Azərbaycan dövləti aprelin 11-dəki seçkilərdə də şəffaflığı və obyektivliyi təmin edəcəkdir

Bunun üçün mükəmməl seçki qanunvericiliyi və siyasi iradə vardır

Xalqımız daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi dövlət başçısı 2018-ci ildə keçiriləcək prezident seçkilərinin vaxtının elan edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncam ölkə Konstitusiyasının və qanunvericiliyin tələblərinə tam uyğundur.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edərkən deyib ki, bu günədək Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Qətiyyətlə deyə bilərik ki, 2018-ci ilin 11 aprel seçkiləri də ölkə qanunvericiliyi əsasında, xalqın arzu və istəklərinə rəğmən, azad və demokratik şəkildə keçiriləcək.

Təbii ki, istənilən seçki ərəfəsində danışan ekspert və politoloqlar dörd mühüm prinsipi önə çəkməyi məqsədəuyğun hesab edirlər: Milli seçki qanunvericiliyi, xalqın seçki təcrübəsi, beynəlxalq qanunvericilik normaları ilə uzlaşdırılma və nəhayət, cəmiyyətin arzu-istəklərinin nəzərə alınması. Qətiyyətlə deyə bilərik ki, son 15-20 ildə ölkəmizdə keçirilən bütün seçkilər ərəfəsində bu dörd prinsip dönə-dönə yada salınıb və onların hər biri yüksək səviyyədə təmin edilib. Bu amillər Azərbaycan dövlətinin müstəqilliyinin ən kövrək illərində ulu öndər Heydər Əliyevin də diqqət mərkəzində olub, beynəlxalq aləmin aparıcı dövlətləri ilə yanaşı dayanmaq hüququ qazanmış qüdrətli Azərbaycanın rəhbərliyinin də. Qarşıdan gələn seçkilərdə isə həmin prinsiplərin daha yüksək səviyyədə təmin olunacağı heç kəsdə şübhə yaratmır.

Belə düşünməyə kifayət qədər haqqımız var. Çünki bu gün ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında beynəlxalq miqyaslı uğurlar əldə edən Azərbaycan Respublikası seçkilər sahəsində də mühüm nailiyyətlər qazanmaqdadır. Mərkəzi Seçki Komissiyasının rəsmi materialları ilə tanış olarkən öyrənirik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra seçki sistemi təkmilləşdirilmiş, mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənmiş, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunması və qorunması mexanizmləri müasirləşdirilmiş, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşmişdir.

Azərbaycan rəhbərliyi fəaliyyətinin bütün dövrlərində əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Təbii ki, insan hüquqlarının daha sivil həyata keçirilməsi vasitələrindən biri də seçkilərin demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun aparılmasıdır. MSK rəsmilərinin fikrincə, seçkilərin sivil şəkildə keçirilməsi bir sıra amillərlə, o cümlədən, ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi, eyni zamanda, mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildirilir ki, qısa zamanda respublikamızda bu baxımdan sanballı nəticələrə imza atılmış, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra təqdirəlayiq dövlət proqramları hazırlanıb həyata keçirilmişdir.

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da müasir texnologiyaların verdiyi imkanlardan bəhrələnməklə seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlar, sənədlər və keçirdiyi tədbirlərlə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər.

Seçki təcrübəmizdən məlumdur ki, Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birlikdə seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına həsr edilən çoxsaylı tədbirlər keçirilib. 2015-ci il iyulun 9-da və avqustun 13-də Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş iki seminar təşkil olunub ki, bu da siyasi partiyalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi tələblərindən irəli gəlir.

Seçkilərlə bağlı seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının üzvləri və əməkdaşları seçkilər dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə seçki hüququnun və seçki prosesinin müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış edirlər. Eyni zamanda, MSK üzvlərinin və Katiblik əməkdaşlarının mətbuat səhifələrindəki məqalələri və müsahibələri də vətəndaşların seçki fəallığına stimul verən tədbirlərdəndir.

Ötən seçkilərdən də məlumdur ki, seçki komissiyaları kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir, onlara seçkiləri işıqlandırmaları üçün hər cür şərait yaradır, öz peşə borclarını layiqincə yerinə yetirmələrinə lazımi kömək göstərirlər. Bu əməkdaşlıq getdikcə daha da dərinləşir və birgə tədbirlər keçirilir. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunur və lazımi məlumatları dərhal və birbaşa əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədilə MSK tərəfindən müxtəlif xarakterli mətbuat konfransları, brifinqlər keçirilir, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılır, mətbuat bülletenləri və məqalələr dərc olunur. Təbii ki, qarşıdan gələn prezident seçkilərində də MSK mətbuatla yaxından əməkdaşlıq edəcəkdir.

Bu da bir faktdır ki, seçkilər zamanı bəzən bu və ya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları olur. Bu isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirib. Seçki qanunvericiliyinə görə, şikayətlər ilkin olaraq dairə seçki komissiyalarında yaradılan 3 nəfərdən ibarət ekspert qrupunun üzvləri tərəfindən araşdırılır.

Bundan başqa, respublikada 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ilə artmaqdadır. 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərində və 2014-cü il bələdiyyələrə seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış veb-kameraların sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc edilmiş və rəsmi internet səhifəsində yerləşdirilmişdir. Seçki günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olmuşlar.

Bütün bunlar sübut edir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da, prezidentliyə namizədlər də, seçki komissiyalarının üzvləri və müşahidəçilər də, ən nəhayət, istənilən seçkidə əsas söz sahibi olan seçicilər də 11 aprel 2018-ci il prezident seçkilərinin hazırlanması, təşkili və keçirilməsindən tamamilə razı qalacaqlar. Çünki bu məmnunluğun təmin edilməsi üçün ölkəmizdə milli seçki qanunvericiliyi, xalqın seçki təcrübəsi, beynəlxalq qanunvericilik normaları ilə uzlaşdırılma və nəhayət, cəmiyyətin arzu-istəklərinin nəzərə alınması kimi bütün prinsiplər mövcuddur. Fəxr ilə deyə bilərik ki, həmin prinsiplər ölkəmizdə milli dəyərlər səviyyəsində qorunur və nəzarətdə saxlanılır.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında