Sumqayıt hadisələrindən 30 il keçir. Aparılan araşdırmalar və təhqiqat işləri bir daha təsdiqlədi ki, bu hadisələr Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən planlı şəkilədə hazırlanmış təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atması və etnik təmizləmə siyasəti aparmağa başlaması getdikcə vəziyyəti ağırlaşdırırdı. Keçmiş SSRİ rəhbərliyinin millətlər arasında nifaq toxumu səpməsi, ayrı-seçkiliyə yol verməsi və Ermənistana açıq şəkildə himayədarlıq etməsi erməni quldurlarının əl-qolunu açırdı. Törətdikləri cinayətlərin, terror aktlarının və təxribatların cəzasız qaldığından həyasızlaşan ermənilər öz qəddar əməllərini genişləndirir, ərazi iddialarını artırırdılar. Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı bir-birinin ardınca çoxsaylı cinayətlər törədilirdi. Ümumilikdə, bir milyondan artıq azərbaycanlı doğma dədə-baba yurdlarından didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili təxribatların isə ardı-arası kəsilmirdi. İşğalçı dövlətin xüsusi xidmət orqanları, erməni terror təşkilatları müxtəlif terror aktları törədərək minlərlə azərbaycanlını qətlə yetirirdi.
1988-ci ilin fevralında Sumqayıtda təşkil olunan təxribatlar isə bu çirkin oyunun daha bir qanlı səhifəsi idi. Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi. Bunun təqribən 18 mini etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma baş verməmişdi. Bu gün də Sumqayıt Azərbaycanın digər şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq, nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.
SSRİ rəhbərliyinin himayədarlığından istifadə edən Ermənistan tərəfi 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizmini daha da fəallaşdırmaq məqsədi ilə İrəvanda da kütləvi mitinqlərə start verdi. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürərək, azərbaycanlılara qarşı ən qəddar üsullara əl atdılar. Mitinqin üçüncü günü İrəvanda azərbaycanlılara məxsus yeganə məscid binası, orta məktəb, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının əmlakı yandırıldı. Bu hadisələrə etiraz edən azərbaycanlıların evlərinə od vuruldu. Bundan sonra azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başlandı. Bu deportasiya azərbaycanlıların kütləvi qətliamları, misli görünməmiş qəddar zorakılıqlara məruz qalması ilə müşayiət olunurdu. Ermənistandan azərbaycanlıların zorla qovulması, evlərinə od vurulması, eyni zamanda, Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumların başlaması Azərbaycanda da qəzəb və hiddətə səbəb olurdu.
Belə bir vaxtda ermənilər dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq, Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan diqqəti yayındırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarını həyata keçirmək üçün Sumqayıtda ermənilərə qarşı kütləvi qırğın planları qurmağı planlaşdırdılar. 1988-ci il fevralın 28-də və 29-da şəhərdə kütləvi iğtişaşlar törədildi. Bu iğtişaşlar nəticəsində 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycanlı və 1 ləzgi öldürülmüşdü. Bu fakt dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq, Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan diqqəti yayındırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarını həyata keçirmək məqsədi daşıyırdı.
Sumqayıt hadisələri ilə bağlı o vaxt SSRİ prokurorluğu və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aparılan istintaq zamanı əsl təşkilatçıların məhz ermənilər olduğu üzə çıxdı. İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı 1959-cu ildə anadan olmuş, əvvəllər 3 dəfə məhkum olunaraq üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləridir. Bu, çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqini tapdı. Məlum oldu ki, həmin hadisələrdə öldürülən 26 ermənidən 6 nəfərini məhz E.Qriqoryan şəxsən qətlə yetirib.
Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermiş, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmiş, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışlar.
İstintaq materiallarından da bəlli olur ki, Qriqoryan Eduard Robertoviç ətrafına topladığı özü kimi cinayətə meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylamış, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını demiş və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı təşkil edilən dinc mitinqin keçirildiyi meydana aparmışdır. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırmışdır. Daha sonra onda Sumqayıtda yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, “səfərbər etdiyi” 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışlarla "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmiş, talan və digər cinayətlərdə fəal iştirak etmiş və şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.
Lakin hələ o vaxt ermənilərə himayədarlıq edən SSRİ Prokurorluğu istintaqı birtərəfli aparmış, əsas günahkarları gizlədərək, azərbaycanlı Əhməd Əhmədovu güllələnməyə məhkum etmişdir. Lakin istintaq Ə.Əhmədovu iğtişaşların əsas təşkilatçısı kimi təqsirləndirsə də, onun günahını sübuta yetirmək üçün tutarlı dəlillər olmayıb.
Dövlət Təhlükəsizliyi Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.
Uzun illərdir, erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətləri ört-basdır etmək, təxribat və terror aktlarına bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş, bu gün də işğalçı siyasətindən əl çəkməyən, cəbhəboyu ərazilərdə günahsız insanları qətlə yetirməkdə davam edən Ermənistan, Sumqayıt hadisələrini “Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt” kimi təqdim edir. 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına istiqamətlənib. Ermənistan Sumqayıt hadisələrinə dair uydurma faktlara söykənən təbliğatını 30 ildir davam etdirərək, bu hadisələrin əsas təşkilatçılarının məhz ermənilər olduğu barədə təkzibolunmaz faktlara məhəl qoymur. Fakt isə faktlığında qalır. Bu hadisələrin Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən planlı şəkildə törədilmiş təxribat olduğu artıq öz təsdiqini tapıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.