Sosialyönümlü layihələr regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında prioritet təşkil edir

Bir vaxtlar regionlarımızda yaşayan insanları ən çox narahat edən məsələlər elektrik enerjisinin fasilələrlə verilməsi, bəzən isə günlərlə kəsilməsi, təbii qazın olmaması, yolların bərbad vəziyyəti, həmçinin təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin şəraitsiz, qəzalı binalarda yerləşməsi idi. Etiraf edək ki, 10-15 il bundan əvvəl regionlarda müasir tələblərə cavab verən sənaye və istehsal müəssisələri də yox idi. Sovet dövründən qalmış zavod və fabriklər isə müstəqilliyimizin ilk illərində ölkədə baş alıb gedən hakimiyyətsizliyin, özbaşınalığın, anarxiya və xaosun qurbanı olmuşdu. Kənd yerlərindəki dözülməz və ağır həyat tərzi, işsizlik gəncləri Rusiyanın müxtəlif şəhərlərinə üz tutmağa vadar etmişdi. İndi isə regionlar şəhərdən heç nə ilə fərqlənmir. İşləmək üçün Bakıdan rayonlarda açılmış zavodlara gedənlər az deyil.

 Bu barədə yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda daha ətraflı məlumat verildi. Ölkənin müxtəlif bölglərində həyata keçirilən layihələr, sənaye məhəllələrinin, beynəlxalq standartlara cavab verən sənaye və istehsal müəssisələrinin yaradılması, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilməsi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının uğurla yerinə yetirlməsindən xəbər verir. Qarşıya qoyulan bütün vəzifələr artıqlaması ilə icra edilmişdir.

Hər birimiz bunu gündəlik həyatımızda hiss edir və görürük. Ən başlıcası, hazırda regionlarda 10-15 il bundan əvvəlki şəraitdən əsər-əlamət qalmayıb. İndi ən ucqar kəndlərdə belə mavi qaz alovlanır, köhnə elektrik dirəkləri ləğv edilərək, müasir sistemlə əvəz olunub. Elektrik enerjisinin verilməsindəki fasilələr tamamilə aradan qaldırılıb. Yolların asfaltlaşdırılması sürətlə aparılır. Məktəblər, səhiyyə ocaqları, mədəniyyət obyektləri müasir avadanlıqla təchiz olunmaqla, hər cür infrastruktura malik binalarda yerləşdirilib.

Bu uğurların bünövrəsi xalqın 2003-cü ildəki düzgün seçimi ilə qoyulmuşdur. Həmin il prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd olan Baş nazir bəyan etmişdi ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacaq. Söz vermişdi ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Xalq öz seçimini etdi və verilən vədlərin layiqincə, artıqlaması ilə yerinə yetirildiyinin şahidi oldu.

Həmin il keçirilən prezident seçkilərindən bir neçə ay sonra – 2004-cü ilin əvvəllərində qəbul edilmiş birinci Dövlət Proqramı xalqımızın yaddaşında tarixi hadisə kimi qaldı. Bunu  sosial, siyasi və iqtisadi sahələrdə baş verən sürətli inkişaf da təsdiqlədi. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram, demək olar ki, Azərbaycanın bütün regionlarında əsaslı dönüş yaratdı. Regionların sürətli inkişafı məhz birinci proqramın qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı idi. Həmin vaxt yenə də bədxahlar min fitnə-fəsadla aranı qatır, dövlət proqramının yerinə yetirilməyəcəyi barədə yalanlar uydurur, şayiələr yayır, hətta müxtəlif vasitələrlə buna mane olmağa çalışırdılar. Ancaq çirkin niyyətlərini həyata keçirə bilmədilər və ölkədə baş verən inkişaf sanki onları çaş-baş saldı.

Birinci dövlət proqramının qəbulundan 14 il keçir. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçmiş, dövlətimizin iqtisadi qüdrəti artmış və beynəlxalq aləmə sürətlə inteqrasiya olunmuşdur. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Həyata keçirilən siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının reytinqlərində Azərbaycanın adı ön sıralardadır. Ölkəmizdə təhlükəsizlik, davamlı sabitlik təmin edilir. Beynəlxalq aləmdə baş verən hadisələr, iqtisadi əməkdaşlıq, iri layihələrin reallaşdırılması da təsdiqləyir ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur.

Yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət də bunu təsdiqləyir. Bu gün Ermənistana investisiya qoyulması barədə düşünməyə dəyməz. Çünki bu ölkənin əsas amalı iğtişaşlar törətmək, işğalçılıq siyasəti yeritmək, digər ölkələrin ərazilərinə göz dikməkdir. Ölkədaxili qarşıdurma gündən-günə gərginləşir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Beynəlxalq ekspertlər də təsdiqləyir ki, bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir, Prezidentə olan inam və etimaddır.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında sosialyönümlü layihələr prioritet təşkil edib və bu gün də həmin istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Bunu arxada qalan illər ərzində həyata vəsiqə alan infrastruktur layihələr də təsdiqləyir. Xüsusilə qeyd edilməlidir ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Bu da dövlət siyasətinin prioritetinin xalqın maraqlarını təşkil etməsindən irəli gəlir. Gündəlik fəaliyyətimizdə də şahidi oluruq ki, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktik addımlar atılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bu məsələ xüsusi olaraq vurğulandı. Qeyd olundu ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirməkdir.

Sosial infrastrukturla bağlı böyük işlər görüldüyü bnir daha diqqətə çatdırıldı, çoxlu sayda məktəbin, tibb müəssisəsinin, mədəniyyət obyektlərinin tikildiyini, yaxud təmir edildiyini, 43 Olimpiya İdman Kompleksinin inşa olunduğunu diqqətə çatdırdı. Təbii ki, bu sosialyönümlü layihələrin həyata vəsiqə alması böyük vəsait tələb edir. Ancaq, buna baxmayaraq, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması hər şeydən üstündür. Bu xeyirxah və humanist tədbirlər bu il də davam etdiriləcək.

Əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılan zəruri sahələrdəndir. Keçən il 5 milyondan çox vətəndaşın pulsuz tibbi müayinədən keçirilməsi bunu bir daha təsdiqləyir. İnsanların pulsuz tibbi müayinədən keçirilməsi dünya praktikasında yeganə hadisədir. Bu təcrübə də yalnız bizim ölkəmizdədir. Bu xeyirxah missiyaya bu il də start verildi. Bölgələrdə beynəlxalq standartlara cavab verən səhiyyə müəssisələrinin yaradılması, keyfiyyətli tibbi xidmət almaq üçün xəstəxanaların müasir avadanlıqla təmin olunması insanların sağlamlığının qorunmasına əlverişli şərait yaradıb. Bütün bunlar bir daha təsdiqləyir ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi, sağlamlığının qorunması dövlət siyasətinin prioritetini təşkil edir. Altı şəhərdə – Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisinin başa çatdırılması barədə dövlət başçısının müvafiq təşkilatlara tapşırıq verməsi sosial layihələrin davamıdır. Eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisinin aparılmasının planlaşdırılması, bu xəstəxanaların 2019-cu ildə istifadəyə hazır olması barədə qəti göstəriş verilməsi insanlara olan diqqət və qayğının, onların sağlamlığının qorunması istiqamətində atılan addımdır. Halbuki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib və həmin rayonlarda keyfiyyətli tibbi xidmət üçün imkanlar da var. Buna baxmayaraq, bu rayonlarda yeni xəstəxanaların tikintisinin inşasına başlanılıb.

Azərbaycan Prezidentinin 2018-ci il 2 fevral tarixli sərəncamına əlavə də sosialyönümlü layihələrin davam etdiriləcəyindən xəbər verir. Həmin əlavədə göstərilir ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında, ümumilikdə, 22 kənddə modul tipli məktəb quraşdırılacaq. Bu layihənin reallaşdırılmasına 6 milyon 870 min manat vəsait ayrılıb. Ümumiyyətlə, bu il 137 modul tipli məktəb tikiləcək. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı şəkildə təmir ediləcək . Bu layihələrə əsasən, Bakı şəhərində məktəb tikintisi və təmiri problemləri aradan qaldırılacaq. Bununla yanaşı, bölgələrdə, rayonlarda yeni məktəblər tikiləcək və ya əsaslı təmir olunacaq. Bu il qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramların icra ediləcəyi xüsusi vurğulanıb.

Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuş, qatil və qəddar erməni silahlı qüvvələri tərəfindən ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın qarşılaşdıqları problemlərin aradan qaldırılması, onların məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət proqramlarında daim öz əksini tapıb. Bu məsələ konfransda respublikamızın rəhbəri tərəfindən bir daha gündəmə gətirildi. Qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması, xüsusilə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu vaxta qədər qəbul olunan dövlət proqramlarında biz bunun şahidi olmuşuq. Bu günə qədər 265 min köçkünün yeni evlərlə, mənzillərlə, təmin olunması, dörd yüz min qaçqın və köçkünün işlə təmin olunması da bundan xəbər verir. Ümumilikdə, dövlətimiz indiyə qədər bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib.

Qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması daim dövlətin diqqət mərkəzində olub. Məhz bunun nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərlə tanışdır. Bunun məntiqi davamı olaraq, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının apardığı siyasət nəticəsində 2003-2017-ci illər ərzində 55 fərman və sərəncam imzalanmışdır. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların rifahının daha da yaxşılaşdırılması üçün 2001-2017-ci illər ərzində 96 qəsəbə salınmış, 152 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 tibb ocağı və digər sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib.

Faktlar da təsdiqləyir ki, dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Hətta Avropanın ən inkişaf etmiş ölkələrinə belə pənah aparan qaçqınların orada ən adi ehtiyaclarının ödənməsində həmin dövlətlər çətinlik çəkirlər. Ümumilikdə, Azərbaycanda məcburi köçkünlər üçün görülən işlərin dünyada analoqu yoxdur. Bütün bu işlər isə cənab Prezidentin diqqət və qayğısının nəticəsində mümkün olub. Ölkə başçısı konfransda bir daha vurğuladı ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş layihələr bundan sonra da icra olunacaq, bu istiqamətdə digər tədbirlər də həyata keçiriləcək.

Konfransdakı diqqətçəkən məqamlardan biri də Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar dövlət başçımızın səsləndirdiyi fikirlər oldu. Cocuq Mərcanlı kəndinin bərpasının təmin edilməsi, 150 ailə üçün hər cür infrastruktura malik evlərin tikilməsi, eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərciyin salınması hər birimizdə qürur hissi yaradıb. Bu layihələr xüsusi əhəmiyyət kəsb edir. Bu layihələr vaxtilə işğal edilmiş və ordumuz tərəfindən azad olunmuş torpaqlarda icra edilibdir: “Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar”.

Dövlət proqramının növbəti illərdə qarşıya qoyduğu vəzifələrdən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il 12 min köçkün hər cür şəraiti olan mənzillərdə yerləşdirildi. Bu il 4 min ailəyə – ən azı, 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin edilən köçkünlərin sayı, təqribən, 290 minə yaxın olacaqdır.

Dövlət proqramlarında sosialyönümlü layihələr sırasında “Ailə biznesinə asan dəstək” layihəsi böyük maraq doğurur. Bu layihə əsasında “ABAD” mərkəzlər artıq yaradılır. Layihə ilə tanış olduğunu bildirən dövlət başçısı bunun çox gözəl təşəbbüs olduğunu vurğuladı: “Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər”.

Bir daha qeyd olundu ki, iri infrastruktur layihələr, xalqın maraqlarına uyğun siyasət bundan sonra da davam etdiriləcək: “Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında