Müstəqillik illərində muxtar respublikada bütün sahələr öz dinamik yüksəlişi ilə diqqəti cəlb edir. Belə sahələrdən biri də səhiyyə sistemidir. Səhiyyə sisteminin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini və kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları muxtar respublikada uğurla həyata keçirilir. Səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması ilk növbədə müasir tələblərə cavab verən, lazımi maddi-texniki imkanları və ixtisaslı həkimləri olan səhiyyə müəssisələrinin olmasıdır.
Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülmüş, müasir tibb mərkəzləri, xəstəxanalar, ambulatoriyalar, dispanserlər, feldşer-mama məntəqələri və digər xarakterli səhiyyə müəssisələri tikilmiş, yaxud yenidən qurulmuş və təmir olunmuşdur. 1995-2017-ci illərdə muxtar respublikada 232 səhiyyə obyekti tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Bu illərdə Naxçıvan Muxtar Respublikasında Duzdağ Fizioterapiya Mərkəzi, Doğum Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Onkoloji Mərkəz, Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları, Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası və ümumilikdə, 180 səhiyyə obyektinin tikintisi, 52 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
Naxçıvan səhiyyəsinin intensiv inkişaf dövrü kimi xarakterizə olunan 1995-2017-ci illərdə istifadəyə verilən səhiyyə müəssisələri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ölkədə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikada ləğv edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar öz faydasını verməkdədir. 2018-ci ilin əvvəlindən Sədərək rayonunda tibbi sığorta tətbiq olunmuşdur.
Muxtar respublikanın tibb xidməti müəssisələrində 792 həkim, 2981 tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 104 xəstəxana çarpayısı, 20 həkim, 85 orta tibb işçisi düşür. Xəstəxana çarpayılarının 24,8 faizi kəndlərdə, 75, 2 faizi şəhər və rayon mərkəzlərindədir. Ümumiyyətlə, muxtar respublikada səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə aparılan islahatlar əhalinin sağlamlığının etibarlı qorunmasına şərait yaratmışdır.
Xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir. Təsadüfi deyildir ki, hələ vaxtı ilə ulu öndər Heydər Əliyev cəmiyyət həyatında təhsilin rolunu yüksək qiymətləndirərək demişdir ki, təhsil millətin gələcəyidir. Ölkə Prezidenti İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər vermişdir. Təhsilə, onun inkişafına xüsusi əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın”.
1990-cı illərin əvvəllərindən başlayaraq ümumtəhsil sahəsində müəyyən dəyişikliklər baş verdi, liseylər, gimnaziyalar, kolleclər yaradıldı.
Muxtar respublikada təhsilin məzmunca yeniləşdirilməsi və keyfiyyətə nail olunması, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, təhsil sahəsində müxtəlif proqramların həyata keçirilməsi istiqamətində fəal iş aparılmışdır. Nəticədə respublikada zəngin biliyə, hərtərəfli intellektual səviyyəyə malik, fiziki və mənəvi cəhətdən sağlam gənclər yetişir.
Müstəqillik illərində çoxsaylı məktəb, uşaq bağçası tikilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. 1995-2017-ci illərdə muxtar respublikada 40182 şagird yerlik 129 ümumtəhsil məktəbi tikilmiş, 34024 şagird yerlik 52 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 23 uşaq musiqi məktəbi, 3 orta ixtisas təhsil müəssisəsi yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Bu gün nəinki Naxçıvan şəhərində, hətta ən ucqar dağ və sərhəd kəndlərində də müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmuş məktəb binaları tikilib istifadəyə verilir. 2016-cı ildə 3414 şagird yerlik 12 məktəb binası istifadəyə verilmişdir. Bundan başqa, 380 yerlik Şərur şəhər fizika-riyaziyyat təmayüllü liseyin, Naxçıvan Dövlət Texniki Kollecin, Ordubad texniki peşə və sürücülük məktəbinin və Naxçıvan şəhərindəki 640 şagird yerlik 3 nömrəli tam orta məktəbin binaları da yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. 2017-ci ildə yeni tikilmiş məktəblərin sayı 10-a çatmışdır.
Təhsildə keyfiyyət dəyişiklikləri hər il artmaqda davam edir. Bunlar ali məktəblərə qəbulda və bu zaman yüksək bal toplayan abituriyentlərin sayında özünü göstərir. 2004-2005-ci tədris ilində 5409 nəfər məzun olmuş, bunlardan 3074-ü ali məktəblərə sənəd vermiş, 1024-ü qəbul olmuşdur (33,3 faizi). 2016-cı ildə 1737-si ali, 567-si orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olunan məzunlardan 338-i imtahanlarda 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəbəqədər təhsil müəssisələrinin geniş şəbəkəsi qurulmuşdur. 2001-2013-cü illərdə 2260 yerlik 11 məktəbəqədər təhsil müəssisəsi tikilmişdir. Son illər 17 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilmişdir.
Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci fəaliyyət göstərir. Ötən dövrdə hərbi liseyi bitirən 2161 kursantdan 2027-si ali hərbi məktəblərə qəbul olmuşdur. Liseyin məzunlarından 1000-ə yaxını Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edir. Hazırda liseydə 657 kursant təhsil alır. Orta ixtisas məktəblərində isə 1642 tələbə, 218 müəllim təhsil-tədris prosesinə cəlb olunmuşdur.
Son 25 ildə muxtar respublikada ali təhsil müəssisələrinin həyatında da ciddi dəyişikliklər baş vermişdir. 1967-ci ildən filial kimi yaranan, 1972-ci ildən müstəqil ali təhsil müəssisəsinə, 1990-cı ildən universitetə çevrilən Naxçıvan Dövlət Universiteti 2002-ci ildən yüksək özünüidarəetmə, muxtariyyət statusu qazanmışdır. Hazırda universitetin 12 fakültəsində 58 ixtisas üzrə 5 mindən artıq bakalavr, magistr və doktorant təhsil alır. Bu ali təhsil ocağında 12 ölkədən 300-dən çox tələbə təhsil prosesinə cəlb olunmuşdur. Universitetdə elmi-pedaqoji fəaliyyətini davam etdirən 407 müəllimdən 2-si AMEA-nın həqiqi üzvü, 8-i AMEA-nın müxbir üzvü, 35-i elmlər doktoru, professor, 186-sı fəlsəfə doktoru, dosentdir.
Naxçıvan Universiteti 1994-cü ildən Bakı Özəl Ali Kollecinin Naxçıvan filialı kimi fəaliyyətə başlamış, 1999-cu ildən müstəqil ali təhsil müəssisəsinə çevrilmişdir. 2015-ci ildən isə Naxçıvan Universiteti kimi fəaliyyət göstərir. Universitetdə 15 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlanır. Burada 80 professor-müəllim heyəti çalışır. İndiyədək universiteti 3245 nəfər bitirmişdir.
Naxçıvan Müəllimlər İnstitutu 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi təsis edilmiş, 2003-cü ildən müstəqil ali məktəbə çevrilmişdir. Müəllimlər İnstitutunda 5 ixtisas üzrə 1067 nəfər tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 85 nəfər professor-müəllim heyəti məşğul olur. İnstitut üçün yeni tədris korpusu tikilmişdir.
Ümumiyyətlə, 3 ali təhsil müəssisəsində 66 ixtisas üzrə 7420 tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 562 professor-müəllim heyəti məşğul olur. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 100-ə yaxın ixtisas üzrə kadr hazırlanır. Bu gün muxtar respublikanın bütün pillədən olan təhsil müəssisələrində 58 minə yaxın uşaq, şagird, tələbə və kursant, 10 minə yaxın müəllim vardır.
XX əsrin 90-cı illərinin ortalarında ölkə iqtisadiyyatında baş verən müsbət irəliləyişlər elm sahəsində də mühüm dəyişikliklərin baş verməsinə səbəb oldu. Azərbaycan milli elminə həmişə hamilik etmiş ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıdandan sonra elmə dövlət qayğısı artdı. Bu dövrdə muxtar respublikada Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Kompleks Zona Təcrübə Stansiyası, Naxçıvan “Araz” Elm İstehsalat Birliyi, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Elm və Texnika Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanasının Batabat stansiyası fəaliyyət göstərir və onlar fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü və rəhbərliyi ilə 1996-cı ilin iyulunda “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi Naxçıvanda elmi mühitin inkişafına əsaslı təsir göstərdi. Sonrakı illərdə də beynəlxalq səviyyəli simpozium və konfranslar keçirildi. “Naxçıvanda ilk məktəbin yaranması və maarifçilik hərəkatının inkişafı” (1997), “Uluslararası Dədə Qorqud simpoziumu” (1998), “Yaxın tariximizdə Naxçıvan və Qars” (1999), “Naxçıvan Muxtar Respublikanın təbii ehtiyatları və onlardan istifadənin səmərəli yolları” (2001) və başqa tədbirlər elmi fəaliyyəti xeyli canlandırdı.
Ali Məclis sədrinin təşəbbüsü və ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə AMEA Naxçıvan Bölməsi yaradıldı. Artıq bundan sonra elmin vahid elmi mərkəzdən əlaqələndirilməsi, elmi kadrların hazırlanması, Naxçıvanın hərtərəfli öyrənilməsi istiqamətində şərait yaradıldı. AMEA Naxçıvan Bölməsinin təşəbbüsü və ali təhsil müəssisələrinin fəal iştirakı ilə “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” (2006), “Naxçıvan bu gün: islahatlar, perspektivlər” (2007), “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” (2009), “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” (2011), “Naxçıvan: ilkin şəhər və Duzdağ” (2012), “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” (2014), “Naxçıvanda Dədə Qorqud” (2015), “Naxçıvan qalaları: tarixdə və günümüzdə” (2016), “Naxçıvan türk-İslam abidələri” (2017) kimi beynəlxalq tədbirlər elmin müxtəlif problemlərinə həsr edilmiş, elmi əlaqələrin genişlənməsinə səbəb olmuşdur.
Elmin inkişafı bilavasitə yüksək ixtisaslı elmi kadrların hazırlıq səviyyəsindən, onların elmi fəaliyyətindən asılıdır. 1998-ci ildən Naxçıvan Dövlət Universitetində dörd ixtisas üzrə Dissertasiya Şurasının fəaliyyəti yüksək ixtisaslı elmi kadrların hazırlanmasına öz müsbət təsirini göstərmişdir. 1998-2010-cu illərdə bu şurada 104 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə AMEA Naxçıvan Bölməsinin nəzdində 3 ixtisas üzrə Dissertasiya Şurası yaradılmış, 2013-cü ildə isə bu şuraya namizədlik və doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək səlahiyyəti verilmişdir. 2006-2017-ci illərdə şurada 106 nəfər, o cümlədən 8 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir. 2015-ci ildə həm AMEA Naxçıvan Bölməsində, həm də Naxçıvan Dövlət Universitetində yeni dissertasiya şuraları yaradılmışdır.
1998-2017-ci illərdə muxtar respublikada yaşayan tədqiqatçılardan 40 nəfər doktorluq, 172 nəfər isə namizədlik dissertasiyaları müdafiə etmişlər. AMEA-ya 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 13-ü müxbir üzv seçilmişdir.
1995-2017-ci illərdə tədqiqatçıların 318 monoqrafiyası, 862 kitabı, 360-dan çox dərslik, dərs və tədris vəsaiti, 1994 məqalə və tezisi nəşr edilmişdir. Naxçıvan Muxtar Respublikasında Ali Məclisin “Naxçıvan”, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”, NDU, Naxçıvan Universiteti və NMİ-nin “Elmi əsərlər” jurnalları nəşr edilir. Naxçıvanlı tədqiqatçıların yaxından iştirakı ilə “Naxçıvan ensiklopediyası” (2 cilddə), “Naxçıvan abidələri” ensiklopediyası (iki dildə), “Naxçıvan: tarixi və abidələri” (iki dildə), “Naxçıvanın tarixi atlası”, “Dədə-Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlası”, “Naxçıvan folklor antologiyası” (3 cilddə), “Naxçıvan tarixi” (3 cilddə), “Naxçıvan teatrının salnaməsi” (1883-2008-ci illər), Naxçıvan Muxtar Respublikası flora və faunasının “Qırmızı kitab”ları (2 cilddə), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan arxeologiyası” və başqaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
İnkişaf səviyyəsinə görə muxtar respublikanın heç bir dövrünü 1995-2016-cı illərlə müqayisə etmək olmaz. Bu, mədəni-maarif müəssisələrinin inkişafına da aiddir.
Kitabxanaların fəaliyyəti, onların maddi-texniki bazası xeyli artmışdır. 1970-ci ildə 1286 min kitab və jurnal fondu olan 232 kütləvi kitabxana var idisə, 2000-ci ildə bu, 2399 min nüsxə kitab və jurnal fondu olan 295-ə çatmış və ya 28,4 faiz və 1,9 dəfə artmışdır.
Muxtar respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd mərkəzlərində kitabxanalar üçün nümunəvi şərait yaradılmışdır. 2009-cu ildə inşa olunmuş kənd mərkəzlərində 11 kitabxana, 11 mədəniyyət evi və klub əhalinin istifadəsinə verilmişdir. Kitabxanalar içərisində M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanası fəaliyyəti ilə diqqəti həmişə cəlb etmişdir. Kitabxanada 4 bölmə və 10 şöbə vardır. Kitabxanada 290 minə qədər kitab saxlanılır. Yeni elektron kitabxanalar yaradılmışdır.
Muxtar respublikada 265 klub, 272 mədəniyyət obyekti tikilmiş və ya təmir olunmuşdur. Burada 30 muzeydə 110 minə qədər maddi-mədəniyyət nümunələri nümayiş olunur. 3 dövlət teatrı və 4 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 uşaq dövlət filarmoniyası, Aşıqlar Birliyi fəaliyyət göstərir.
Naxçıvan ərazisindəki tarix və mədəniyyət abidələri ikinci həyatlarını yaşayırlar. Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq muxtar respublika ərazisində aşkar edilmiş tarix və mədəniyyət abidələri qeydə alınmış və pasportlaşdırılmışdır. 60-dan çox tarix və mədəniyyət abidəsi bərpa edilmişdir. Naxçıvanqala, Əlincə qala bərpa edilmiş, orada tarix-mədəniyyət muzeyləri yaradılmışdır.
Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir. Azərbaycan yazıçılarının böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaradır. Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin yaradılması, “Şərq qapısı” qəzetinin nəşri, yerli radio və televiziya verilişləri Naxçıvanda ədəbi mühitin canlanmasına ciddi təkan vermişdir.
Müstəqillik illərində Naxçıvan ədəbi mühiti xeyli canlanmış, təcrübəli şair və yazıçı, tənqidçilərlə yanaşı, gənc ədəbi qüvvələr də ədəbiyyata gəlmiş, öz sözü və qələmi ilə yaradıcılıq qabiliyyətlərini göstərmişlər.
Son illərdə mətbuat və incəsənət sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Muxtar respublikada “Şərq qapısı” və rayon qəzetləri çıxır. “Əcəmi” NPB, AMEA Naxçıvan Bölməsinin və ali təhsil müəssisələrinin nəşriyyatları yaradılmışdır. Musiqi və rəssamlıq sahəsində əldə edilmiş müvəffəqiyyətlər diqqəti cəlb edir.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında baş verən dəyişiklikləri ölkə rəhbəri yüksək qiymətləndirərək demişdir: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir... Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
2017-ci il ölkəmizin tarixində olduğu kimi, muxtar respublikamızın həyatında da uğurlu bir il kimi yadda qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət, görülən işlər, irəli sürülən təşəbbüslər sayəsində respublikamız çox böyük uğurlar əldə etmişdir.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.