Azərbaycanda gənclərlə iş dövlət siyasətinin tərkib hissəsinə çevrilib

2 Fevral Azərbaycan Gəncləri Günüdür

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır.

Heydər ƏLİYEV
Ümummilli lider



Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Bu gün çoxmilyonlu Azərbaycan gəncliyinin bayramıdır. 1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə ölkəmizin ən fəal gənclərinin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.

Ölkəmizdə gənclərlə işi dövlət siyasətinin tərkib hissəsi kimi görən ümummilli liderimiz həmişə millətimizin gələcəyi olan istedadlı gəncliyə arxalanmış, ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan ən istedadlı gənclərə  dəstək olmuşdur. Gənclər də Vətənimizin ən çətin anlarında ulu öndərin bir çağırışı ilə meydanlara axışmış, taleyi tükdən asılı olan, başı bəlalar çəkmiş ölkəmizi xilas etmişlər.

Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Milli Məclisin deputatı, görkəmli yazıçı-publisist Elmira Axundova Heydər Əliyevin həyat və fəaliyyətinə, ömür yoluna həsr etdiyi “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik roman-tədqiqatında yazır: “Gənclər və idman naziri Azad Rəhimov maraqlı bir epizodu yada salır: “Qubada Olimpiya Kompleksinin açılışı idi. Ulu öndər çıxış edirdi və birdən nitqini saxladı, gənc bir qıza müraciət elədi. Qızın əlində üçrəngli bayrağımız var idi. Havanın küləkli olmasına baxmayaraq, bu gənc qız bayrağımızı daim başı üzərində dik saxlamışdı. Minlərlə insanın arasında Heydər Əliyev onu gördü və qızı çağırdı. Gənc qız dahi öndərimizin yanına gəldi. Heydər Əliyev bu qızı digər gənclərimizə nümunə kimi göstərdi.

Ümummilli liderimiz bu incəliyi görməklə digər gənclərə nümunə göstərdi ki, bayrağa qayğı varsa, bayraq dövlətin atributudursa, deməli, dövlətə sayğı var”.

Bu, bütün həyatı boyu gəncliyə daim diqqət və qayğı göstərən, gəncliyi özünə yaxın dost bilən Heydər Əliyevin həyatından adicə bir epizoddur. Amma nə qədər diqqətəlayiq və nümunəvi epizoddur.

Ulu öndərin gənc əsgərlərlə, idmançılarla, tələbələrlə, məktəblilərlə  görüşlərində nə qədər maraqlı, ibrətamiz, unudulmaz anların şahidi olmuşuq.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də öz fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün lazım olan hər şeyi edir. Məlum olduğu kimi, dövlət başçısının 19 dekabr 2011-ci il tarixli fərmanı ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşması məqsədilə respublikamızda Gənclər Fondu yaradılmışdır. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş işləri görmək üçün dövlət büdcəsindən 8 milyon 375 min manat vəsait ayrılmışdı. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına isə 80 milyon manat ayrıldı. Göründüyü kimi, təqribən 10 dəfəyədək artıq vəsait ayrılıb ki, əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin təhsili, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini reallaşdırmaq olmuşdur.

Ötən il sentyabrın 15-də isə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.

Üçüncü dövlət proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Bu baxımdan Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, ölkədə könüllülük hərəkatının stimullaşdırılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması və gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.

Göründüyü kimi, son illər respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını  daha da sürətləndirib.  Artıq gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Müstəqil dövlətimizin gənclərə verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və layihələri ilə dünya birliyində təmsil olunmağa qadirdir. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycan dəyərlərinin, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin xüsusi  yeri var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, IDEA kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya miqyasında  yayılmasında xüsusi yeri və rolu var. Onun rəhbərlik etdiyi AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilmişdir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

Hazırda gənclərimizin səsi dünyanın ən yüksək tribunalarından eşidilir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərlə bağlı müddəa öz əksini tapıb. Elmin İnkişaf Fondunun da əhəmiyyəti böyükdür. Gənclər, gənc alimlər bu fondun xətti ilə müxtəlif proqramların icrasında fəal iştirak edirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, gənclərin potensialından səmərəli istifadə etmək gərəkdir. Gənclər böyük qüvvədir. Bu baxımdan deyə bilərik ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində fəal fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev son 14 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək, müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etdi. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı ildən-ilə artırılır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya – kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə iş səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır.

Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti olub. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında sosial xidmət müəssisələri–Gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bundan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür. Sənəddə qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

Həmçinin qeyd olunur ki, strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, onların təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər öz əksini tapıb.

Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizdən çoxu gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir. Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.

Heydər Əliyevin 100 illiyini gələn il qeyd edəcəyimiz doğma Bakı Dövlət Universitetinə, onun çoxsaylı tələbə-gənclərinə diqqət və qayğısı, sevgisi, səmimiyyəti böyük idi. Ulu öndər öz yubileyini altı dəfə qeyd etmiş (1929, 1969, 1980, 1994, 2000, 2009) Bakı Dövlət Universitetinin dörd yubileyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. O, məzunu olduğu Bakı Dövlət Universitetinin kollektivi ilə, xüsusən tələbələrlə görüşüb söhbət etməkdən xüsusi zövq alardı. Gənclərimizin də bir çoxu, zəngin ənənələri olan bu qaynar elm ocağında, ulu öndərin təhsil aldığı ali məktəbdə oxumaqdan şərəf duyurlar.

1999-cu il yanvarın 11-də ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Bakı Dövlət Universitetinə rektor təyin edilən akademik Abel Məhərrəmov işlədiyi 19 il ərzində təhsil sahəsində gənclər siyasətini uğurla həyata keçirən bir rəhbər kimi ulu öndərin ona göstərdiyi etimadı şərəflə doğruldub. 100 illiyi gələn il qeyd ediləcək Şərqin ilk universiteti Azərbaycanın mənəvi sərvətinə və milli şüurumuzun qaynaq yerinə döndü.

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetini gənclərin doğma evinə, ocağına çevirdiyi üçün çoxsaylı tələbə ordusunun sevimlisidir. Hər bir tələbəyə öz övladı kimi yanaşan bu sadə, səmimi, genişqəlbli insan hər gün onların qayğıları ilə yaşayır. Hər bir istedadlı tələbəsi ilə fəxr edir, qürur duyur. Universitet hər bir tələbə üçün balaca bir “planet”dir, uçuş meydanıdır. Xüsusən yubiley ərəfəsində universitetdə tələbələr arasında əsl bilik, intellekt yarışı gedir.

Gənclik bilməz dinclik nədir. Bu gün sabahın sorağı ilə Bakı Dövlət Universiteti kimi doğma ocaqdan qanadlanan yüzlərlə gəncin bayramıdır. Bütövlükdə, Azərbaycan gəncliyinin şərəfli bayramıdır.

Günel MƏLİKLİ,
siyasi elmlər üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında