Azərbaycandakı yeni şirkətlər rəqabətə necə davam gətirməlidir?

İntiqam Bəşirovun "Şirkətlərarası rəqabət" kitabı onların stolüstü ədəbiyyatı ola bilər
Azərbaycan Respublikası, bütün keçmiş SSRİ respublikaları kimi, müstəqillik qazandıqdan sonra öz iqtisadiyyatını azad bazar münasibətləri üzərində yenidən qurmağa başlamışdır. Sovet sosialist iqtisadi idarəetmə üsullarından imtina edən bütün bu respublikalar, eləcə də Azərbaycan uzun bir keçid dövrü yaşamalı oldu. Bir çox ölkələrdə bu proses hələ də davam etməkdədir. Amma keçən ilin əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev ölkədə bazar iqtisadiyyatına keçid dövrünün başa çatdığını elan etdi.
Təbii ki, hər bir ictimai-iqtisadi formasiyanın öz spesifik tələbləri mövcuddur. Azad bazar iqtisadiyyatı sisteminin tələb və şərtləri heç də asan deyil və bu iqtisadi münasibətləri mənimsəmək, uğurlu nəticələrə gəlib çatmaq üçün keçmiş sovet respublikaları uzun müddət çətinliklərlə mübarizə aparmalı oldular. Keçən əsrin 90-cı illərinin əvvəllərində yeni iqtisadi münasibətlərə dair ədəbiyyatlar da ya az idi, ya da demək olar ki, yox idi. Olanlar da ingilis dilində, yaxud rus dilində olurdu. Bu cür ədəbiyyatlar Azərbaycan ictimaiyyətinin, eləcə də iqtisadi sahədə çalışan mütəxəssislərin əlinə hələ indi-indi gəlib çatır. Şübhəsiz ki, yeni dövr iqtisadi ədəbiyyatına nəinki keçən əsrin 90-cı illərində böyük tələbat vardı, elə indinin özündə də ehtiyac böyükdür. Özü də belə kitabların yüksək tirajla çap olunaraq geniş oxucu kütləsinə, iqtisadçılara, istehsalçılara, bu sahədə təhsil alanlara Azərbaycan dilində çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu mənada Xəzər Universitetinin nəşriyyatı tərəfindən yenicə çapdan buraxılmış "Şirkətlərarası rəqabət: keçmişi, bu günü və gələcəyi" kitabını yeni dövr iqtisadi münasibətləri dərindən öyrənmək, xüsusən rəqabət şəraitində istehsal və satışla məşğul olmaq üçün dəyərli nümunə hesab etmək olar. Kitabın müəllifi Xəzər Universitetinin müəllimi, doktor İntiqam Bəşirovdur. İntiqam müəllim 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu bitirib. Türkiyədəki Dumlupınar Universitetində "Azərbaycandakı marketlərin idarəetmə-təşkilati problemləri və həlli yolları" mövzusunda elmi işi ilə magistratura təhsili alıb. 2007-ci ildə isə Türkiyədəki Süleyman Dəmirəl Universitetində "Yeni rəqabət şərtlərində şirkətlərin yol xəritəsi - Azərbaycan şərab sektoru müəssisələri üzərinə bir dəyərləndirmə" mövzusunda elmi işi ilə doktorantura təhsilini tamamlayıb.
Müəllif şirkətlər arasında rəqabət mövzusuna həsr etdiyi yeni kitabında bu məsələ üzərində geniş təhlil aparır və bu günün Azərbaycan iqtisadçısı, istehsalçısı, müəllimi və tələbəsi üçün vacib ideyalar irəli sürür. Kitabda qeyd edilir: "Bu gün şirkətlər özləri də yeni rəqabət qarşısında davam gətirə bilməyəcəklərini başa düşürlər. Buna görə də onların rəqabər apara bilmələri, gələcəkdə rəqabət üstünlüyünü təmin etmələri üçün rəqabətin əsasının dəyişildiyini dərindən dərk etmələri və rəqabəti cilovlamaq üçün həmin istiqamətlərdə iş apararaq özlərinə yeni yol xəritələri hazırlamaları vacibdir".
Kitabda məhz yeni iqtisadi münasibətlər şəraitində uğurlu iş qurmaq və rəqabətə davam gətirmək istəyən şirkətlərə kömək məqsədilə günümüz üçün aktual olan bir sıra digər problemlərə də toxunulur. Bu baxımdan Azərbaycandakı şirkət rəhbərləri və əməkdaşlarının, eləcə də geniş oxucu kütləsinin "Şirkətlərarası rəqabət" kitabından faydalanmasını məsləhət görərdik.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında