Mədəniyyətsizlik heç kəsə başucalığı gətirməyib

           

 

        Sosial media bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib.  Hətta o dərəcədə populyarlaşıb ki, ictimai-siyasi proseslərdə fikir mübadiləsi aparmaq, müxtəlif ictimai sferadan olan şəxslərin, o cümlədən siyasətçilərin də  öz fikirlərini ifadə etməsi üçün virtual müzakirə məkanına çevrilib. Şübhəsiz, bu, təqdirolunası cəhətdir; dünya təcrübəsi də göstərir ki, sosial media, internet resursları ictimai- siyasi sferada cəmiyyətdə ictimai-rəyə təsir edə bilən bir platformadır.  

Lakin   bu platformadan, sosial medianın təqdim etdiyi  imkanlardan  kim hansı səviyyədə yararlanır?  Əsas məsələ budur. Son günlər sosial mediada milli-mənəvi, əxlaqi dəyərlərimizə  uyğun gəlməyən, virtual etiket qaydalarına zidd statusların yazılması göstərdi ki, xaricdə yaşayan və Azərbaycan dövlətçiliyinə düşmən olan, antiazərbaycan kampaniyası aparan  bəzi qruplar "siyasi mübarizə"lərini sosial media vasitəsilə təhqir və söyüş üzərində qurublar. Təsəvvür edirsinizmi, XXI əsrdə Avropanın mərkəzində oturub, əxlaqi dəyərlərimizə uyuşmayan bir tərzdə “siyasi mübarizə” aparmaqmı olar?!  

 Hər bir sahədə  olduğu kimi, siyasətdə də əxlaq, mədəniyyət mühüm keyfiyyətdir. Sözsüz ki, Avropa  cəmiyyətində bu cür “təhqir və söyüşlərlə bəzənmiş”  siyasi fikir söyləsələr, əlbəttə ki, həmin statusların müəllifləri cəmiyyətin sərt təpkisi ilə üzləşəcəklər. Bu aydındır. Çünki şərəf və ləyaqət məsələsi dünyanın istənilən nöqtəsində eynidir. Bu şəxslərin, heç olmasa, yaşadıqları ölkələrdə Avropa dəyərləri və müzakirə mədəniyyəti barədə   anlayışları olaydı. Onları izləyən  intellekti, dünyagörüşü olan hansı  vətəndaş onu təqdir edər? Heç kim!  Çünki heç kim o cür etikadankənar ifadələri eşitməyi özünə rəva bilməz.  Əksinə, Azərbaycan dövlətçiliyinə, dövlət atributlarına və  rəsmi şəxslərə qarşı  hörmətsizlik və etikadankənar davranışı əks etdirən statuslar  cəmiyyətimizdə onlara qarşı  ikrah hissi və mənfi təəssürat oyatdı.  Çünki  vətəndaş, eləcə də sosial media istifadəçisi qarşısındakı ictimai şəxsi yüksək intellektli, dünyagörüşlü, xalqının milli-mənəvi dəyərlərinə, milli kimliyinə və dövlətçiliyinə bağlı bir şəxs görmək istəyir, bütün bu tələblərə cavab verən bir ağıllı fikir eşitmək, siyasi müzakirə mədəniyyəti görmək istəyir. Bu cür “siyasi fəaliyyət”   nəinki onu söyləyənlərə, heç millətimizə, xaricdə yaşayan soydaşlarımıza  da üzqaralığından başqa bir şey gətirmir.  Bu baxımdan  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənovun  haqlı olaraq  səsləndirdiyi fikirlər son dərəcə dəyərlidir. Prezident köməkçisi öz feysbuk səhifəsində yazdığı ikinci statusunda  çirkin kampaniya aparan həmin “insanlar”ın  nəinki polemika mədəniyyətinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdiyini vurğulayıb.  Haqlı fikirdir.

          Demokratik cəmiyyətdə və dünyada polemika və müzakirə mədəniyyəti, həm də həmin şəxsin intellektinin və dünyagörüşünün göstəricisi hesab edilir. Həmin şəxslər də bu cür üsullarla özlərinin həm bu xalqın mənəvi dünyasından uzaq olduqlarını, həm də  xarakterlərinin dayazlığını nümayiş etdirmiş olurlar. Bu şəxslər  anlamalıdırlar ki. sosial media bir informasiya, fikir mübadiləsi  platformasıdır, təhqir vasitəsi deyil. Demokratik mühit və söz azadlığı təhqir üçün yox, ondan müsbət mənada yararlanmaq üçündür.

Prezident köməkçisinin  statusunda qeyd etdiyi vacib məqamlar bir daha sübut etdi ki,  müxtəlif yollarla mühacir adını alıb, oradan bəzi dairələrin dəstəyi ilə  anti-azərbaycan kampaniyası aparan şəxslərin seçdiyi üsul yanlışdır.  Görsənən odur ki, bu cür şəxslər öz əsl simalarını ictimaiyyətə tanıtmış oldular.

  Əli müəllimin mövqeyi ilə tanış olarkən  bir məsələni qeyd etmək istərdim. Bu status hər bir soydaşımıza  xatırlatdı ki, biz harada olsaq da, Azərbaycanımızı təmsil edirik, Vətənimizin bir parçasıyıq. Biz xaricdə həm də öz fikir və əməlimizlə  Azərbaycan haqqında rəy yaradırıq. Deməli, davranışımızla, sözümüzlə həm də özümüzü dünyaya təqdim edirik. Sözümüz necədirsə, özümüz də elə görünürük. Heç kim  dünyanın aynasında pis görünmək istəməz. Ancaq bəzilərinin Azərbaycanı sevməyən qüvvələrin fitvası ilə millətinə, dövlətinə  “təhqir savaşı”  açması isə bağışlanılmazdır.

Sosial mediada istənilən ictimai məsələni müzakirəyə çıxarmaq olar. Bu da təbiidir. Ancaq  dövlətinə, dövlətçiliyinə qara yaxmaq, onu təmsil edən şəxsləri təhqir etmək...  bunu heç bir azərbaycanlı qəbul etməz və etmir də. Beş-üç nəfərin etikadankənar fəaliyyəti xaricdə dövlətimizi və millətimizi layiqincə təmsil edən, onların simasında ölkəmizi müsbət mənada tanıdan şəxslərin fəaliyyətinin yanında qara ləkə kimi görünür. Vətənin çörəyini yeyib, ona “savaş” açıb, balta vuranların ləkəsi isə heç vaxt yaddaşlardan getməz...

 

Əfsanə BAYRAMQIZI,  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında