Ağstafa məktəbliləri «Keşikçidağ»ın sirlərini öyrənirlər

Ağstafanın şəhər və kənd orta məktəblərində «Əsrlərin yadigarı –“Keşikçidağ”  adlı tanıtım layihəsinə start verilib. Layihə ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə bu yaxınlarda əsaslı şəkildə yenidən qurulmuş 3 saylı orta məktəbdən başlanmışdır.

Tanıtım layihəsinin keçirilməsində məqsəd əsrlərdən bəri bizə miras qalmış “Keşikçidağ”ın ərazisində yerləşən tarixi, mədəni, memarlıq abidələrini gənc nəslə daha dərindən tanıtdırmaq və sevdirməkdir.

Məktəbdə qurulmuş pavilyonda elmi-arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. Burada üzərində qoruğun şəkilləri olan köynəklər, papaqlar, suvenirlər, alban memarlığının tərkib hissəsi hesab edilən qala, daşdan yonulmuş müxtəlif maketlər və qədimliyi özündə əks etdirən xalçalar, rəsm əsərləri toplanıb. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, tədbirlər və abidələr haqqında məlumatlar slayd vasitəsilə göstərilir.

“Qədim yurdun daş kitabəsi» adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər şagirdlərə hədiyyə verilmişdir.

Tanıtım layihəsi il ərzində rayon ərazisində yerləşən bütün şəhər və kənd orta məktəblərində davam etdiriləcəkdir.

Məlumat üçün bildirək ki, "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayon mərkəzindən 75 kilometr aralı, Böyük Kəsik kəndindən 28 kilometr şimal istiqamətdə yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 kilometrədək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 kilometr şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.

Qoruğun ərazisində 100-dək  ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir.

2005-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkmiş və özünün 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazini Dövlət Tarix-Mədəniyyət qoruğu elan etmişdir.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında