Mətbu sözün, elektron medianın, bütövlükdə, jurnalistikanın əsas missiyası sülhə, həmrəyliyə, tərəqqi və bəşəri dəyərlərə xidmət etmək olmalıdır. Təəssüf ki, qlobal media bu gün ona bəslənilən ümidləri doğrulda bilmir. Hətta böyük güclərin, hegemon qüvvələrin tərəfində durmağı özünə rəva görür. Haqqı, ədaləti qorumağı bacarmayan jurnalistika, təbii ki, cəmiyyətə xeyir
yox, zərər verir.
Bu gün qlobal KİV-in gündəmini terror və münaqişələr tutur, ancaq bu zorakılıqları doğuran səbəblər unudulur. Media sadə insanın arzu və diləklərini dilə gətirmir, haqqı tapdanan, ədalətsizliyə düçar olan xalqların hüquqlarını müdafiə etmir.
Sirr deyil ki, çağdaş dövrdə qlobal informasiya axını baş verir və məhz Qərbdən idarə olunur. İnformasiya ilə manipulyasiya edənlər jurnalistikanın humanist dəyər və ənənələrinə məhəl belə qoymurlar. Qlobal KİV sözdə demokratiya və insan haqlarına, əməldə böyük güclərə xidmət edir.
Bir vaxtlar azad sözün və mətbuatın Yer üzündə bəşəri dəyərlərin carçısı olacağına böyük ümidlər vardı. Bu gün də dünyada haqqı, ədaləti müdafiə etməyə çalışan fədakar qələm sahibləri var. Onlar çox yerdə təzyiq və zorakılıqlara məruz qalırlar. Lakin saxta, yalan xəbərləri yayanlar, informasiya psixozu yaradanlar ədalətsizliyə qarşı səsini ucaldanların taleyi barədə düşünmək belə istəmirlər.
1970-ci illərin sonlarında Moskva Dövlət Universitetinin (MDU) tələbəsi idim. Həmin dövrdə kosmos fatehlərinə cəmiyyətdə xüsusilə dərin rəğbət vardı. Onları tez-tez tələbələrlə görüşə dəvət edərdilər.
MDU-da kosmonavtlarla keçirilən görüşlərdə mən də həvəslə iştirak edirdim. 1979-cu ilin yazında universitetin geniş kinozalında təşkil olunan görüşə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Adrian Qriqoryeviç Nikolayev, təəssüf ki, artıq soyadını unutduğum nisbətən cavan həmkarı ilə təşrif buyurmuşdu.
Həmin gün zal ağzına qədər dolu idi. Auditoriya kosmonavtların söhbətlərinə diqqət kəsilmişdi. Qonaqlar kosmonavt peşəsinin şərəfli, lakin çox çətin bir sənət olması barədə xeyli söz açdılar. Etiraf etdilər ki, uçuş zamanı təhlükəli, gözlənilməz anlar çox olur. Təbii ki, belə qorxulu anlar barədə o illərdə sovet mətbuatı yaza bilməzdi.
Yadımdadır, Nikolayev öz çıxışını çox maraqlı bir müqayisə ilə bitirdi. Dedi ki, sakini olduğumuz Yer kürəsi kosmosdan adi bir futbol topu boyda balaca görünür. Səmada isə minlərlə, milyonlarla belə ulduzlar var. Lakin orada “öz topumuz” bizim üçün digər bütün ulduzlardan daha doğma, məhrəm idi. Biz, kosmosda anasından ayrı düşən çağa kimi bərk darıxırdıq, doğma məkana -Yer kürəsinə qayıtmağa can atırdıq. Biz dövlətləri, aralarında sərhədləri unutmuşduq.
Sual-cavab zamanı Nikolayev biləndə ki, zalda universitetin jurnalistika fakültəsində təhsil alan tələbələr də var, o, gələcək jurnalistlərə səslənərək dedi:
-Siz, hörmətli, gənc qələm əhli, Yer kürəsinin müharibə və başqa kataklizmlərdən qorumağa çağıran çoxlu təsirli məqalələr yazın. Qoy əllərinin altında nüvə düyməsi olan ixtiyar sahibləri dərk etsinlər ki, “bizim futbol topumuz” ani bir ehtiyatsızlıq üzündən məhv ola bilər!
Xatırladım ki, həmin dönəmdə dünyada sovet və kapitalist sistemləri arasında “soyuq müharibə”nin ağır günləri idi. Belə ki, bir neçə ay əvvəl sovet qoşunları gözlənilmədən Əfqanıstana hərbi müdaxilə etmişdilər. Böyük dövlətlər, super güclər orada nüfuz savaşı aparırdılar. Hətta bu münaqişənin daha böyük miqyas ala biləcəyi təhlükəsi yaranmışdı.
Təəssüf ki, bu gün də Əfqanıstan və onun zavallı xalqı müharibə meydanı olaraq qalır. Təkcə Əfqanıstan deyil, artıq dünyanın başqa bölgələrində də ağır münaqişələr baş verir. Qlobal media isə nədənsə bu müharibə ocaqlarını söndürməyə çağırışlar etmək barədə düşünmür, əksinə, dünyanın aparıcı qəzet və jurnallarında, transmilli telekanallarda, sosial şəbəkələrdə savaş, müharibə ritorikası gündən-günə güclənir.
Son vaxtlar kosmonavt Nikolayevin tövsiyəsi barədə tez-tez düşünməli oluram. Bu gün yenə də dünya bərk qarışıb. Belə ki, yenə də böyük dövlətlər super dağıdıcı silahlara sahib olduqları ilə forslanır, qorxu və şantaj yolu ilə zəifləri iradələrinə tabe etdirməyə çalışırlar.
Tabe olmaq istəməyənləri acı tale gözləyir. “Ərəb baharı” hadisələri başlayanda Tunis, Misirin dalınca Liviyada da vəziyyət qarışdı. Fransanın keçmiş prezidenti Nikola Sarkozi Liviya lideri Müəmmər Qəddafini diktator adlandırdı, sonuncu buna dözməyib “sandığı açıb, pambığı tökərək” dedi ki, cənab Sarkozi, siz düzlükdən, ədalətdən dəm vurursunuz, ancaq özünüzün seçki kampaniyanızı məndən gizli şəkildə aldığınız pulların hesabına udmusunuz!
Sonra nə baş verdi? N.Sarkozinin əmri ilə Fransanın qırıcı təyyarələri BMT-nin müvafiq qətnaməsini gözləmədən Liviyada “demokratiyanı müdafiə etmək üçün” Tripolini bombardman etməyə başladılar. Günahsız insanların evləri başlarına uçmağa başladı. M.Qəddafinin sonrakı acı taleyi hər birimizə yaxşı bəllidir. Qlobal media, hər vəchlə Qərbin ssenarisini yazdığı “Liviya inqilabını” alqışladı. Lakin liviyalılar artıq neçə illərdir ki, qaçaqmalçılıq yolu ilə bura gətirilən silahlarla bir-birlərini qırmaqla məşğuldurlar. Qəbilə, tayfa davasının nə vaxt bitəcəyi məlum deyil.
Ötən il Fransada N.Sarkozi yenidən prezident seçilmək iddiasına düşmüşdü. Yaxşı ki, ölkə vətəndaşları bu dəfə onun saxta vədlərinə inanmadılar. Amma bu gün orada heç kim N.Sarkozidən M.Qəddafinin pullarını hara xərclədiyini soruşmur. Fransanın “azad mediası” isə ciddi-cəhdlə korrupsionerləri başqa ölkələrdə arayıb-axtarır.
Reallıq budur ki, bu gün qlobal media çox qərəzlidir. Harada bir terror aktı baş verirsə, orada dərhal “müsəlman izi” axtarılır. Çox vaxt bu xəbərlər yalan, saxta çıxır. Lakin ilkin informasiya öz işini görür. Avropalıların şüuraltında müsəlmanların qəddar, terrorçu obrazı yaranır.
Bütün bunlar “Köhnə qitə”də İslamofobiyanı, şovinizmi daha da gücləndirir. Media isə qatı millətçiliyi açıq şəkildə dəstəkləməsə də, pisləməyə cəhd də etmir. Artıq xeyli vaxtdır ki, qlobal KİV aramsız olaraq terror, münaqişə və müharibələrdən yazır. Təəssüf ki, məqsəd heç də təhlükə və zorakılıqları pisləmək, onların qarşısını almaq deyil. Bəzən adama elə gəlir ki, medianın işi-gücü qaşınmayan yerdən qan çıxarmaqdır. Siz dünyanın aparıcı qəzetlərinə, populyar televiziya kanallarına diqqət yetirsəniz, çoxunun məhz qızışdırıcı mövqe tutduğunun şahidi olacaqsınız.
Qlobal medianın tanınmış siyasətçiləri, dövlət və hökumət rəhbərlərini üz-üzə qoymaq şakəri yaranıb. KİV bu gün böyük güclərin əlində bir vasitəyə çevrilib. Sirr deyil ki, bir sıra böyük ölkələrdə media aşkar surətdə “dərin dövlət”lərin maraqlarına xidmət edir. Bu qorxunc, məkrli qüvvələr medianı sifariş etdikləri havaya oynamağa vadar edirlər.
Suriyada son yeddi ildə yaşanan dəhşətlər də qlobal medianı az narahat edir. Az qala 5 milyon insanın doğma torpağından qaçmağa məcbur olması da Qərbi düşündürmür. Qərbdən fərqli olaraq Türkiyə dövləti regionda haqqın, ədalətin bərqərar olmasını istəyir. Bu qətiyyətli mövqe Qərbi, onun ruporu olan KİV-i təmin etmir. Beləcə, böhtan və qarayaxmalar başlayır. Təsəvvür edin ki, bu gün beynəlxalq media rəsmi Ankaranı Əsəd rejimindən az qala on dəfə çox pisləyir?!
Bunlar söz, ifadə, mətbuat azadlığı pərdəsi altında həyata keçirilir. Guya Türkiyədə söz və mətbuat azadlığı pozulur. Niyyət başqadır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli maraqlarını qətiyyətlə qoruyur. Bu isə qlobal gücləri, onların nəzarətində olan medianı razı salmır. Beləcə, ən çirkin yollarla bu xarizmatik siyasətçini gözdən salmağa çalışırlar. Lakin niyyətlərinə çata bilmirlər, çünki şər atırlar, haqsızdırlar. Qərəzsiz və obyektiv olduğunu iddia edən Avropa mediasına bundan sonra kim inanar?!
Qaniçən ermənilər Xocalıda 26 il əvvəl XX əsrin ən dəhşətli qətliamlarından birini icra ediblər. Erməni faşistləri sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyilə bütöv bir şəhəri yerlə-yeksan ediblər, uşaq, qoca, qadın bilmədən xüsusi qəddarlıqla əliyalın insanları qətlə yetiriblər. Bu ağlasığmaz vəhşilikləri törədənlərin çoxu hazırkı Ermənistan dövlətinin rəhbərliyində təmsil olunub.
Dünənki qatillər bu gün Avropanın mötəbər hesab olunan qurumlarından riyakar çıxışlar edərək Azərbaycan dövlətinə, onun rəhbərinə hər cür böhtanlar yağdırırlar. Qlobal media isə susur. Əksinə, fürsət düşən kimi, Bakını haqsız yerə günahlandırmağa cəhd edir.
Düşünürəm ki, bu gün hər bir media təmsilçisi, ziyalı bütün bunlara yerində və tutarlı cavab verməyə borcludur. Qlobal mediada baş verən bu haqsızlıqlara biganə qalmağa mənəvi haqqımız yoxdur.
Bəlkə də taleyin istehzasıdır, mən bu məqaləni Xocalı faciəsinin düz 26-cı ildönümünün səhəri yazıram. Qulaqlarımda labüd ölüm qarşısında ermənilərin aramsız artilleriya atəşləri nəticəsində büsbütün alova qərq olmuş Xocalıda canlarını qurtarmağa can atan uşaq, qadın, qocaların ah-naləsi, acı fəryadı səslənir. Bu vəhşəti təsvir etməyə mənim qələmimin gücü çatmır. Lakin bu dəhşətli mənzərəni görkəmli şairimiz Nüsrət Kəsəmənli həmin məşum günlərdə yazdığı “Xocalı” şeirində çox təsirli təsvir edib:
“Tanklar qan üstündən yeridi,
Neçə can üstündən yeridi.
Körpələr qaldı dəmir
ayaqlar altında,
İmdad istəyən böyüklərə
güvənmədilər daha.
Ölü anaların döşlərindən
süd əmmədilər daha”.
Xocalı harayını Qərb mediası eşitmək, görmək istəmir. Lakin ermənilərin soyqırımı ilə bağlı uydurmalara həyan duranlar tapılır. Bu günlərdə Niderland parlamenti Türkiyədə uydurma erməni soyqırımı törədildiyi ilə bağlı ədalətsiz qərar qəbul edib. Xocalıda törətdikləri cinayətlərə görə ermənilərdən haqq-hesab soran yoxdur.
Yaxşı ki, Azərbaycan dövləti cinayətkarların layiqli cəza almaları üçün qətiyyət nümayiş etdirir. Bu il fevral ayının 26-da Bakının Xətai rayonunda yerləşən “Xocalı” soyqırımı abidəsini ziyarət edərkən Azərbaycan Prezidenti İlham Əliyev “Rusiya-24” telekanalının müxbirinə müsahibəsində Xocalı ilə bağlı acı həqiqətləri bir daha böyük bir auditoriya üçün səsləndirdi, bu dəhşətli cinayətin cəzasız qalmayacağını vurğuladı.
Qardaş Türkiyə isə hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində cənab R.T.Ərdoğan AKP-nin parlament qrupunun toplantısında çıxış edərkən deyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacağıq və xatırladacağıq”.
Biz qlobal mediadan məhz haqqın, ədalətin tərəfində durmasını gözləyirik. Mətbu sözün böyük gücü var. Bu ecazkar gücü sülhə, həmrəyliyə, humanizmə, bəşəri dəyərlərə həsr etməyin vaxtı çoxdan çatıb, deyilmi?
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
(Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.