1971-ci ildən keçirilən, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malik məsələlərin müzakirə edildiyi və artıq qlobal platforma hesab olunan Davos İqtisadi Forumu 48-ci dəfə dünya liderlərini, siyasətçilərini və iri biznes strukturlarının rəhbərlərini "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında bir araya gətirdi. Bu forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir göstərmək imkanlarına malikdir. 70-dən artıq dövlət və hökumət başçısının, 100-dən çox ölkədən 3 minə yaxın nümayəndənin iştirak etdiyi Davos Dünya İqtisadi Forumu öz işini başa çatdırdı.
Forumda qarşıya qoyulan əsas vəzifələrdən biri iqtisadiyyatın inkişaf meyillərini müzakirə etmək və qlobal böhran şəraitində müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparmaq idi. Bununla yanaşı, Davos görüşü həm də dünya iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Çünki burada qabaqcıl iqtisadi modellər təbliğ edilir, ölkələr arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaradılır, təcrübə mübadiləsi aparılır, ən əsası isə, dünyanı narahat edən problemlər gündəmə çıxarılır.
Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum – WEF) 1970-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən kiçik bir qrup formasında yaradılıb. Əvvəllər Avropa İdarəçilik Forumu adlanan bu format 1987-ci ildən Dünya İqtisadi Forumu adlanmağa başladı. İlk dəfə olaraq 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi bir strategiya hazırlamaq məqsədilə Avropanın 450 aparıcı şirkətinin rəhbəri bu forum vasitəsilə bir araya gəlib. Avropa Komissiyasının himayəsi altında keçirilmiş ilk görüşlərdə rəqabətlilikdə Qərbi Avropanın mövqeyinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İllər keçdikcə isə mövzular da genişlənib, forumun əhatə dairəsi böyüyüb, digər regionlara da təsir göstərən siyasi, iqtisadi məsələlər, dünya ticarətinin mexanizminin təkmilləşdirilməsi problemləri və düzgün tərəfdaşlıq kimi mövzular gündəliyə daxil edilib. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın iri şirkət və təşkilat baş qərargahı Cenevrədə yerləşən Dünya İqtisadi Forumunun üzvüdür.
48-ci Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı çox zəngin olmuşdur. Dövlətimizin başçısı 30-a yaxın görüş keçirmiş və bir sıra iclaslarda iştirak etmişdir. Böyük maraqla izlənilən görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb etmişdir. Çünki dövlətimizin başçısı müxtəlif dövlətlərin başçıları və hökumət nümayəndələri ilə yanaşı, dünyanın ən iri şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirmiş, siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlər müzakirə olunmuş, Azərbaycanın iqtisadi inkişaf modeli təqdim olunmuş və yüksək dəyərləndirilmişdir. Azərbaycan Prezidentinin “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten, Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink, ABŞ-ın “Blakstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas və digər şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bu sahədə həyata keçirilən islahatlar, “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri, həmçinin digər iqtisadi uğurlar müzakirə obyekti olmuş, ölkəmizin bu istiqamətdəki nailiyyətləri yüksək qiymətləndirilmişdir. Məsələn, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan ABŞ-ın “Black Rock” şirkətinin rəhbəri Lourens Fink Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini bildirmiş və əminliklə demişdir ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirmişdir.
ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzmanın ölkəmiz haqqında fikirləri də maraq doğurmuşdur. O, bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirmiş, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirmişdir.
Bununla yanaşı, Dövlət Neft Fondu ilə ABŞ-ın digər iri şirkəti olan “Black Rock”la arasında yaranan əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlar barəsində məlumat vermişdir. Bununla yanaşı, dövlətimizin başçısı Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən “Cənub” Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən söhbət açmış, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirmişdir. Digər şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə yeni biznes layihələri, informasiya-kommunikasiya texnologiyaları sahələrində prioritet istiqamətlər və digər məsələlər müzakirə olunmuşdur. Ölkəmizdə bu sahələrdə aparılan islahatlar yüksək qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər də zəngin olmuşdur. Həmin görüşlərdə dövlətimizin başçısı ilk növbədə milli maraqlarımızı önə çəkmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə müzakirələr aparılmış, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Börge Brend, Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşlərində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, ölkəmizin uğurla iştirak etdiyi qlobal layihələrdən, o cümlədən zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı diqqətə çatdırılmışdır.
Alain Berset ilə görüşdə, həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından danışılmışdır. İsveçrə Prezidenti Alain Berset ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını bildirmişdir. Bunlarla yanaşı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən söhbət açılmış, ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri dəyərləndirilmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu xüsusi vurğulanmışdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafından, həmçinin qarşılıqlı investisiya qoyuluşundan, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən məmnunluq ifadə olunmuşdur. İki ölkə arasında əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi prioritet hesab edilmişdir.
Azərbaycan Prezidentinin forum çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakı zamanı aparıcının suallarına verdiyi cavablar maraqla qarşılanmışdır. Tədbirin aparıcısının dövlətimizin başçısına ünvanladığı-“bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır” suallarına cavabda Ermənistanın ərazilərimizin 20 faizinin işğal etdiyi bir daha diqqətə çatdırılmış və qonşu dövlətlərlə, Ermənistan istisna olmaqla, münasibətlərin yüksək səviyyədə olduğu bildirilmişdir. Prezident demişdir ki, sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrinizdən asılıdır: “Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkəsinin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir”.
Dövlətimizin başçısı ölkəmizin müstəqillik yaşının 26 olmasına baxmayaraq, regionumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatının olduğunu da diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığının azaldılması, qiymətlərin qalxması dönəmində iri infrastruktur layihələrin reallaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması, yeni iş yerlərinin yaradılması barədə sualları cavablandıran Azərbaycan Prezidenti demişdir ki, iqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Diqqətə çatdırılmışdır ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə, bizim üçün narahatlığa səbəb yoxdur: “Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub” Qaz Dəhlizi layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər. Eyni sözləri bizim nəqliyyat layihələrimiz haqqında da söyləyə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur – əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir”.
Tədbir iştirakçılarına, həmçinin, Azərbaycanda yoxsulluq və işsizliyin azadılması barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Dövlət başçısı qeyd etmişdir ki, son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir.
Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verildiyi, bu məqsədlə ölkəmizdə sahibkarlığın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır. Dövlətimizin rəhbəri demişdir ki, son on il ərzində həmin fond vasitəsilə özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait verilmişdir: “ Biz regional inkişafa xüsusi diqqət ayırırıq. Biz bu gün regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramını icra edirik ki, bu da kiçik sahibkarlara bizneslə məşğul olmağa imkan yaratmışdır. Şərait nədən ibarətdir? İlk növbədə, infrastruktur. Biz 15 il ərzində 12 min kilometrdən artıq avtomobil yolları inşa etmişik və buraya kənd yolları da daxildir. Bu, həm xidmətlərə daha yaxşı çıxış əldə etməyə və eyni zamanda, fermerlərə məhsullarını bazara çıxarmağa imkan yaratmışdır”.
Azərbaycanda bütün azadlıqların təmin edilməsi barədə səsləndirilən fikir tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Onlara məlumat verilmişdir ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən, mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.
Bəzi üzdəniraq beynəlxalq təşkilatların, xüsusilə “Freedom House”, “Human Rigts Watch” və digərlərinin Qərbin və Avropanın bəzi dövlətlərinin, həmçinin erməni lobbisinin sifarişi ilə ölkəmiz haqqında böhtan və yalanla dolu, qərəzli, qeyri-obyektiv hesabatlar hazırlamalarına baxmayaraq, onlara inanan yoxdur. Çünki artıq beynəlxalq təşkilatlara da bəllidir ki, belə oyuncaq təşkilatlar heç bir araşdırma aparmadan, hesabat hazırlayarkən Azərbaycanda monitorinq keçirmədən antiazərbaycan qüvvələrin dediklərinə əsaslanırlar. Bu qarayaxma kampaniyaları Azərbaycanda söz və mətbuat azadlığına, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərə mane ola bilməz. Çünki ölkəmiz açıq siyasət aparır, təhdidlərdən və hədələrdən qorxmur, heç bir dövlətin daxili işlərinə qarışmır və kimsənin də bizim daxili işlərimizə qarışmasına yol vermir.
Azərbaycan Prezidentinin Davos Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər və çıxışları ölkəmiz haqqındakı həqiqətləri bir daha dünya ictimaiyyətinə bəyan etdi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.