izləyən oxucularımız yaxşı bilirlər ki, bu göstərici az qala bütövlükdə Ermənistanın göstəricisinə bərabərdir. Ermənilər ölkədən qaçır, bizim soydaşlarımız isə xaricdən qayıdıb öz doğma ocaqlarına qayıdır, yeni evlər tikir, bu inkişafa töhfələrini verirlər.
Bu gün Balakən barədə söz düşəndə ən çox qeyd edilən məsələlərdən biri də yol tikintisidir. Təkcə respublika əhəmiyyətli magistral yollar deyil, eləcə də kənd və qəsəbələri birləşdirən yolların hamısı təmir olunur, abadlaşdırılır. Bölgənin turizm baxımından əhəmiyyətini nəzərə alan mütəxəssislər yolların rahatlığını və müasirliyini təmin etməklə yanaşı yol kənarlarının estetik görünüşünün də qayğısına qalırlar. Hətta Katex kəndi ərazisində yol kənarlarında təbiət muzeyinin yaradılması üçün xüsusi qurğuların tikintisinə başlanılıb. Orada yerli təbiəti təmsil edən müxtəlif heyvanların fiqurları yerləşdirilir. Təbiət muzeyinin tikintisi başa çatdıqdan sonra Balakənin qonaqlarının və buraya gələn turistlərin daha da çoxalacağı şəksizdir. Hələ mən Açıq Səma altında yaradılan muzeyi demirəm. Baxdıqca baxmaq istəyirsən.
Bütün bunlarla yanaşı, rayon əhalisinə göstərilən kommunal xidmətin səviyyəsi də yaxşılaşıb. Ötən il rayona təbii qaz verilməsi məsələsi həm kəmiyyətcə, həm də keyfiyyətcə kifayət qədər həll edilib. Qaz sayğacı ilə təmin edilən abonentlərin sayı 4500-ə çatdırılıb. Hazırda daha 2000 fərdi evin qazlaşdırılması üçün sənədlər hazırlanır. Rayon əhalisinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün həyata keçirilən tədbirlər barədə isə yuxarıda söz açdıq.
Diqqətli oxucunun bəlkə də yadında olar. Keçən il Balakənin gecəsindən "Elə bil işığa düşüb bu şəhər" adlı bir yazı hazırlamışdıq. Bu yazıdan sonra çox balakənli bizə məktub yazdı, təşəkkür elədi. Görürsünüzmü başdan-başa işığa bürünən Balakənin mərd, təpərli, qeyrətli insanları heç nəyi yaddan çıxarmırlar.
Bəlkə bir az da Balakənin təhsilindən danışaq. Ötən il balakənli məzunların 191 nəfəri tələbə adını qazanıb. Dövlət ali məktəblərinə qəbul olunan 172 gəncdən 6 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən çox bal toplayıb. Dövlət başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülən 100 tələbədən birinin balakənli olması bu rayonda təhsilin keyfiyyətindən xəbər verən ən yaxşı göstəricidir. Bu sətirləri yaza-yaza özü-özümə sual verirəm. Bəs necə olmalıdır?
Balakəndə tikilən yeni məktəbləri görsəniz ürəyiniz qürur hissi keçirər. İtitala kənd məktəbinin açılışı zamanı yanımda dayanan bir nəfərin dediyi sözləri xatırlayıram: "Heç Bakıda belə məktəb yoxdur".
Ötən il Sinqapurda yeniyetmələr arasında keçirilən olimpiadada balakənli məktəbli Murad Bazarovun yunan-Roma güləşi üzrə qızıl medala layiq görülərək Olimpiya çempionu olması xəbəri isə hamının sevincinə bir az da sevinc qatdı. Ardınca bu güləş növü üzrə R.Çunayev Ukraynada keçirilən Beynəlxalq turnirdə üçüncü yeri tutdu. Respublika səviyyəli idman yarışlarında isə ötən il balakənli gənclər 21 dəfə birinci, 10 dəfə ikinci, 20 dəfə isə üçüncü mükafatın sahibi olublar. Bu, Prezident İlham Əliyevin "Biz bütün bölgələrimizdə idmanın, bədən tərbiyəsinin səviyyəsini artırmalıyıq" - çağırışına balakənli gənclərin layiqli cavabıdır.
Aqrar sahəyə gəlincə isə keçən il 1263 ton məhsul, o cümlədən 600 ton buğda, 663 ton arpa götürülüb. İl ərzində 4 min 644 ton ət, 15 min 625 ton süd, 67,2 ton yun, 8 milyon 320 min ədəd yumurta, 28 ton bal istehsal edilib. Bütövlükdə isə aqrar sahədən 48,5 milyon manatlıq gəlir əldə edilib.
Ötən payız qələmə aldığımız yazılardan birində qeyd etmişdik ki, Balakən hər gün, hər addımda üzü sabaha doğru gedir. Ancaq indi bir məsələni də qeyd etmək zərurəti yaranır: "Balakən sabaha təkcə bu günün nailiyyətləri ilə deyil, həm də tariximizi olduğu kimi, obyektiv şəkildə öyrənərək gedir". Belə ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən rayonun Qazma kəndində aparılan qazıntılar nəticəsində islamdan əvvəlki dövrə aid 30-dan çox insan məzarı, çox qədim yaşayış məskəninin divarları aşkar edilib. Ekspedisiya qrupu rayonun Kortala kəndindəki "Xəncəritən qobu" adlı yerdə eramızdan yeddi-dördüncü əsrlərə aid bir neçə nekropol üzə çıxarıb. Orada Qafqaz Albaniyasının antik-dövr mədəniyyətini və sənətkarlığını öyrənmək üçün xüsusi əhəmiyyəti olan onlarla arxeoloji tapıntı əldə edilib. Bu eksponatlar Balakən Tarix diyarşünaslıq muzeyini daha da zənginləşdirib.
Beləcə, bu yazıda ənənədən kənara çıxaraq Balakənin 2010-cu ildə əldə etdiyi nailiyyətlər barədə deyil, 2010-cu ilin Balakənə bəxş etdiyi töhfələr barədə söz açmağa çalışdıq. Təbii ki, bütün sahələri əhatə edə bilmədik. Bu, mümkün də deyil. Eybi yoxdur. Onsuz da geridə qalan iki ay sübut edir ki, balakənlilər 2011-ci ildə daha böyük uğurlar əldə edəcəklər. Ona görə də növbəti yazılarda bu cənnətmisal diyarın adamları, bütün sahələri barədə söz açmaq imkanımız olacaq. Hələlik isə dağlar ağ libasını soyunmaqdadır. Qayaların soyuqdəyməsi açılırmış kimi daşlar arasından oymaq-oymaq su süzülür. Bir azdan dərələrin gün tutan, amma külək dəyməyən hissələrində zoğal ağacları çiçəkləyəcək, sonra alça çiçəkləri məsum-məsum, hürkə-hürkə buludlara "baxacaq", daha sonra... yaz gələcək. Ulu dağların əzəmətini, barlı bağların bərəkətini yeni çağların - müasir günümüzün əməlləri daha da artıracaq, daha da zənginləşdirəcəkdir.
Yazıya nöqtə qoymaq istəyirdim ki, yaddaşıma ilişib qalmış bir faktı deməyi özümə borc bildim.
Siz bu şəkillərə diqqətlə baxın. Onların hamısını balakənli Ramazan Abalov çəkib. Rayonda keçirilən elə bir tədbir olmayıb ki, Ramazan foto aparıtı ilə orda olmasın. Bir sözlə, onu kiçikdən böyüyə hamı yaxşı tanıyır. Niyə də tanımasınlar ?! Balakənlilərin xoş günlərini yaddaşlara həmişə o köçürüb. Ramazan mənim də dostumdur. Hər dəfə rayonda bir yerdə oluruq. Mən yuxarıda 2010-cu ildə görülən işlərdən, sevincli anlardan söhbət açdım. Deyim siz də bilin. Keçən il mənim yadımda həm də Ramazanın toyu kimi qalıb...{nl}


İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında