..Yaşadıqları ölkələrdə separatizmlə məşğul olan, xəstə şüur, uydurma ideyalar üzündən saxtakarlıq və yalandan əl çəkməyən, Azərbaycan şəhəri İrəvanı paytaxt elan edən ermənilər qonşu Gürcüstanın paytaxtı Tbilisinin də qədim erməni şəhəri “Tpxi” olduğunu iddia edirlər. Hələ sovet dönəmində, 1961-ci ildə B.S.Nalbandyanın İrəvanda çap olunan “Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində” adlı saxta əsərində Tbilisi qədim erməni şəhəri kimi təqdim olunmuşdur.
Bu günlərdə Gürcüstanın “Saerto” qəzetində 2017-ci il dekabrın 7-də “Ermənilər Tbilisinin adını dəyişdirmək istəyirlər” adlı yazıda müəllif Georgi Qorqadze bu əsassız iddialara qarşı Gürcüstan hökumət orqanlarının passivliyini kəskin tənqid etmişdir: “Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, əlverişli şərait yarandıqda, əlbəttə, başqalarının köməyilə onlar Tbilisini “qaytaracaq” və onu “Tpxi” adlandıracaqlar”.
Bunlar erməni separatizminin, saxtakarlığın, əsassız iddiaların və həyasızlığın bariz təzahürüdür.
Bədnam qonşularımız Tbilisinin ermənilər tərəfindən salındığını və əksər şəhər merinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq, bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdirməyə cəhd ediblər. Məsələn, onlar qədim Tbilisinin merləri olan rus zadəgan nəslindən İzmayılovu İzmayılyans və İvanı Ovanes kimi təqdim edirlər.
Ermənilərin Tbilisiyə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olmuşdur. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa etmişlər. 1897-ci ildə Tbilisidə nəşr olunan “İveriya” qəzetində çap olunmuş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: “Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada heç nə ermənilərə məxsus deyildir”. İlya Çavçavadze, Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları bütün xəyanətlərinə görə erməniləri ittiham etmişlər.
1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan ərazi iddiaları irəli sürərək Gürcüstana müharibə elan etdi. Erməni cəlladı, quldur və terrorçusu daşnak Ermənistanın “general” rütbəsi verdiyi Dro–Drastamat Kanayan dekabrın 14-də Axalkalakini, dekabrın 20-də Şulaveri, dekabrın 25-də Tiflisi işğal etdi. İngilislərin köməyilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi, erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurası üzvləri, “Daşnaksütyun” partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildi. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi.
İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirdilər, 1936-cı ildə Tiflis Tbilisi adlandırıldı. 1949-cu ildə Tbilisi məkrli “antisosial” elementlər kimi ermənilərdən ikinci dəfə təmizləndi.
Gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaiti ilə tikilməsi iddiasını irəli sürməsidir. Gürcüstan tarixşünaslığında isə haqlı olaraq ermənilərin 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürüldüyü göstərilir.
Bu gün erməni icması müasir Tbilisidə Avlabarda məskunlaşıb. Ermənilər Gürcüstan hesabına da “Böyük Ermənistan” yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan “Baqramyan adına batalyon” gürcülərə qarşı amansız qətllər, cinayətlər törətmişdir. Ermənilər Gürcüstanın paytaxtı Tbilisiyə həsrətlə baxaraq onu “itirilmiş erməni şəhəri” siyahısına aid edirlər. Azərbaycanın qədim yaşayış məskəni olan, Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistana verdiyi İrəvanı özlərinə paytaxt etmiş ermənilər Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə erməni həyasızlığının ən bariz nümunəsini nümayiş etdirirlər. Gürcüstan hökuməti ermənilərin əsassız iddialarının qarşısını almaq üçün sərt mövqe tutmalı, təsirli tədbirlər görməlidir. Əks halda, Gürcüstan daha məkrli planlarla, həyasız iddialarla üzbəüz qala bilər.
Vahid ÖMƏROV,
AMEA Qafqazşünaslıq İnstitutunun gürcüstanşünaslıq şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.