Suraxanı rayonunda Novruz şənliyi

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon şənliyi keçirildi.  

Bayram tədbirində Suraxanı RİH başçısı İlqar Abbasov, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Milli Məclisin deputatı Ağacan Abiyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Atəşgah məbədinin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilən böyük səməni şənliyə xüsusi yaraşıq verirdi. Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.

Bayram tonqalı alovlandırılandan sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Suraxanı sakinlərini təbrik edərək bildirdi ki, Novruz xalq bayramıdır, yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Novruzu milli birlik bayramı adlandırırdı.

Ulu öndərin siyasi kursuna sadiqlik göstərilərək, bu gün də milli-mənəvi dəyərlərimiz böyük sevgi ilə yaşadılır. Hər il bu bayram günü xalqa təbrik ünvanlanır, bayram şənlikləri təmtəraqla qeyd edilir. 

Rayon rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. BMT Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” barədə qətnamə qəbul edilib.

Mərasimdə YAP rayon təşkilatının sədri Vüqar Seyidov və şəhid anası Saray Quliyeva çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

Şənlikdə tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri tərəfindən xalqımızın adət-ənənələri, qədim el sənətləri nümayiş etdirildi. “Kosa, Keçəl və Bahar qız” tamaşası, rəngarəng konsert proqramı tamaşaçıların alqışları ilə qarşılandı.  

Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim Şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palaz, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında