Azərbaycan kosmik klubun üzvü kimi yeni nüfuz və iqtisadi səmərə qazanır

Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur

 

 
 

Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Dövlət başçımız “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda 2004-cü ilin əvvəlindən bəri ölkəmizin regionlarının müasirləşdirilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması, bu məqsədlə elmi şəkildə işlənilib hazırlanmış dövlət proqramlarının icrasını təmin etmək üçün kifayət qədər vəsaitin ayrıldığı barədə müfəssəl məlumat verdikdən sonra “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasından indiyədək  bu sahədə qazandığımız uğurlardan danışdı.

Xatırladaq ki, Nazirlər Kabinetinin  dövlət başçımızın sədrliyi ilə ilə keçirilən, 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında da çıxış edən  “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev son beş ildə adı çəkilən istiqamətdə həyata keçirilmiş layihələrin bir neçəsini yada salaraq dedi ki,  2009-cu ildə  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilmişdir. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırmış və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilmişdi.

Mütəxəssislərin fikrincə, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılmasında və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Eyni zamanda, ölkədə yeni iqtisadi sahələrin, həmçinin bu sahələr üzrə insan ehtiyatlarının və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında strateji əhəmiyyəti ilə seçilir.

 

Dövlət proqramından “Azərkosmos”a

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamı və təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın beynəlxalq kosmik klubun üzvünə çevrilməsi, ölkədə peyk texnologiyalarının yayılması və tətbiqi üçün geniş imkanlar açmışdır.

2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmiş  və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzlərinin yaradılması ilə bağlı xüsusi tapşırıqlar verilmişdir.

"Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlərlə sıx əməkdaşlıq yaratmış, BMT-nin Kosmik Fəzanın Sülh Məqsədlərilə İstifadəsi üzrə Komitəsi ilə, habelə bır sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə regional əməkdaşlıq istiqamətində mühüm işlər görmüşdür.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri  qeyd edir ki, “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir: “2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş  genişlənmələr aşkar edilib”.

 

“Reuters”, “MTV”,  “National Geographic”

 

Ancaq kosmosdakı peyklərimizin fəaliyyətinin səmərəsi  bunlarla bitmir. Cəmiyyət sədri əlavə edir ki, dövlət başçısının  peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyi tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün “Reuters”, “MTV”, “National Geographic” kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir.

Biz isə adıçəkilən üç beynəlxalq informasiya qurumunun dünya informasiya tarixində oynadığı rolun miqyası barədə təsəvvür yaratmaq üçün bəzi məqamları yada salmaq istəyirik.

Məsələn, müasir dünyanın ən nəhəng beynəlxalq informasiya və maliyyə informasiyası agentliyi olan “Röyter”in mənzil qərargahı Böyük Britaniyanın London şəhərindədir. Əsası 1851-ci ildə Pol Culius Röyter  adlı imkanlı İngiltərə vətəndaşı tərəfindən qoyulub. 2008-ci ildə bu qurum “Tomson” korporasiyası tərəfindən alınıb və rəsmi adı “Tomson – Röyter” olsa da, bütün
dünyada hamı onu hələ də “Röyter” kimi qəbul edir. 2015-ci ildən agentliyin baş direktoru Stefen Adlerdir.

Adıçəkilən ikinci qurum–  “MTV” telekanalı 1981-ci ildən  ABŞ-da fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərindədir. Birləşmiş Ştatların ən müasir kabel və peyk  telekanallarındandır.  Təsisçiləri Robert Pitman, Con Sayks, Tom Freston və Les Harlenddir. “MTV” dünyanın müxtəlif qitələrinə, ölkələrinə və xalqlarına həsr edilmiş onlarca  ekran əsərinə görə möhtəşəm beynəlxalq nüfuz qazanmışdır.

ABŞ Milli Coğrafiya Cəmiyyətinin 1888-ci ildə təsis etdiyi   “National Geographic” jurnalı da “Azərspace-1”in xidmətlərindən yüksək səviyyədə yararlanır. Bu jurnalın üstünlüyü ondadır ki, hamıya eyni dildə deyil, hər ölkəyə öz dilində təqdim edilir. Hazırki baş redaktoru xanım Suzan Qoldberqdir.

 

İdman  yarışları : öz evimiz, öz peykimiz

 

Azərbaycan Prezidentinin  idman sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir. Belə ki, 2015-ci ildə ev sahibliyi etdiyimiz ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları  bilavasitə öz peykimiz -- “Azerspace-1” peyki üzərindən yayımlandı.  Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb olub.

 

“Azərspace-1” kənd təsərrüfatında

 

“Azərkosmos”un rəhbəri qeyd edir ki,  Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Prezidentin verdiyi  bütün  istiqamətlərdə, yəni kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi ilə ötən il pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bu il isə layihənin bütün ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ötən il ərzində respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaq sahələrinin dəqiq sahəsi müəyyən edilib və elektron xəritəsi hazırlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi aparılıb və bu il analoji layihənin daha bir neçə rayonda icrası nəzərdə tutulur. Həmçinin ötən “Bakutel” sərgisində verilən tapşırıqların da icrasına – yəni, pivot
suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və respublika üzrə meşələrin monitorinqinə başlanılıb.

 

“Minilliyin gəncliyi” “Azərkosmos”da

 

Dövlətin hərtərəfli qayğısını  müxtəlif sahələrdə çalışan Azərbaycan şirkətləri öz gündəlik fəaliyyətlərində hiss edirlər. Bu güc və beynəlxalq nüfuz bizə imkan verir ki, ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların ölkəmizə transferini həyata keçirək. Belə ki, ilk milli peykimiz ABŞ şirkətində istehsal olunub, Fransa şirkəti tərəfindən orbitə çıxarılıb. “Azersky” isə fransız şirkətində istehsal olunaraq Hindistan şirkəti tərəfindən orbitə çıxarılıb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, o cümlədən Yaponiya bankları tərəfindən həyata keçirilib.

“Azərkosmos”un  fəaliyyətə başladığı 2011-ci il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf etdi. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi. Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur.

Qeyd edilir ki,  ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini – 40 faizini təşkil edən və “Minilliyin gəncliyi” adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərlərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. “Azerspace” və “Azersky” kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, Vətənimizdən “beyin axınının” qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır. Bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir.

“Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb ki, burada  peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

 Daha bir uğurlu, sevinc gətirən məqam ondan ibarətdir ki, “Azərkosmos”  Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində  Milli Aviasiya Akademiyası ilə nano peyklərin hazırlanması sahəsində tərəfdaşlıq edir. 2016-cı və 2017-ci illərdə akademiyanın tələbələrinin hər il NASA tərəfindən keçirilən beynəlxalq “CanSat” tələbə peyki müsabiqəsində iştirakına dəstək verilib, tələbələrimizin hazırladığı model peyklər uğurla səmaya buraxılıb. Bu ildən isə Təhsil Nazirliyi ilə birlikdə universitetlərarası analoji müsabiqənin keçirilməsinə start verilib.

 

Apreldə üçüncü peykimiz orbitə buraxılacaq

 

Qurumun sədri məlumat verir ki, biznesin davamlılığını təmin edəcək “Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edək ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb.

“Azersky” peyki üzrə  əldə edilən gəlirlərin 98 faizi isə xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Bu sahədə də işlər uğurla aparılır.

Yəni, müasir, qüdrətli Azərbaycan dövləti hansı sahədə olursa-olsun, bütün layihələrin uğurla, xalqın və milli dövlətçiliyin mənafelərinə uyğun şəkildə reallaşdırılmasına nail ola bilir. İnanırıq ki, daha böyük qələbələr hələ irəlidədir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında