Azərbaycanda şəffaf, azad və ədalətli seçki keçirilməsi demokratiyanın təntənəsidir

Seçki demokratiyanın əsas atributlarındandır. Bu baxımdan,  ölkəmizdə  seçkilərin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi  istiqamətində bütün vasitələrdən istifadə edilir. Artıq bu sahədə kifayət qədər təcrübə qazanılıb və demokratik seçki keçirilməsi ənənəsi formalaşıb. Eyni zamanda, bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla, seçki təcrübəsi olan dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir.

Ölkəmiz daha bir siyasi hadisə ərəfəsindədir.  Xəbər verildiyi kimi, aprelin 11-də  Azərbaycanda növbəti prezident seçkiləri  keçiriləcək. Bu seçkinin də azad və ədalətli, şəffaf keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki hər bir ölkənin həyatında mühüm əhəmiyyət kəsb edir.  Bunu nəzərə alaraq,  ölkəmizdə istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq məsələlərinə xüsusi diqqət göstərilir. Ən əsası da, seçkinin azad və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunmasıdır.

Dünyada qəbul olunan  standartlara  əsasən, hər hansı bir seçkinin müasir tələblər səviyyəsində keçirilməsi üçün hər şeydən  əvvəl  ölkədə ictimai-siyasi sabitlik mövcud olmalıdır.

Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik dayanıqlı və  möhkəmdir.  Hətta beynəlxalq ekspertlər, tanınmış hüquq müdafiəçiləri, həmçinin  nüfuzlu  diplomatlar Azərbaycanda ictimai-siyasi sabitliyin davamlı olmasını dünyaya nümunə göstərirlər. Dövlətimiz və cəmiyyətimiz sabitliyi pozmaq istəyən istənilən qüvvəyə  qanunun  aliliyini  xatırladır. Bir də ki, sabitliyin pozulması üçün tutarlı səbəb də yoxdur. Öz fikirlərini sərbəst ifadə etmək üçün qadağa, süni problem yoxdur, internetdən istifadə tam azaddır.  İnsanlar istədikləri vaxt icazəli mitinq və ya digər aksiyalar keçirə bilərlər. Hətta bundan ötrü şəhərin mərkəzində, Yasamal rayonunda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında  müvafiq yer də ayrılıb. Bütün bunlar “Sərbəst toplaşamaq azadlığı haqqında” qanunla tənzimlənir. Mitinq iştirakçılarının təhlükəsizliyinin müvafiq dövlət orqanları tərəfindən qorunması da demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsinin göstəricisidir.

 Azərbaycanda  demokratiyanın inkişafını müəyyənləşdirən istiqamətlər  üzrə qəbul edilən bütün qanunlar Qərb standartlarına,  ümumiyyətlə, beynəlxalq  meyarlara  tam cavab verir. Bu da səbəbsiz deyil. Azərbaycan rəhbərliyi qabaqcıl təcrübədən faydalanmaq,  necə deyərlər, hər şeyin ən yaxşısını əldə etmək naminə qanunların hazırlanmasında nüfuzlu beynəlxalq təşkilatların tövsiyə və təcrübəsindən yararlanmağa daim üstünlük verib.  Bunun bir nümunəsi də 2003-cü ilin mayında qəbul edilən Azərbaycan Respublikasının Seçki Məcəlləsidir. Məcəllə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlıq nəticəsində hazırlanmış və həmin dövrdəki hesabatlarda da bu sənədin əsasında demokratik seçkilərin keçirilməsinin mümkünlüyü xüsusi qeyd olunmuşdur. 

Demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi üçün yaradılmış hüquqi baza, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbul edilməsi, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını xeyli sürətləndirib. Onu da qeyd edək ki, Seçki Məcəlləsi ildən-ilə, seçkidən-seçkiyə daha da təkmilləşdirilmiş, müasir tələblərə tam uyğunlaşdırılmışdır. 2003-cü ildən 2013-cü ilə qədər Seçki Məcəlləsinə 19 əlavə və dəyişiklik edilməsi də bu sənədin tam demokratik, mükəmməl olmasından, müasir tələblərə uyğunlaşdırılmasından xəbər verir.

Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazanın yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Seçkilərdə demokratikiyin təmin edilməsində Azərbaycan Prezidentinin siyasi iradə nümayiş etdirməsi də xüsusi vurğulanmalıdır.  Dövlət başçımız Azərbaycan Prezidenti İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları  ilə bu qanunvericilik bazasını daha da möhkəmləndirirdi. Həmin sərəncamların qarşıya qoyduğu vəzifələr ölkənin seçki sistemini daha da təkmilləşdirdi, şəffaflığın və demokratik prinsiplərin təmin olunması istiqamətində bir sıra yeniliklər ortaya qoydu.  Həmin yeniliklər  hələ bu vaxta qədər Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində sınaqdan keçirilməyib. 

Dövlət başçısının  "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən maraqla qəbul olunmuşdur.  Nüfuzlu beynəlxalq təşkilatlar yekdilliklə qeyd etmişdilər ki, bu sərəncam Azərbaycanın milli seçki təcrübəsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yol açan qətiyyətli addımlardan biridir. Çünki həmin sənəddə seçki praktikasına bir sıra yeniliklər tətbiq edilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsinin yolverilməzliyi, həmin orqanların rəhbərlərnin, digər dövlət məmurlarının seçki prosesinə qanunazidd müdaxilə etdikdə, onların qanunvericiliyə uyğun olaraq məsulliyətə cəlb ediləcəyi xüsusi vurğulanmışdı.

1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır.

Ölkə rəhbərinin  azad, ədalətli,  şəffaf  seçkilər keçirmək üçün siyasi iradəyə malik olması demokratik prinsiplərin  inkişafı baxımından vacib şərtlərdəndir. Bu amil ona görə vacib hesab edilir ki,  demokratiya yolunu seçdiyini iddia edən bəzi ölkələr bunu müəyyən məqsədlər naminə,  ilk növbədə isə beynəlxalq ictimaiyyətin təzyiqlərindən yaxa qurtarmaq üçün edirlər.  Əslində isə, demokratikləşmə istiqamətində irəliyə doğru heç bir addım atılmır. Söz yox ki, bu istiqamətdə müəyyən qanunlar qəbul edirlər, ancaq görüntü yaratmaq, özləri haqqında demokratik rəy formalaşdırmaq naminə. Qəbul etdikləri qanunları isə həyata keçirmirlər.  Ancaq  ölkəmizdə seçkilərdə şəffaflığın təmin olunması istiqamətində qəbul olunan bütün qanunlar  icra olunur, nəticədə  beynəlxalq müşahidəçilər də azad və ədalətli seçkilərin şahidi olurlar. Bunu onların açıqladıqları rəylər də təsdiqləyir.

Azərbaycan rəhbərliyi də  dəfələrlə bəyan edib ki, mükəmməl demokratik cəmiyyətin qurulması təkamül yolu ilə mümkündür. Çünki təkamülün olmadığı cəmiyyətlərdə bəzi insanlar demokratiyanı özbaşınalıq, hərc-mərclik kimi qəbul edirlər. Buna görə də köhnə təfəkkürdən xilas olmadan və cəmiyyətdə demokratik ənənələr formalaşmadan istənilən səviyyəyə çatmaq çətindir. Son illərin yekunlarına nəzər saldıqda, həqiqətən də, bütün  sahələrdə böyük inkişaf yolunun keçdiyinin şahidi olarıq. Bu gün insanlar hər şeyin qanun çərçivəsində olmasına xüsusi diqqət yetirir, siyasi mübarizənin sivil qaydada, seçki yolu ilə
aparılmasına üstünlük verirlər.

Seçkilərdə həm yerli, həm də xarici müşahidəçilərə əlverişli şəraitin yaradılması şəffaflığın təmin olunmasında  əsas amillərdəndir.  Ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilər daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bunu seçkiləri  izləyən beynəlxalq müşahidəçilərin sayı da təsdiqləyir. Məsələn, sonuncu prezident seçkisini 100 ölkədən gəlmiş 1400-ə qədər beynəlxalq müşahidəçi izləmişdi. Bu ölkələr  bütün dünyanı əhatə edirdi.

Ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin olunmasına böyük maraq göstərilməsini təsdiqləyən faktlardan  biri də yerli və xarici kütləvi informasiya vasitələrinə seçkinin gedişini izləmək və işıqlandırmaq üçün əlverişli şəraitin yaradılmasıdır. Ötən seçkilərə bir daha nəzər yetirməklə bunu aydın görmək olar. Sonuncu seçkidə  35 xarici KİV-i təmsil edən 102 jurnalistin seçkinin gedişini işıqlandırması üçün akkreditasiyadan keçməsi respublikamızda seçkinin beynəlxalq birlik tərəfindən diqqətlə izləndiyindən xəbər verir.  Xarici kütləvi informasiya vasitələri sırasında TRT, Bloomberg News, BBC, Reutres, Associated Press, Almaniyanın ARD kanalı və digərlərinin olması  şəffaflığın təmin edilməsi üçün siyasi iradənin və özünə arxayınlığın  göstəricisidir.

Aprelin 11-də keçiriləcək przident seçkilərinə namizəd kimi qatılmaq istəyən  siyasi partiya sədrlərinə, bitərəflərə, namizədliyi özləri tərəfindən irəli sürülənlərə yaradılan bərabərhüquqlu şərait də bunu təsdiqləyir. Son məlumata əsasən, 15 nəfərin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub. Onların 80 faizdən çoxu müxalifət partiyalarının təmsilçiləridir. Bu fakt Azərbaycanda  keçirilən seçkilərin demokratikliyindən, obyektvliyindən xəbər verir.  Hələlik isə  Mərkəzi Seçki Komissiyası bir nəfərin – namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin qeydə alınması haqqında qərar qəbul edib.  Qərarda bildirilir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2018-ci il fevralın 22-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edərək qərar qəbul etmişdir.

Faktlar da təsdiqləyir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə ciddi hazırlıq işləri aparılır. Ölkəmiz həmin gün daha bir şəffaf, azad və ədalətli seçki keçirməklə demokratik prinsiplərə sadiqliyini təsdiqləyəcək.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında