Pambıqçılıq rayonlarında qarşıda duran vəzifələr müzakirə olunub

Kürdəmir

 

Rayonda keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib. Yığıncaq martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və orda irəli gələn vəzifələrə həsr olunub.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən yığıncaqda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.

Ceyhun Cəfərov, eləcə də digər çıxış edənlər Kürdəmirin hələ sovet dövründə respublikanın böyük pambıqçılıq rayonlarından biri olduğunu söyləyiblər. Çıxışlarda son illər bu sahənin inkişafı ilə əlaqədar görülən işlərdən, dövlət qayğısından danışılıb. Qeyd olunub ki, rayonda 2015-ci ildə 22 hektar, 2016-cı ildə 1911 hektar, 2017-ci ildə 4027 hektar sahədə pambıq əkilib. Ötən il 5001 ton pambıq istehsal edilib ki, bu da əvvəlki ildəkindən 2900 ton çoxdur. Məhsulun 773 tonu maşınlarla yığılıb.

Cari ildə 5030 hektarda pambıq əkini nəzərdə tutulub. Bunun üçün su təminatı olan münbit sahələr seçilib, 275 fermerlə müqavilə bağlanılıb.

Vurğulanıb ki, pambıqçılığın maddi-texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınıb. Əlverişli hava şəraiti olarsa, səpinə aprel ayının birinci ongünlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülüb. Fermerlər hər hektardan 20 sentner məhsul götürülməsini qarşılarına məqsəd qoyublar.

Çıxışlarda çiyid səpininin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə əlaqədar qarşıya çıxa biləcək çətinliklər də geniş müzakirə olunub.

Yığıncaqda Prezident Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov çıxış edərək, diqqəti Bərdədə keçirilən müşavirədə qarşıya qoyulan konkret vəzifələrə cəlb edib, bununla əlaqədar görüləcək işlərdən danışıb.

Yığıncaqda Kürdəmir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mətləb Kərimov, Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi Əhliman Kərimov, Qarasu Pambıqçılıq Təsərrüfatının rəhbəri Şakir Teyyubov və Çöhranlı Pambıqçılıq Təsərrüfatının rəhbəri Mübariz Hacıyev və başqaları əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə ediblər.

Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.

 

Zərdab

 

Martın 26-da Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək tədbirləri ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir. Yığıncağı giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev başda pambıqçılıq olmaqla rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işləri ətraflı təhlil etmiş, cari ildə qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd etmişdir ki, dövlətimizin diqqət və qayğısı sayəsində ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər zərdablılarda böyük ruh yüksəkliyi yaratmışdır. Ən başlıcası minlərlə yeni iş yerləri açılmış, əhalinin məşğulluq səviyyəsi xeyli yüksəlmiş, ailə büdcələrinin artırılması üçün gözəl imkanlar yaranmışdır.

L.Babayev bildirmişdirki, keçmiş Sovetlər Birliyi dövründə rayonda 30 min tona yaxın pambıq tədarük edilmiş, lakin müstəqillik illərində bu sahə tam tənəzzülə uğramışdır. 2015-ci ildə rayonda cəmi 153 hektar sahədə pambıq əkilmiş və 15 ton pambıq istehsal edilmiş, məhsuldarlıq 1 sentner olmuşdur. Lakin 2016 və 2017-ci illərdə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabad və Saatlı rayonlarında keçirilmiş respublika müşavirələrində Azərbaycan hökumətinin bu sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr, pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambığın satınalma qiymətinin artırılması və istehsalçılar üçün subsidiyaların verilməsi Zərdabda da bu sahənin inkişafına böyük təkan vermişdir. 2016-cı ildə rayonda 832 hektar sahədə pambıq əkilmiş, 900,3 ton pambıq tədarük edilmiş, məhsuldarlıq 10,8 sentner olmuşdur. 2017-ci ildə 3232,3 hektar sahədə pambıq əkilmiş, 4191,2 ton məhsul tədarük olunmuşdur ki, bu da 2016-cı ildəki göstəricidən 4,7 dəfə çoxdur. Məhsuldarlıq 13 sentner olmuşdur. Pambıqçılıq sahəsində 3 mindən çox mövsümi iş yerləri yaradılmışdır.

Rayon ərazisində 3 min hektar sahədə aqropark təşkil edilmiş, hazırda orada 300 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri aparılır.

Pambıqçılığın inkişafında xüsusi rolu olan suvarma sahəsində xeyli iş görülmüş, Bəyimli qəsəbəsi ərazisində yerləşən 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayından 15 kilometr məsafəyə su xətti çəkilmiş, rayonun kollektor-drenaj şəbəkələrində ötən il 479 min kubmetr lildən təmizləmə işləri aparılmış, 95 kilometr şəbəkə lildən təmizlənib yararlı hala salınmışdır.

Rayonun Gəlmə, Cavar və ÇTZ Sudan İstifadəedənlər Birliklərinin ərazilərində 8664 hektar sahədə 187,5 kilometr suvarma, 94,2 kilometr kollektor-drenaj şəbəkəsi təmir-bərpa olunmuşdur.

Gödəkqobu kəndi ərazisində suvarma işlərinin yaxşılaşdırılması üçün xeyli iş görülmüşdür. Əlvənd və Otmanoba kəndlərində 800 hektardan çox sahənin suvarılmasının yaxşılaşdırılması üçün yeni nov-kanalların çəkilişinə başlanılmış, işlərin yarısı görülmüşdür. Lakin 2 kilometr məsafədə görüləsi işlərə başlanılmamışdır.

2018-ci ildə 3232 hektar sahədə pambıq əkilməsi üçün “MKT-İK” MMC-nin Zərdab filialı ilə 896 hektar, “Kənd Təsərrüfatı” MMC ilə 2138,4 hektar sahə üçün müqavilə bağlanılmış, 197,6 hektar sahədə fərdi qaydada pambıq əkini nəzərdə tutulmuşdur. Bütün sahələrdə şum aparılmış, hazırda arata başlanılmışdır. Artıq min hektara yaxın sahədə arat aparılmışdır.

Cari ildə pambıq əkininin, becərilməsinin və yığımının müsbət təşkili üçün yeni fəaliyyətə başlamış “Kənd Təsərrüfatı” MMC tərəfindən rayona 13 ədəd şum, 10 ədəd becərmə traktoru, 10 ədəd çiyidsəpən, 10 ədəd kultivator, 3 ədəd çiləyici aparat, 20 ədəd lafet, 10 ədəd mala, 5 ədəd çiyiddöyən gətirilmiş, 5 ədəd traktor, 5 ədəd çiyidsəpən, 5 ədəd kultivator, 2 ədəd su çəni və 3 ədəd pambıqyığan maşın gətirilməsi üçün sifariş verilmişdir. Alaq otlarına, tripisə, mənəyə, sovkaya qarşı mübarizə məqsədilə kifayət qədər pestisid və  gübrə gətirilmişdir. Çiyid səpininə başlanılması üçün son hazırlıq işləri görülür.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri İbrahim Mustafayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin məsləhətçisi Xəzər Qarakişiyev çıxış etmişlər.

İlqar HƏSƏNOV,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbirləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında