Sumqayıt hadisələri ermənilərə Dağlıq Qarabağ münaqişəsini sürətləndirmək üçün lazım idi

Ermənistan rəhbərliyinin həbsdən azad etdiyi Eduard Qriqoryan indi haradadır?

Keçmiş SSRİ rəhbərliyinin  və erməni xüsusi xidmət orqanlarının Sumqayıt şəhərində törətdiyi hadisələrdən 30 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Azərbaycanın sənaye  şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirmişdi. Həlak olanlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Tarix boyu bəşəri dəyərlərə həmişə ehtiramını nümayiş etdirmiş Azərbaycan xalqını hədəfə almış mənfur qüvvələr erməni millətçilərindən alət kimi yararlanaraq Sumqayıt təxribatını törətmişdilər. Azərbaycanın bərəkətli torpaqlarına göz dikmiş mənfur qüvvələrin  əsas məqsədi  Sumqayıtda qan tökməklə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi prosesinə bəhanə tapmaqdan ibarət  idi. Amma, necə deyərlər, “Yağ suyun üzünə çıxdığı kimi, həqiqət də həmişə yalandan yüksəkdə durur”. Sonralar səsləndirilən etiraflar və faktlar da aydın şəkildə göstərmişdi ki, Sumqayıt hadisələrinin arxasında keçmiş SSRİ və Ermənistan xüsusi xidmət orqanları dayanırdı.

Erməni millətçiləri Sumqayıt hadisələrini “soyqırımı” kimi qələmə verməyə və bu hadisə ətrafında mif yaratmağa çalışsalar da, beynəlxalq arenada həmin qanlı hadisələrlə bağlı ətraflı və hüquqi cəhətdən əsaslandırılmış dəlil-sübutlar mənfur qonşularımızın məkrli siyasətini ifşa edir. Bəli, faktlar çoxdur, ancaq həqiqət birdir. Həqiqət də budur ki, Sumqayıt hadisələri keçmiş SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdikləri ssenarinin tərkib hissəsi olmuşdu.  Müxtəlif dövlət orqanlarının əlində olan faktlar da bu həqiqəti təsdiqləyir. Hadisələrin bilavasitə şahidlərinin ifadələri iğtişaşları təşkil edən “qara plaşlı” şəxslərin Sumqayıt sakinləri olmadıqlarını təsdiqləyir.

 İfadələrdən belə məlum olmuşdu ki, həmin “qara plaşlı” adamlar öz aralarında bəzi hallarda erməni dilində danışırmış, Azərbaycan dilini isə təmiz bilirmiş və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparırmışlar. Ermənilərin bu hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olmuşdu və həmin ərəfədə yüzlərlə erməninin banklardakı əmanətlərini əvvəlcədən çıxarmaları bu faktı təsdiqləyir. Xatırladaq ki,  SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da hadisələrin Moskvadan idarə olunduğu faktını təsdiq etmişdi. Ermənistanın tanınmış siyasi xadimlərindən olan Paruyr Ayrikyan isə vurğulamışdı ki, Sumqayıt hadisələri birbaşa Moskva tərəfindən təşkil olunmuşdu.

Erməni agenturasının təşkil etdiyi həmin “qara plaşlı” adamlardan ibarət qrup yerli camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayırmış. Məlum hadisələr də məhz  həmin  azğınlaşmış dəstə tərəfindən törədilmişdi. Baş vermiş kütləvi iğtişaşlar da 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan  Eduard Robertoviç Qriqoryan, onun Albert və Ernis adlı  iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla,  bilavasitə icra edilmişdi.

Fevralın 27-də öz dəstəsilə Sumqayıtda Ermənistanda azərbaycanlılara qarşı törədilən zorakılıqlara etiraz mitinqlərinin keçirildiyi meydana gedərək,  orada özünü “Qafandan gəlmiş azərbaycanlı” kimi təqdim etmiş E.Qriqoryan Qafanda ermənilərin azərbaycanlıları kütləvi şəkildə qırdıqları barədə danışaraq,  kütləni Sumqayıtda yaşayan ermənilərdən qisas almağa çağırmışdı. Daha sonra o “Məndə ermənilərin siyahısı var, hara getmək lazım olduğunu bilirəm”--  deyərək,  təxminən 100 nəfərlik dəstə ilə erməni mənzillərində talançılığa başlamışdı.

E. Qriqoryanın həmin dəstənin ən fəalı olması şahid ifadələri əsasında da sübut olunmuşdu. Dağlıq Qarabağdan olan emissarlar vəhşi instinktlərlə davranan  Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermiş, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün “Paşa”nı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmiş, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışlar.

Belə mənfur planın həyata keçirilməsi nəticəsində Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürmüş, hətta Marina və Karina Mejlumyanlar adlı erməni qızları da daxil olmaqla, ümumilikdə 8 erməni qadınını zorlamışdı. İttiham aktları bu quldur erməninin dəstə başçısı kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğunu sübuta yetirir. Qeyd etmək zəruridir ki, E.Qriqoryan zahirən qətiyyən erməni görkəminə malik deyildi. Onu daha çox rusa, ləzgiyə oxşatmaq olardı. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki fəallığı heç kimdə şübhə doğurmurdu.

Xatırladaq ki, dövlət başçımız  2008-ci ildə 1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı sərəncam imzalamış və hadisələrin yenidən istintaqını aparmaq üçün hüquq-mühafizə orqanlarına tapşırıq vermişdi. Milli Təhlükəsizlik Nazirliyinin, Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinun apardıqları istintaqla tam müəyyən edilmişdi ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağda fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olmuşlar. Amma, təəssüflər olsun ki, bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etmişdi.

Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il cəza verilmişdi. Lakin həbs olunmuş 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilmişdi. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilmiş və bu ədalətsiz hökm 17 ay sonra icra olunmuşdi. Ancaq 6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları canfəşanlıq göstərərək, quldur və qatı cinayətkarın azadlığa buraxılmasına nail olmuşdular. Təəssüf ki, 1988-ci ildə Sumqayıtda törədilən hadisələrin istintaqının  qərəzli və siyasi sifariş əsasında aparılması nəticəsində həqiqi cinayətkarlar məsuliyyətdən kənarda qalmışdılar.

Bəs bu qatil indi haradadır? Bəzi mənbələrin verdiyi məlumata görə, E.Qriqoryan ölmüş hesab olunurdu. Lakin onun ölmədiyi bildirilir. Bu qatı cinayətkarın son vaxtlara qədər Rusiyada məskunlaşdığı vurğulanır. 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Ermənistana göndərilən E.Qriqoryan az sonra həbsdən azad olunmuş və onun Ermənistanda bir müddət yaşadıqdan sonra Rusiyaya getdiyi söylənilir. Erməni millətçisinin hazırda Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşdığı bildirilir. Sumqayıt şəhərində anadan olmuş, milliyyətçi, bitərəf, orta təhsilli, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləmiş və dəfələrlə məhkum olunmuş bu cəllad hələ də layiqli cəzasını almamışdır. Bununla belə, ermənilərin iftirasından asılı olmayaraq, E.Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır. Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş E.Qriqoryanın pasportunda, pasport almasına dair 1 №-li formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilmişdir. Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu gün ermənilər gülünc və məntiqə zidd iddia irəli sürərək, Azərbaycanı “Sumqayıt işi”ni saxtalaşdırmaqda günahlandırmağa çalışırlar. Amma belə iddiaların heç bir əsası yoxdur. Ən azından ona görə ki, “Sumqayıt işi” keçmiş SSRİ  Baş Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələrindən ibarət müstəntiqlər tərəfindən aparılmış və istintaq hərəkətlərində Sumqayıt hadisələrində E.Qriqoryanın fəal rolu öz əksini tapmışdı. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri erməni millətçilərinin məkrli planlarının nəticəsi idi və əsas səbəb də ermənilərdə azərbaycanlılara qarşı nifrət oyatmaqla Dağlıq Qarabağda separatçılığa başlamaq və muxtar vilayəti Ermənistana birləşdirməyə çalışmaqdan ibarət idi. Sonralar bu reallığı Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan öz müsahibələrinin birində də açıqlamışdı. Onun sözlərinə görə, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü və əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi.

Bəli, Levon Ter-Petrosyanın bu sözləri bir daha təsdiqləyir ki, Sumqayıt hadisələri ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi və erməni millətçiləri bunun üçün bütün iyrənc üsullardan yararlanmağa cəhd etmişdilər.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında