Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait vardır

Mükəmməl qanunvericilik bazası və ötən seçkilərdə qazanılmış mütərəqqi təcrübə bu fikri bir daha təsdiq edir

2018-ci il fevralın 5-i Azərbaycan xalqı üçün bir neçə cəhətdən əlamətdar oldu. Belə ki, dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayı keçirildi, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxış edərək, həmkarlar fəallarının hamısını növbəti prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləməyə çağırdı və qurultay iştirakçıları yekdilliklə növbəti seçkidə də İlham Əliyevin namizədliyini irəli sürdülər.

Eyni zamanda, qurultay iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubu oxundu. Orada qeyd edilirdi ki, böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilmişdir. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

İndiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi vaxtın elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutan dövlət başçısı  Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alır ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin və  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  V Qurultayında çıxış edən  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  bu barədə  deyib: “Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini
İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq”.

 Əli Həsənov deyib ki, bu il martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Bu  mühüm tədbirlərin təşkili və keçirilməsi seçkilərin vaxtının önə çəkilməsini zəruri edirdi.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi  Əli Əhmədov da məlum qərar barədə danışarkən güclü arqumentlərə əsaslanıb. “Təbii, prezidentin növbədənkənar seçki elan etməsinin tutarlı səbəbləri var və onlar əsasən, xarici faktorlardan qaynaqlanır. Yəni ölkədəki vəziyyət və Azərbaycan hakimiyyətinin daxili vəziyyəti növbədənkənar seçkilərə yönəlik ciddi zərurət doğurmurdu. Lakin Azərbaycanın yerləşdiyi coğrafiyada cərəyan edən çox ciddi və həssas proseslər növbədənkənar prezident seçkilərinin keçirilməsini aktuallaşdırıb və bununla bağlı qərarın qəbulunu sürətləndirib”.

YAP Siyasi Şurasının üzvü, parlamentin deputatı Aydın Mirzəzadə isə növbədənkənar prezident seçkilərinin elan olunmasını 2018-ci ildə dövlət səviyyəsində keçiriləcək tədbirlərin sıxlığı ilə əlaqələndirib: “Prezidentin Konstitusiyanın ona verdiyi səlahiyyətə uyğun olaraq, ölkədə növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul etməsi, ilk növbədə 2018-ci ildə dövlət səviyyəsində çox sayda tədbirlərin planlaşdırılması ilə əlaqədardır. Bildiyiniz kimi, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının, Cümhuriyyət parlamentinin fəaliyyətə başlamasının, Silahlı Qüvvələrin və Dövlət bayrağının 100 illik yubileyləri qeyd olunacaq.

Bütün bu tədbirlər, əlbəttə ki, ciddi diqqət və geniş fəaliyyət tələb edir. O baxımdan, prezident seçkilərinin bir qədər erkən keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcək”.

Bizim fikrimizcə, dövlət başçımızın bu qərarının təməlində gənc müstəqil Azərbaycan dövlətinin 1993-cü ilin yayından indiyədək  əldə etdiyi  çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, Azərbaycan xalqının sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm vəzifələr dayanır.

Yeri gəlmişkən, bu ilin mart ayında Azərbaycanın böyük qonşusu, dostu və strateji tərəfdaşı olan Rusiya Federasiyasında da, işğalçı Ermənistanda da prezident  seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, üç-dörd ay həmin seçklər ərəfəsində, bir o qədər də seçkidən sonrakı dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılması ehtimalı azdır. Sonra isə Azərbaycanda seçki marafonuna start veriləcəkdi və beləliklə, 2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal iş aparılması imkanları məhdudlaşa bilərdi. Ona görə də, ən doğru variant Azərbaycanda keçiriləcək prezident seçkilərinin vaxtını bir neçə ay qabağa çəkmək idi.

Bu məsələyə beynəlxalq ekspertlərin münasibəti də maraqlıdır. Türkiyəli beynəlxalq münasibətlər üzrə icmalçı Əli Bulac deyib ki, seçkinin vaxtının tezləşdirilməsi bütün namizədlərin hazırlığına yenidən baxılmasını tələb edəcək. Kiçik partiyaların elektoratı da kiçik olduğuna görə onlar çevik halda vəziyyəti dəyişəcəklər. Ona görə də bu məsələ ilə bağlı müxalifətin səsləndirəcəyi istənilən irad və ya iddia əsassızdır. Çünki bu vaxt dəyişikliyi iqtidar partiyasının hazırlığında müəyyən çətinliklər yarada bilər, müxalifət üçün isə  yox.

Bütün hallarda, Azərbaycan Konstitusiyası istənilən seçkidə ölkə əhalisinin hamısına bərabər səviyyədə iştirak etmək imkanları verir. Biz Azərbaycan seçicisinin  daha bir seçkinin uğurla, ədalətli və şəffaf keçirilməsində iştirakını arzulayırıq. İnanırıq ki, oktyabrda və ya apreldə keçirilməsindən asılı olmayaraq, xalqımız öz layiqli namizədinə səs verəcəkdir. Layiqli namizədin seçilməsi üçün ilk şərt isə səsvermədə hamının,  elliklə iştirak etməsidir. Biz buna əminik və şahidi olacağıq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında