Azərbaycanın beynəlxalq miqyasda ildən-ilə güclənən nüfuzu iqtisadi uğurlarla yanaşı, həm də siyasi liberallaşma və demokratikləşmə prosesinin dərinləşdirilməsi, insan hüquqlarının aliliyinin qorunması, habelə tolerantlıq və multikulturalizm sahəsində əldə olunan nailiyyətlərlə şərtlənir. Sistemli, ardıcıl islahatların məntiqi nəticəsi olaraq iqtisadi və siyasi islahatların bir-birini tamamlaması Azərbaycanın bölgədə regional mərkəzə çevrilməsini, qlobal tədbirlərin məhz Bakı şəhərində reallaşdırılmasını təmin edir.
Müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına da imkan yaratmışdır.
Beynəlxalq ictimaiyyətin respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə ətraflı məlumatlandırılması, bu sahələrdə əldə olunmuş nailiyyətlərin qlobal miqyasda təbliği zərurəti hazırda ölkənin elm adamları, eləcə də tədqiqatçılar qarşısında yeni çağırışlar müəyyənləşdirmişdir. Söhbət, ilk növbədə, Azərbaycanın sivil birgəyaşayış sahəsində tarixən əldə etdiyi nailiyyətlərin elmi prinsiplər əsasında araşdırılması, tədqiqi və sistemləşdirilməsi, eləcə də erməni ideoloqlarının əsassız və saxta iddialarına tutarlı cavab olaraq beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması zərurətindən gedir.
Azərbaycanda fəlsəfi və humanitar düşüncənin düzgün məcrada inkişafına, yeni dövrün tələbi kimi cəmiyyətdə aktual nəzəri məsələlərin həllinə sanballı töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə bir müddət əvvəl çapdan çıxmış “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı çoxmədəniyyətli dövlət olan Azərbaycanın multikulturalizm sahəsindəki siyasətinin öyrənilməsi və təbliği, eləcə də obyektiv dərki baxımından son dərəcə əhəmiyyətlidir.
Kitabda Prezident cənab İlham Əliyevin son 15 ildə Azərbaycanın multikulturalizm modeli ilə bağlı səsləndirdiyi dəyərli fikirlər – rəsmi nitq və çıxışlarından seçmələr, iqtibaslar üç dildə (Azərbaycan, rus və ingilis dillərində) yerləşdirilmişdir. Bu isə kitabın ölkə hüdudlarından kənarda da oxunmasını təmin edəcək mühüm amil olaraq Azərbaycandakı tolerant və multikultural mühitin beynəlxalq miqyasda təbliğinə xidmət edir. Kitabla tanışlıq ölkəmizdə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasəti, bu yöndə əldə olunan nəticələr barədə aydın təsəvvür formalaşdırır.
Akademik Kamal Abdullayev və professor Etibar Nəcəfovun kitaba yazdıqları ön sözdə Azərbaycanda tolerant və multikultural düşüncə tərzinin tarixi təkamül proseslərinin məntiqi nəticəsi kimi əsrlər boyu formalaşdığı, müxtəlif azsaylı xalqların bu məkanda dinc və mehriban şəraitdə yaşadıqları xüsusi vurğulanmışdır. Multikultural cəmiyyətin formalaşmasında coğrafi amilin rolunu diqqətə çəkən müəlliflər haqlı olaraq Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşməsini xüsusi qeyd etmişlər. Tanınmış alimlərin bu qənaəti ilə də tam razılaşmaq mümkündür ki, obyektiv səciyyə daşıyan tarixi və coğrafi amillər Azərbaycan multikulturalizminin formalaşması prosesində təkanverici amil rolunu oynamışdır.
Müəlliflər bildirirlər ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər ölkədə mütərəqqi İslam dəyərləri ilə yanaşı, başqa dinlərin inkişafı üçün də liberal mühitin yaradılmasını təmin etmiş, dini qurumlar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Roma katolik kilsəsi inşa olunmuşdur. Kilsənin başçısı II İohan Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı və multikulturalizmi yüksək qiymətləndirmişdir.
Kitabın ön sözünün müəllifləri haqlı olaraq qeyd edirlər ki, ulu öndərin bu sahədə əsasını qoyduğu islahatları son 15 ildə inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirmiş, eləcə də beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərmişdir. Multikulturalizm sahəsində müfəssəl nəzəri və təcrübi biliklərə malik olan Azərbaycan Prezidenti 2003-cü il noyabr ayının 22-də müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışı zamanı qeyd etmişdir ki, ölkəmizdə dini və etnik dözümlülük mövcuddur: “Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olmuşdur, milli, dini dözümlülük Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı-seçkilik olmayacaqdır. Hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən milliyyətindən asılı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcəkdir”.
Dövlətimizin başçısının hələ 15 il əvvəl söylədiyi bu fikir onun multikulturalizm və tolerantlıq ideyalarına həssas münasibətinin əyani təzahürü olmuşdur. Cənab İlham Əliyev 2005-ci ilin iyul ayında azsaylı xalqların sıx yaşadığı Quba rayonunun Qırmızı qəsəbə sakinləri ilə görüşdə demişdir: “Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Biz böyük ailə kimi yaşayırıq… Bu, Azərbaycan dövlətinin siyasətidir...Biz Azərbaycanı başqa cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir sakini mənim üçün əzizdir, mənim üçün doğmadır”.
Dövlət başçısı ötən 15 ildə Azərbaycanda etnik-dini icmaların sıx yaşadığı digər rayon və şəhərlərə də müntəzəm səfərlər etmiş, ölkəmizdə sivil birgəyaşayış sahəsində qazanılan uğurları yüksək dəyərləndirmişdir. 2005-ci ilin iyulunda Qusar rayonunun sakinləri ilə görüş zamanı dövlətimizin başçısı demişdir ki, Azərbaycanın çoxmillətli dövlət olması xalqımızın sərvətidir: “Millətlərin müxtəlifliyi, mədəniyyətlərin müxtəlifliyi bizi zənginləşdirir. Azərbaycanda millətlərarasında tam mənada qardaşlıq hökm sürür”.
Ölkə Prezidenti Qəbələ rayonunun Nic qəsəbəsinin, İsmayıllı rayonunun İvanovka kəndinin, Gədəbəy rayonunun Saratovka kəndinin sakinləri ilə görüşləri zamanı da Azərbaycanda yaşayan bütün etnosların birliyini xalqımızın böyük nailiyyəti kimi vurğulamışdır: “Böyük xoşbəxtlikdir ki, Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin bütün yerlərində özünü doğma evindəki kimi hiss edir. Bu, bizim böyük nailiyyətimizdir. Biz bəlkə də buna öyrəşmişik, gündəlik həyatda buna vikir vermirik və düz də edirik ki, fikir vermirik... Azərbaycan Respublikasının Prezidenti kimi mən Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və dövlət başçısıyam”.
Ölkə başçısı etnik-milli tolerantlığın əsaslarından biri kimi vicdan azadlığının Konstitusiya səviyyəsində təsbit olunmasının əhəmiyyətini elmi əsaslarla sübut etmiş və İtaliyanın “Rai News-24” telekanalının “Next” proqramına verdiyi müsahibədə respublikamızda dini tolerantlığın yüksək səviyyədə olmasını, hər kəsin azad şəkildə istədiyi dinə etiqad etmək hüququnun olduğunu demişdir.
Göründüyü kimi, dövlətimizin başçısı xarici təcrübə və yerli vəziyyəti öyrənərək multikulturalizmi alternativi olmayan dəyər kimi təqdim edir. Ölkə başçısı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı bu sahədə müsbət ənənələri olan ölkələrin təcrübəsinin öyrənilməsi vacibliyini qeyd etmişdir: “Azərbaycanın təcrübəsi göstərir ki, multikulturalizmin çox müsbət nəticələri var. Multikulturalizmə qarşı çıxış edənlər bu məsələni daha da geniş təhlil etməlidirlər. Müsbət təcrübəyə malik ölkələrin təcrübəsi öyrənilməlidir. Əgər bu gün multikulturalizmə qarşı müəyyən fikirlər səslənirsə, sual verilməlidir: bəs bunun əvəzinə nə təklif olunur? Özünütəcridmi? Yoxsa, başqa dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilikmi?”.
Kitabla tanışlıq deməyə əsas verir ki, Prezident İlham Əliyev multikulturalizmin öz mahiyyətinə və fəlsəfəsinə görə Qərb analoqlarından fərqlənən yeni modelini irəli sürmüşdür. Bu da haqlı olaraq bəşər mədəniyyətinə multikulturalizmin Azərbaycan modeli kimi təqdim edilir. Prezident İlham Əliyev 2014-cü ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində bu modelin artıq dünyada öyrənildiyini vurğulamışdır.
Kitabda haqlı olaraq vurğulanır ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” kimi tarixiləşməsi respublikamızın bu sahədə qərinələr boyu əxz etdiyi zəngin ənənələrin, milli və dini azlıqlar arasındakı sivil birgəyaşayış mühitinin bəşəri miqyasda təbliği baxımından uğurlu olmuşdur. Bunun nəticəsi kimi dünya ictimaiyyəti Tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunun, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığının, habelə insan hüquqlarının yüksək səviyyədə qorunduğunun əyani şahidi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin haqlı olaraq vurğuladığı kimi, “Güclü dövlət” konsepsiyası həm insanlara geniş hüquqlar verilməsini tələb edir, həm də dövlətin güclü olmasını dəstəkləyir: “Güclü dövlət anlayışını, ilk növbədə, dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığı kimi başa düşmək lazımdır… “Güclü dövlət dünyəvi dövlətdir. Güclü dövlət trasparent dövlət idarəetmə sistemini dəstəkləmək üçün vətəndaşın demokratiklik hüququndan, demokratiyanın ifrat həddə yuvarlanmasının və nəticədə çıxılmaz vəziyyətə düşməsinin qarşısını alan güclü hüquq-mühafizə strukturları ilə birlikdə istifadə edə bilən dövlətdir... İnsan hüquqlarına və azadlıqlarına hörmət etməyən güclü dövləti təsəvvürə gətirmək mümkün deyildir”.
2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edilməsi həm də Azərbaycanın güclü dövlət olaraq dünyaya verdiyi açıq mesaj kimi yüksək qiymət almışdır. Cənab İlham Əliyevin də vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan sabitliyin və multikultural mühitin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır. Söhbət ondan gedir ki, müasir dünyada getdikcə dərinləşən sivilizasiyalararası ziddiyyətlər xalqların milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq bəhanəsi ilə son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artır.
Kitabda bir sıra Qərb dövlətlərində islamafobiyanın, antisemitizmin, ksenofobiyanın və dözümsüzlüyün digər təzahürlərindən də söz açılır, multikultural dəyərlərin aşındığı qeyd edilir. Bu gün bir sıra Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Dövlətlər səviyyəsində İslamın, habelə müsəlman mühacir və qaçqınların sıxışdırılmasına yönəlmiş cəhdlər son nəticədə “daha çox dözümlü olmaq” şüarı ilə çıxış edən Avropada dözümsüzlük əhval-ruhiyyəsinin güclənməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, müsəlman qaçqınların kütləvi şəkildə Avropadan çıxarılmasına, habelə bu məkana buraxılmamasına açıq çağırışlar artır. Bu çağırışların həm də “islamafobiya” və terror cəhdləri ilə müşayiət olunması özlüyündə çox ciddi təhlükələrdən xəbər verir. Belə bir şəraitdə ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul edilməsi Azərbaycanda insan hüquqları və digər sahələrdə əsassız olaraq “problem” axtaran qərəzli dairələrə tutarlı cavabdır. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan qətiyyən monoetnik dövlət deyil, burada müxtəlif xalqların nümayəndələrinə qarşı hansısa ayrı-seçkilik, dözümsüzlük müşahidə olunmur.
Kitabda haqlı olaraq vurğulanır ki, Azərbaycan kimi əlverişli coğrafi və tarixi şəraitə malik olan bəzi dövlətlərdə multikultural dəyərlərin inkişaf səviyyəsi ölkəmizlə müqayisədə son dərəcə aşağıdır: “Başqa sözlə desək, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Məhz bu məqam əlverişli tarixi və coğrafi amillərlə birlikdə multikulturalizmin Azərbaycanda geniş yayılmasına səbəb olmuşdur”.
BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə milli azlıq və etnik qrupların mədəniyyətinin inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2009-cu ildə imzaladığı qanunla respublikamız bu Konvensiyaya qoşularaq mədəni müxtəlifliyi dəstəklədiyini bir daha nümayiş etdirmişdir. Dövlətimizin başçısının 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada ilk multikultural qurumun - Beynəlxalq Bakı Multikultural Mərkəzinin yaradılması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas məqsədi müəyyən edilmişdir.
Azərbaycanda mövcud olan multikultural mühitin dünyaya təqdimatında Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər də müstəsna əhəmiyyətə malikdir. Ümumi şəkildə deyə bilərik ki, respublikamız son illərdə Beynəlxalq humanitar forumlara, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, Qlobal Bakı Forumlarına, habelə ilk Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Həmrəyliyi Oyunlarına, Şahmat Olimpiadasına və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Şübhəsiz, bu və digər beynəlxalq forumlar, konfranslar, idman yarışları vasitəsilə sivil dialoqun qurulması, konstruktiv debatlar üçün platformanın formalaşdırılması Bakı şəhərini həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevirir. Bu, əhalisinin 96 faizi müsəlman olan Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin, ölkəmizdəki dinlərarası dialoq mühitinin bəşəri miqyasda yüksək dəyərləndirildiyini göstərir.
Bu kontekstdə akademik Kamal Abdullayev və professor Etibar Nəcəfov haqlı olaraq yazırlar ki, Azərbaycan Respublikası hətta multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Tanınmış alimlər siyasi leksikonda “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmin Azərbaycan modeli” terminlərinin formalaşmasını, eləcə də, Azərbaycan multikulturalizmi” fənninin bir neçə xarici ölkə universitetində tədris olunmasını da mühüm nailiyyətlər kimi diqqətə çəkirlər.
Prezident İlham Əliyevin son 15 ildə bu istiqamətdə yürütdüyü siyasətin ən diqqətəlayiq cəhətlərindən biri də multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasıdır. Bu siyasət milli həyatın ahəngdarlığını, konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsini təşviq edir. Bu, həm də ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyasının mahiyyətindən irəli gəlir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabında dövlətimizin başçısının “Bakı prosesi” ilə bağlı fikirlərinə geniş yer verilməsi təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransında “Bakı prosesi” ideyasını irəli sürməklə paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin mərkəzi statusu almasını təmin etmişdir. 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdir. Bəyannamədə İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü dəstəklənmişdir. Bununla da respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" sərəncamı da prosesin təkcə Azərbaycan deyil, ümumən bəşəriyyət üçün əhəmiyyətindən xəbər verir. Sərəncamın preambula hissəsində Bakı prosesinin xalqlar və mədəniyyətlər arasında uğurlu əməkdaşlıq pratformu olduğu bir daha xüsusi vurğulanmışdır.
Ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin genişlənməsində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fond mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınmışdır. Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulması, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili – Avroviziya musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. buna parlaq nümunədir.
Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Fondun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Layihə çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə vermişdir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilmiş, eyni zamanda “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir.
Ümumiyyətlə, kitabdakı çıxışların xronoloji ardıcılığından belə görünür ki, multikulturalizmin Azərbaycan modelinin formalaşmasına gedən yol 3 istiqamətdə aparılan gərgin işin nəticəsində mümkün olmuşdur:
1) ölkə daxilindəki multikultural mühitin daha dərindən öyrənilməsi və onun siyasi hüquqi müstəviyə keçirilməsi; 2) Azərbaycandakı multikultural mühitin beynəlxalq aləmə çatdırılması; 3) multikulturalizmin Azərbaycan modelinin alternativinin bəşəriyyət üçün yararsız olması.
2016-cı il aprelin 24–28-də Bakıda “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda da qeyd olunduğu kimi, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik təcrübə müasir dünyada mütərəqqi model kimi qəbul olunur və maraqla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyev Birinci Qafqaz Forumunun rəsmi açılış mərasimində haqlı olaraq, bildirmişdir ki, bu modelin “alternativ” yalnız milli zəmində ziddiyyətlər, ksenofobiya, irqçilik ola bilər: “Azərbaycan təcrübəsi göstərir ki, multikulturalizmin böyük gələcəyi var və onun alternativi yoxdur. Multikulturalizmin alternativi özünü təcridetmə, ayrı-seçkilik və irqçilikdir. XXI əsrdə biz belə mənfi meyillərin baş qaldırmasına yol verə bilmərik”.
Xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin dünyaya təbliği prosesində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da yaxından iştirak edir, bu məqsədlə müxtəlif layihələr, tədbirlər, konfranslar keçirir. Xarici ölkələrə təşkil olunan işgüzar səfərlər zamanı Azərbaycan multikulturalizmi barədə geniş məlumat verir və əcnəbi alimlərin, elm xadimlərinin multikulturalizm ideyasına münasibətində pozitiv dəyişikliklərin şahidi oluruq. Konkret olaraq Fransaya 2017-ci ildə gerçəkləşən səfər zamanı multikulturalizm və həmrəyliyin konstitusion hüquqi əsasları mövzusunda respublikamızı təmsil edən alimlərin çıxışları böyük maraqla qarşılanmış, əcnəbi alimlər əvvəlki yanaşmalarından fərqli olaraq multikulturalizm ideyasının cəmiyyət üçün əhəmiyyətini açıq etiraf etməli olmuşlar.
2017-ci ildə AMEA-nın Milli Elmi Kitabxanasında İtaliya alimlərinin və bu ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə keçirilən beynəlxalq konfransda əcnəbi alimlər Azərbaycan multikulturalizminin bütün dünyaya örnək olmasından söhbət açmış, səfir isə Azərbaycanda milli identikliyin qorunub saxlanmasını dövlət siyasətinin mühüm məqamı kimi dəyərləndirmişdir.
Akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə işıq üzü görmüş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Azərbaycan multikulturalizminin gerçək mahiyyətini açaraq konkret faktlar əsasında respublikamızın mədəni və etnik rəngarəngliyini bütün dünyaya çatdırır. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğu vurğulanır, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin bəşəriyyət üçün əhəmiyyətindən söz açılır.
Bu gün Azərbaycandakı multikultural cəmiyyət modelinin uğurlarını şərtləndirən ən başlıca amillərdən biri də xalqla hakimiyyət arasında möhkəm mənəvi bağlılığın olması, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasətin cəmiyyətdə bütün etnos və dini konfessiyaların maraqlarını birmənalı ifadə etməsi ilə şərtlənir. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti illərdə də uğurla davam etdiriləcək.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri,
hüquq üzrə elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.