Cənub bölgəsində Novruz şənlikləri

Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da Novruz şənlikləri əsl ümumxalq bayramı kimi qeyd edilib.

Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində keçirilən şənlikdə minlərlə şəhər sakini, böyüklü-kiçikli hər kəs həvəslə iştirak edib. Bayrama rayon rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və qonaqlar qatılıblar. Mərasim iştirakçıları əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq Rəssamlıq Məktəbi müəllim və şagirdlərinin əsərləri, eləcə də milli-mənəvi irsimizin nümunələri ilə tanış olublar. Sonra bayram tonqalı yandırılıb. Dədə Qorqud Novruz şənliyinə toplaşanları salamlayıb, hər kəsə xeyir-dua verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını və bütün lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında milli-mənəvi dəyərlərimizin ən gözəl nümunəsi sayılan, dostluq və həmrəylik rəmzi kimi qəbul edilən Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu vurğulayaraq, onun hər bir şəhərə, kəndə, ailəyə xeyir-bərəkət, ruzi gətirməsini arzulayıb.

Qara zurnanın müşayiətilə Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olublar. İdmançılar “Cəngi” sədaları altında güclərini sınayıblar. Şənlik iştirakçıları tonqalın ətrafında rəqs edib, müğənnilərin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səslənib. Kosa və Keçəl tamaşaçılarla rəqs edib, idmançılar meydan qəhrəmanları ilə birlikdə tonqal üstündən atlanıblar. Sonda şənlik iştirakçıları Lənkəran nemətlərindən – bacarıqlı aşpazların manqal üstündə bişirdikləri təamlardan, həmçinin bayram şirniyyatlarından dadıb, məxməri Lənkəran çayından içiblər.

* * *

Lerik şəhərindəki Heydər Əliyev Meydanında keçirilən Novruz şənliyində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Novruz bayramı münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Mərasimdə Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisinin bayramını təbrik edib. Sonra Novruz tonqalı alovlandırılıb.

Bayram tədbirində çıxış edən icra hakimiyyəti başçısı Rövşən Bağırov rayon sakinlərini təbrik edib, hər bir ailəyə bol ruzi və səadət arzulayıb.

Tonqal ətrafında bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunları təqdim olunub.

* * *

Astara şəhərindəki dənizkənarı park-bulvarda keçirilən Novruz bayramı tədbirinin iştirakçıları baharın gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Novruz tonqalını yandırıb. Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, xoreoqraflar milli rəqslər ifa ediblər. İdmançıların çıxışları alqışlarla qarşılanıb.

Milli bayramımızın əsas pesonajlarından olan Bahar qız bayram xonçası ilə meydana daxil olaraq astaralıları Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini əks etdirən sərgilər, Kosa və Keçəlin məzhəkəli çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.

* * *

Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən Novruz şənliyi də uzun müddət iştirakçıların yaddaşlarında qalacaq. Şənlikdə cəlilabadlılar doğma torpağa, elimizə, obamıza olan məhəbbət və sədaqətlərini nümayiş etdiriblər.

Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov bayram tonqalını yandırıb, camaata təbriklərini çatdırıb. Mərasimdə Kosa və Keçəlin məzhəkəli oyunları hər kəsə xoş ovqat bəxş edib. Milli paltar geyinmiş qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər. Bayram tədbirində rayonun idmançıları öz məharətlərini göstərib, bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Tədbir iştirakçıları, həmçinin el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar.

* * *

Yardımlı şəhərində Novruz bayramı münasibətilə ümumrayon tədbiri Mədəniyyət və İstirahət Parkında keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayram mərasiminin iştirakçıları əvvəlcə milli adət-ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nümunələri ilə tanış olublar.

İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov bayram tonqalını yandırıb, xoş arzularını ifadə edib. Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl rayon sakinlərini bayram münasibətilə təbrik edib, ürəkdən gələn ən xoş sözlərini iştirakçılara çatdırıblar. Xalq oyunları, idmançıların çıxışları meydana toplaşanlar tərəfindən maraqla qarşılanıb. Tədbir konsert proqramı ilə davam edib.

* * *

Biləsuvar rayonunda da Novruz bayramı silsilə tədbirlərlə yadda qalıb. İştirakçılar əvvəlcə bayrama həsr olunmuş sərgiylə tanış olublar. Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar nümayiş etdirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev çıxış edərək rayon sakinlərini təbrik edib və hər bir ailəyə bol ruzi-bərəkət, sevinc arzulayıb. Rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını söyləyib və inam ifadə edib ki, 2018-ci il də xalqımız üçün nailiyyətlərlə zəngin olacaq.

Sonra bayram tonqalı alovlandırılıb. Əllərində səməni, şam və xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə bayrama rəng qatıblar. Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə bayram şənliyi daha da canlanıb. Kosa və Keçəl camaatı daha da şənləndiriblər, idmançılar və öz güclərini sınayıblar. Bahar bayramı mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam edib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında