Abşeronda baharın gəlişi izdihamla qeyd olunub

Bu günlərdə Novruz bayramı ilə əlaqədar Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ümumrayon bayram şənliyi keçirilib. Budəfəki tədbirin özəlliyi həm çox maraqlı ssenari əsasında təşkil olunmasında, həm də rekord sayda insanın şənliyə qatılması olub.

Belə ki. baharın gəlişinin carçısı olan Novruz bayramı Abşeron rayonunda həqiqətən böyük izdihamla qeyd olunub. İlk dəfə olaraq, şənliyə 3100 nəfərdən çox milli geyimli xanım və kişilər qatılıb.

Əvvəlcə Dədə Qorqud və Bahar qız bayram tədbiri iştirakçılarına yazın gəlişi barədə müjdə veriblər. Bu xoş xəbər, təbii ki, hamının əhval-ruhiyyəsinə xüsusi bir bayram ovqatı bəxş edib.

Sonra bayram şənliyinin məşəlini alovlandırmaq üçün “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla tonqal qalanıb. Meydanda alqış sədaları yüksəlib. Qeyd edək ki, meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri kimi yaddaşlarda qalacaq.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı bayram şənliyində xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, Keçəl və Kosanın məzəli əhvalatları, xoruz döyüşü, cəngi sədaları altında idmançıların rəngarəng çıxışları və kəndirbazların akrobatik hərəkətləri tədbit iştirakçılarının bayram ovqatını daha da yüksəldib.

Yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şeirlər, folklor kollektivlərinin maraqlı çıxışları, əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdiriblər, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər. Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən maraqlı konsert proqramı təqdim edilib.

Tədbirin ən yaşlı iştirakçılarından biri dedi ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz bayramı ayinlərini yaşadaraq bu günümüzədək gətirə çıxara bilib. Bu gün də bu gözəl bayram xalqımızı birləşdirir, hamımızı daha da həmrəy edir. Bu ənənələri yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında