Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikultarilizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilmişdir. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Tolerantlıq milli birlikdən başlayır
Təsdiq edilib ki, insan doğulduğu yurdu, məxsus olduğu milləti sevməsə başqa xalqlara, ayrı-ayrı insanlara, hətta ölkələrə laqeyd olar. Bu mənada Azərbaycan xalqı həmişə genişürəkli və humanist mövqeli olub. İstər qonşu, istərsə də uzaq ölkələrdə yaşayan millətlərə qayğı və məhəbbətlə yanaşıb. Vaxtılə Xalq şairi Səməd Vurğun əbəs yerə demirdi:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq.
Lap qədim zamanlardan xalqımız həmişə qonaqpərvərliyi və bütün millətlərə olan həssaslığı ilə seçilib. Doğrudur, sovet zamanında bu münasibətin rəngi bir qədər başqa idi, amma millətimizin ruhuna zərər dəyməmişdi. Həmişəki kimi bütün millətlərə eyni hörmət və məhəbbət bəslənirdi. Təəssüf ki, bundan sui – istifadə edənlər də tapıldı. Məsələn, namərd ermənilər kimi...
Ötən əsrin sonlarına doğru sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsində müəyyən dəyişikliklər baş verdi. Bu dəyişikliklər ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra ciddi problemlərin meydana gəlməsi və gərginləşməsi ilə səciyyələndi. Yaranan iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilmirdi. Bunun nəticəsində dünya dinləri arasında mövcud fərqlərə söykənən “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmışdır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması vacib idi. Müxtəlif mədəniyyətlərin qorunmasında milli-mənəvi köklərə bağlılıq və tolerantlıq ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilərdi. Azərbaycan isə bu xüsusiyyətləri özündə birləşdirən, bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Prezident İlham Əliyevin bir fikrini təkrarlamaq yerinə düşərdi: “Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.”
Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev respubilkamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərmişdir. Bunun bariz nümunəsidir ki, “Yəhudilər Azərbaycanda” kitabı hazırlanmış, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilmiş, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanmışdır. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə qeyd etmişdir ki, Azərbaycanda dinindən, dilindən, millətindən aslı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir.”
Ölkəmizdəki nadir din-dövlət münasibətləri modeli
Bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq “ixrac etmək” mümkündür. Bu model Azərbaycan xalqının sərvətidir.
Azərbaycana səfərində Roma Papası Fransisk Prezident İlham Əliyevlə görüşü zamanı vurğulamışdır ki, dünyada baş verən gərginliklərə baxmayaraq, “ölkənizdə dini azlıqların bütün hüquqları qorunur və hər cür şəraitlə tam təmin edilir.” Qeyd edək ki, 24 ildən artıqdır ki, Vatikan-Azərbaycan əlaqələri uğurla davam edir. Hətta 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarında əsaslı təmir və bərpa işləri aparılıb. Bu da ona əyani sübutdur ki, Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında xüsusi önəm daşıyır.
Bakı – beynəlmiləlçiliyin beşiyi
Bu gün Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn əcnəbilər buradakı ab-havadan, duyduqları diqqətdən razılıq edirlər. Bu tədbirlərin əksəriyyətinin mövzusu tolerantlığla, millətlərarası dostluqla bağlı olur. Ümumiyyətlə Azərbaycanda həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub. Hələ sovet dövründə Bakını “beynəlmilləlçiliyin beşiyi” adlandırırdılar. Təbii ki, Azərbaycanda bəşəri duyğuların vüsət tapmasında, insanların qardaşlıq, dostluq şəraitində çalışıb yaşamasında ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri var. O həmişə insana ağlına, zəkasına, qabiliyyətinə, xidmətinə görə qiymət verərdi. Bu gün əminliklə deyə bilərik ki, ümummilli liderin arzu və istəkləri cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Bakının ev sahibliyi etdiyi dini və milli tolerantlıq – millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda keçirilən tədbirlərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar, jurnalistlər və ekspertlər Azərbaycandakı tolerantlıq ənənələrinin, azad, bərabər və birgə yaşayışın yüksək səviyyədə inkişaf etdiyini bildirirlər.
Tolerantlıq fərqliliyimiz və zənginliyimizdir
Bu gün dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qururla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühütün olmasına əsas verir. Tolerantlıq fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Tolerantlıq həm də sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Ötən il Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırlayaq. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tolerant ölkə olduğunun bariz sübutudur. Həqiqətən də, belə beynəlxaq forumlar bir daha göstərir ki, Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkandır. Burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.
Dinlərarası dialoqun, tolerant mühitin vacibliyi
2016-cı ilin “Multikulturalizm ili”, ötən ilin “İslam Həmrəyliyi ili”, 2108-ci ilin isə “Cümhiriyyət ili” elan olunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini açıq nümayiş etdirir. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Bu cür tədbirlər gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım göstərir. Dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri Azərbaycanın rolunu bu məsələdə yüksək qiymətləndirərək söyləyirlər ki, böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir. Azərbaycanın təşkilatçılığı ilə keçirilən möhtəşəm tədbirlərin ümumi amalımıza, sülh üçün çağırışlarımıza gözəl bir cavab olduğunu vurğulayırlar. Bu hədəflərə nail olunması işində onlar Azərbaycanı mühüm bir tərəfdaş kimi görürlər və Bakının sülhün, inkişafın, mədəniyyətlərarası, dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu məkana çevrildiyini bildirirlər.
Azərbaycanda keçirilən əksər beynəlxalq tədbirlərdə qloballaşma dövründə tolerantlıq, dinə və inanclara tolerant yanaşma, multikulturalizmin, dinlərarası dialoqun vacibliyi və bu proseslərdə Azərbaycan modeli, ayrı-seçkilik və zorakılığın bütün formaları ilə mübarizədə ölkəmizin təcrübəsi mövzularına daim toxunulur və bu sahələrdə dünyaya bir mesaj verilir.
Bu günlərdə paytaxtımızda “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi təşkil olundu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclər bir araya toplaşaraq Azərbaycanın qədim tarixi, mədəniyyəti, siyasəti haqqında dolğun məlumatlar əldə etdilər, ölkəmizdəki multikultural mühitlə yaxından tanış oldular. Qış məktəbinin iştirakçıları ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında geniş məlumat aldılar. İştirakçıların ölkəmizdəki tolerant mühütün onları heyrətləndirdiyini bildirmələri və multikulturalizmin Azərbaycan
modelini təbliğ edəcəklərini vurğulamaları respublikamızın bu sahədə nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir.
Müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə milli azlıqların etnik-mədəni dəyərləri daim qorunur, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə əsas güc mərkəzlərinin qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Fikrimizi Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istərdik: “Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir”. Nə yaxşı ki, biz məhz bu ölkənin vətəndaşlarıyıq. Bu gün hər bir azərbaycanlı tolerant dəyərlərə sahib vətəndaş olmaqla yanaşı, gələcək nəsillərə bu humanist mövqeyi uğurla ötürür. Elə buna görədir ki, Qafqazın mirvarisi olan Azərbaycan nəinki regionun, eləcə də dünyanın tolerantlıq mərkəzinə çevrilmişdir. Ölkəmizə gələn qonaqlar da həmişə ürəklə və səmimiyyətlə etiraf edirlər ki, tolerantlıq baxımından Azərbaycan nümunədir.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
(Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.