Uydurma "erməni soyqırımı"nı bütün dünyada təbliğ edən erməni millətçilər tarixçilərin arxivləri açmaq, bu məsələni araşdırmaq, real tarixi faktları dünya ictimaiyyətinə göstərmək barədə çağırışlarını nədənsə həmişə cavabsız qoyurlar. Bu, onlara sərf etmir, səbəb isə çox sadədir - arxiv materialları erməni millətçiliyinin və ekstremizmin iç üzünü açar, "başıbəlalı erməni xalqına qarşı soyqırımı" barədə deyilənlərin yalan olmasını ifşa edərdi. Buna baxmayaraq, ermənilərin cidd-cəhdlə gizlətməyə çalışdıqları sirlərin açılması istiqamətində araşdırmalar ardıcıl olaraq aparılır.
Bu günlərdə Bakıda rus dilində nəşr edilmiş "Birinci Dünya müharibəsi dövründə erməni silahlı dəstələrinin Türkiyədə və Cənubi Qafqazda fəaliyyəti haqqında general-mayor Bolxovitinovun raportu" ("Raport qeneral-mayora Bolxovitinova o deətelğnosti armənskix voorucennıx otrədov v Turüii i Zakavkazğe v Pervuö mirovuö voynu", Bakı, Azərnəşr, 2011) adlı yeni kitab XIX əsrin 80-ci illərinin axırlarında və Birinci Dünya müharibəsi illərində erməni millətçilərin Türkiyədə və Qafqazda törətdikləri əməllərin həqiqi mahiyyətini əks etdirməklə bu istiqamətdə aparılan araşdırmalara daha bir töhfədir. Kitabda Rus Qafqaz Ordusunun Baş Qərargah rəisi, çar general-mayoru Leonid Bolxovitinovun 1915-ci il dekabr ayında yazdığı 65 səhifəlik məruzə təqdim edilir. Bu arxiv sənədini ilk dəfə türkiyəli tarixçi Mehmet Perincik Rusiya Dövlət Hərbi Tarix Arxivinin fondlarında aşkar etmişdir. Bu materiallar keçən əsrin əvvəlində və Birinci Dünya müharibəsi illərində ermənilərin Türkiyədə, Şərqi Anadoluda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə dəlalət edir. General kəşfiyyat məlumatlarına, sənədlərə əsaslanaraq qondarma "erməni məsələsi"nin yaranması səbəblərini, erməni millətçilərinin Türkiyə şəhərlərinin dinc sakinlərinin qanını tökmək, onları qətlə yetirmək bahasına müstəqil Ermənistan yaratmaq məqsədlərini açıb göstərir.
Bundan əlavə, çar Rusiyası generalı öz məruzəsində Birinci Dünya müharibəsi illərində Rusiyanın tərəfində Türkiyəyə qarşı vuruşan erməni drujinalarının yaradılmasının həqiqi səbəblərini təhlil edir. Sənəddə açıq-aydın ifadə edilir ki, o vaxtkı Rusiyanın rəhbərliyi ermənilərin xeyirxah niyyətlərinə, onların türklərə qarşı müharibədə guya Rusiyaya kömək etmək istəyinə şübhə edir. Əlbəttə, rus generalı çox yaxşı başa düşürdü ki, bu cür vədlər erməni dövləti yaratmaq ideyasını nəyin bahasına olursa-olsun - terror, qan tökülməsi, iyrənc yalanlar vasitəsilə həyata keçirmək arzusunda olan ermənilərin mahiyyətinə ziddir.
L.Bolxovitinov "erməni məsələsi"nin yaranması tarixini şərh edərək yazır ki, bu məsələ XIX əsrin 80-ci illərinin axırlarında, Türkiyə ərazisində ermənilər və türklər arasında toqquşmalar başlanan dövrdə qaldırılmışdır. General göstərir ki, şahidlik edir ki, o vaxta qədər bu xalqlar Türkiyənin şərq hissəsində dinc yanaşı yaşamışlar. General yazır: "Doxsanıncı illərin əvvəlinə qədər Türkiyənin özündə erməni məsələsi ümumiyyətlə yox idi və ya sonradan kəsb etdiyi çalarlardan çox uzaq idi. Ermənilər, türklər, kürdlər bir yerdə yaşayırdı və qonşular arasında adi mübahisələrin hüdudlarından kənara çıxan heç bir ciddi anlaşılmazlıq olmurdu, çünki onlar hamısı tamamilə eyni şəraitdə yaşayırdılar". Lakin "İngiltərədə, Fransada, Avstriya və Amerikada yaranmış erməni siyasi xəyalpərəstlərin dərnəkləri" ermənilərin yeni özünüdərki və Türkiyə ərazisində müstəqil dövlət yaratmaq barədə məsələ qaldırdılar. Onlar bu məqsədə nail olmaq üçün Türkiyədə qanlı toqquşmalar törədir, Avropanı inandırmaq istəyirdilər ki, "ermənilər Türkiyədə amansız təqiblərə məruz qalırlar".
General L.Bolxovitinov həmçinin hesab edir ki, erməni millətçiləri xarici ölkələrin siyasi ideyalarının həyata keçirilməsi üçün vasitəyə çevrilmişlər. Həmin ölkələrin məqsədi Türkiyədə qanlı talanlar törətmək və bu yolla gələcəkdə Türkiyə hökumətinə təzyiq göstərmək vasitələri əldə etmək idi. Beləliklə, "ermənilərin başçıları onlara məkrlə təlqin edilmiş fikri həvəslə həyata keçirməyə başladılar. Onlar öz xalqına ağlasığmaz fikirlər təbliğ edirdilər: Təkcə qan tökmək lazımdır, onda ermənilər Avropanın köməyi ilə bütün arzularına çatacaqlar".
XIX əsrin 90-cı illərinin əvvəlində Türkiyədə ermənilər yaşayan şəhərlərdə "Qnçak", "Daşnaksutyun" və "Ermənistan" adlı erməni təşkilatları fəaliyyətə başladılar. L.Bolxovitinov yazır ki, sonrakı illərdə erməni ideoloqları sözdən əməli işə keçdilər və Türkiyənin öz ərazisində türklərə qarşı hücumlar təşkil etməyə başladılar. Kitabın müəllifi Kukunyan, Serop, Andranik başda olmaqla erməni bandit qruplaşmalarının silahlı hücumlarını təsvir edir. Bu qruplaşmaların məqsədi Türkiyə əyalətlərində erməni kəndlilərin vəziyyətini gərginləşdirmək və "azad dövlət yaratmaq kimi cəfəng ideya naminə özündən daha aşağı təbəqəyə mənsub olan qardaşının taleyi barəsində sərəncam vermək hüququnu öz üzərinə götürmüş daha mədəni soydaşlarının nəzəriyyələrinə uyğun olaraq bu kəndliləri bəlalara düçar etmək" idi.
Rus generalının məruzəsində qeyd edilir ki, sonralar Rusiya ərazisində, o cümlədən Qafqazda və Azərbaycan torpaqlarında erməni məsələsinin yeni fazası başlanmışdır. L.Bolxovitinov yazır ki, "Daşnaksutyun" partiyasının fəalları "təkcə başqa millətlərdən olan şəxslərə qarşı deyil, həm də bu partiyanın təbliğ etdiyi siyasi niyyətlərə tamamilə laqeyd münasibət bəsləyən öz həmvətənlərinə qarşı terror yolu ilə öz ideallarını həyata keçirməyi" qarşıya məqsəd qoymuşdular. General ermənilərin Qafqazda azərbaycanlılara hücumları barədə də məlumat verir. 1905-ci ildə erməni ideoloqları öz arzularını həyata keçirmək üçün çar hökumətindən kömək istəməyə başlayır, "Böyük Ermənistan" haqqında mifi reallaşdırmaq üçün siyasi, diplomatik hiylələrə əl atırlar. Lakin Bolxovitinov göstərir ki, Birinci Dünya müharibəsi başlayandan, Rusiya ilə Türkiyənin münasibətləri kəskinləşəndən sonra erməni məsələsində dönüş anı başlanır. Beləliklə, erməni millətçilər həmin məqamdan istifadə etməyi və Türkiyəyə qarşı müharibədə Rusiyaya kömək etmək bəhanəsi ilə silahlı dəstələr yaratmağı qərara alırlar. Lakin onların əsl məqsədi yenə də azad Ermənistan xülyası idi. Bu ideya naminə onlar istənilən alçaqlığa əl atmağa, Türkiyənin dinc sakinlərinə qarşı qırğın törətməyə hazır idilər. Generalın istinad etdiyi sənədlərdən görünür ki, erməni ideoloqları müharibə Rusiyanın qələbəsi ilə başa çatandan sonra ermənilərin həmin müharibədə Rusiya imperiyası tərəfdə iştirakına görə, "Rusiya hökumətinə müharibə dövründə öz drujinaları ilə kömək etdiyinə görə mükafat şəklində Ermənistana muxtariyyət verilməsi barədə vəsatət təqdim etməyi" planlaşdırırdılar. Sənədlərdən bəlli olur ki, ermənilər onlara muxtariyyət veriləcəyini gözləməyin əbəs olduğunu başa düşən kimi, onların ordudan fərarilik etməsi, özlərini xəstəliyə vurması, özlərinə xəsarət yetirməsi və hətta qaçaraq Türkiyə ordusu sıralarına qoşulması halları yaranmışdı. Lakin ermənilərin başçıları könüllüləri Rusiyadan alınmış silahları geri qaytarmamağa çağırırdılar, çünki bu silah "erməni ideyalarının" reallaşdırılması və hətta Rusiya imperiyasına qarşı çıxmaq üçün lazım olacaqdır.
Rus generalı L.Bolxovitinov ermənilərin həqiqi məqsədlərini açıqlayaraq bu qənaətə gəlir: "Ermənilərin Rusiyaya münasibətdə zahiri loyallıq göstərməsi yalnız maskalanma idi. Əslində isə fürsət yaranan kimi onlar bu maskanı kənara atmağa və böyük dünya müharibəsinin başa çatmasını gözləmədən, həmin silahı özlərinin yeganə dayağı hesab etdikləri Rusiyanın özünə qarşı çevirməyə hazır idilər".
L.Bolxovitinov öz məruzəsində erməni silahlı dəstələrinin Türkiyə kəndlərində törətdikləri əməllər, onların türkləri və kürdləri qırması barədə sənədli faktlar göstərir. O, həmçinin inandırıcı faktlarla göstərir ki, Vanda və Şərqi Türkiyənin digər yaşayış məntəqələrində erməni əhalisinə qarşı kütləvi qətllər törədilməmişdir, əksinə, erməni drujinaları yerli əhalini qılıncdan keçirmişdir.
Kitabda göstərilən faktlar sübut edir ki, o vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, erməni millətçilərin və onların havadarlarının istifadə etdiyi qanlı metodlar dəyişməmişdir. Keçən əsrin 80-ci illərinin axırları və 90-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və hətta Sumqayıt şəhərində baş vermiş hadisələr göstərir ki, "erməni məsələsi" bu dəfə də onların nüfuzlu himayədarlarının köməyi ilə və L.Bolxovitinovun məruzəsində təsvir edilmiş həmin üsullarla qaldırılmışdır.
Nəşrin redaktoru Azər Mustafazadədir. Kitaba professor Cəmil Həsənli, tarix elmləri namizədi Fikrət Bağırlı və türkiyəli tarixçi Mehmet Perincikin təqdim etdiyi fotomateriallar da əlavə olunmuşdur.{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.