Altıncı dəfə paytaxtımızda təşkil edilən beynəlxalq forumun fəxr edilməli məqamları çoxdur. Ancaq mənə elə gəlir ki, ilk növbədə, bu mötəbər məclisdə iştirak edən dövlət və hökumət rəsmilərinin siyahısını yada salmaq çox şeydən xəbər verir. “Forumda, Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər”.
Bu, hələ hamısı deyil. Müasir dünyanın ən nüfuzlu simalarından bir neçəsi foruma təbrik məktubu göndərməklə, bu mötəbər məclisin iştirakçısı olublar və bu barədə bir qədər sonra söz açacağıq.
Xatırladaq ki, Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Bu forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. Toplantıda 50-dən çox ölkənin 450-dən çox nümayəndəsi iştirak edir. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçısı, eləcə də, tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var.
Paytaxtımızın indiyədək ev sahibliyi etdiyi möhtəşəm tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu və başqalarını qeyd etmək olar. Bundan başqa, paytaxtımızda – 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Dövlət başçımızın fikrincə, bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir.
Forumda geniş nitq söyləyən dövlət başçımız qeyd etdi ki, bu il biz “Bakı prosesi”nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda “Bakı prosesi” beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır.
Beynəlxalq aləmdə hamı etiraf edir ki, Azərbaycanın bütün səyləri təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və bu, ölkənin həyat tərzidir. Dövlət başçımız xatırladır ki, biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik: “Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir”.
Forumda xüsusilə qeyd edildi ki, inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə duran məsələlərdən biridir. Əlbəttə, Azərbaycanın bütün səyləri hamımızın dünyada, xüsusən də regionda ehtiyac duyduğu təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Əfsuslar olsun ki, bizim ərazimizin, demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkirik. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qeyd edildi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb - yaradıblar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-in iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib.
Dövlət başçımız xüsusilə vuğrğuladı ki, münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edir: “İqtisadi və sosial inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın bugünkü həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə sərmayə yatırmışıq. Yeri gəlmişkən, hazırda Bakı “Ekspo 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Namizədliyimizin gündəliyi insan kapitalı ilə bağlıdır. Biz bu məsələyə diqqət yetiririk və açıq bəyan etmişik ki, siyasətimizin mərkəzində məhz Azərbaycan xalqı dayanır”.
Yuxarıda qeyd etmişdik ki, dünyanın ən nüfuzlu simalarından bir neçəsinin bu forum haqqındakı fikirlərini yada salacağıq. Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edərək dedi: “ Auditoriya üçün qeyd edim ki, bu respublika ABŞ-dan əvvəl qadınlara səsvermə hüququ verib, məhz burada. Həmçinin qeyd edim ki, bu qədər gənc olmasına baxmayaraq, hazırda Azərbaycan dünyada 35 ən rəqabətqabiliyyətli ölkədən biridir”.
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın forum tribunasından səsləndirdiyi fikirlərə diqqət yönəldək: “Azərbaycanın beynəlxalq məsələlərlə əlaqədar dialoqu inkişaf etdirmək məqsədilə qurduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yaxından izləyir və təqdir edirik. 2012-ci ildə qurulmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son altı il ərzində 20 ölkədə tədbirlər keçirib, 100-dən çox dövlət və hökumət başçısını öz sıralarında birləşdirməyə nail olub”.
İtaliya Prezidenti Sergio Mattarellanın Bakı Forumunun iştirakçılarına müraciətində deyilir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir daha təşkil etdiyi Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüslərə dair dərin müzakirələrə imkan yaradacaq. Buna görə də mən Qlobal Bakı Forumunun təşkilatçılarını təbrik edirəm və bütün iştirakçılara ən xoş arzularımı çatdırıram”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin müraciətində oxuyuruq: “1918-ci ildə yaradılan Azərbaycan Respublikasının 100 illiyi bu il tamam olur. Azərbaycanın bu əlamətdar günü tam suveren və müstəqil dövlət kimi bir daha qeyd etməsi təbiidir. Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlər yaradılandan bugünədək güclü və məhsuldar əlaqələr qurub. Uzunmüddətli enerji əlaqələrimizlə yanaşı, biz geniş spektrdə mühüm məsələlərdə sıx əməkdaşlıq edirik”.
Bu fikirlər isə Roma Papası Fransiskin müraciətindəndir: “VI Qlobal Bakı Forumunda iştirak edən hər kəsi salamlamaqdan çox məmnunam. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forumun səmərəli olması və ümumi işə töhfə verməsi üçün xoş arzularımı çatdırıram”.
BMT-nin baş katibi Antonio Quterreşin müraciətində də uzun müddət yaddaşlarda qalacaq fikirlər var: “Mən sizin builki tədbirdə əsas diqqəti sağlam planetdə hamı üçün daha yaxşı dünyanın qurulması istiqamətində universal və transformativ yol xəritəsi olan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətli bir hissəsinə – inklüziv cəmiyyətlərin yaradılması hədəfinə yönəltməyinizi alqışlayıram… Sizin gənclərə daha çox imkanların yaradılması və bugünkü təhdidlərlə mübarizədə elmin və texnoloji innovasiyaların rolunu da əhatə edən müzakirələriniz bizim birgə səylərimizə töhfə verə bilər. Sülhməramlı və dayanıqlı gələcəyə sadiqliyinizə görə sizə təşəkkür edirəm”.
Bütün bunlar bir daha sübut edir ki, sürətlə inkişaf edən Azərbaycan Respublikasına olan beynəlxalq inam və etimad gündən-günə artır. Eləcə də, şahidi olduq ki, ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, bu forum da dünya ictimaiyyətinin diqqət mərkəzində, maraq dairəsində idi. Bunu tədbir iştirakçıları da dedilər, çoxsaylı əcnəbi mətbuat təmsilçiləri də.
Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.