Dağlıq Qarabağ münaqişəsinin xronikası imperialist dairələrin bu bədnam etnik qarşıdurmaya start verdiyi ilk gündən ölkənin gündəlik anadilli rəsmi nəşri olan “Xalq qəzeti”ndə davamlı yer alıb. Xankəndidə erməni separatçılarının ilk davakar şüarlarının səsləndiyi 1988-ci ilin fevralından indiyədək münaqişə ilə bağlı qanlı-qadalı hadisələr qəzetimizin səhifələrində sistemli şəkildə əksini tapıb. Bu xronikada 1992-ci ilin uğursuz Daşaltı əməliyyatı da ayrıca yer tutur.
Daşaltı əməliyyatında ölkəmizin üzləşdiyi faciəli uğursuzluq ötən 26 ildə qəzetimizin səhifələrində də daim yad olunmuş, məğlubiyyətin səbəbləri və nəticələri təkrar-təkrar incələnmiş, qanlı döyüşün ibrət dərslərinə ətraflı və dərindən diqqət yetirilmişdir. Bu araşdırmada, heç şübhəsiz, Daşaltı faciəsinə gətirən yola nəzər salınması yetərli qənaətlərə işıq tutur.
Məsələ burasındadır ki, 1991-ci ilin 18 oktyabrında SSRİ-nin sürətli süqutunun yaratdığı tarixi şəraitdə Azərbaycan da öz dövlət müstəqilliyini elan etməli olmuşdu. Lakin keçmiş sovet sisteminin yerli idarəetmə strukturu olan kommunist rejimi özünü yeni şəraitə uyğunlaşdıra bilməmişdi. Moskvaya bağlı bu tör-töküntü komanda yenə nəzərlərini Kremlə dikib oradan növbəti göstərişlər gözləmişdi. Həmin günlərdə Azərbaycana qarşı 4 ildən bəri davam edən ərazi iddialarını bütün cəbhə boyu hərbi müdaxilə ilə davam etdirən Ermənistan isə sovet ordusundan açıq-gizli ələ keçirdiyi hərbi potensialı Dağlıq Qarabağın faktik işğalına səfərbər etmişdi.
1992-ci il yanvarın ortalarında Dağlıq Qarabağda çox ağır vəziyyət yaranmışdı. 1991-ci ilin oktyabrından Ermənistan silahlı qüvvələrinin mühasirəsinə düşərək bir-birinin ardınca oda qalanan Qaradağlı, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular və digər kəndlərin işğalı zamanı erməni quldurlar nəzarətsiz qalmış sovet hərbçilərinin köməyi ilə dinc əhaliyə qarşı cinayətlər törətmişdilər.
Erməni millətçilərinin artıq çökmüş sovet imperiyasının Ermənistandakı və Dağlıq Qarabağdakı hərbi strukturlarını ələ keçirib vilayətdəki azərbaycanlılar yaşayan kəndləri sistemli etnik təmizləməyə, lokal soyqırımlara məruz qoyduğu günlərdə Azərbaycan xalqı ayağa qalxıb yerli rəhbərlikdən təcili və ciddi tədbirlər görməyi tələb edirdi. Yaranmış vəziyyətin mahiyyətini axıradək anlamayan o vaxtkı müti, Moskvadan imdad gözləyən rəhbərlik isə xalq arasında itirilmiş nüfuzunu bərpa etmək üçün həqiqi milli ordu yaratmaq əvəzinə, nəyin bahasına olursa-olsun, hansısa bir uğurlu hərbi əməliyyat keçirməyə üstünlük verirdi.
O zaman Şuşada xüsusilə gərgin vəziyyət yaranmışdı. Şəhər ətrafındakı erməni kəndləri silahlı quldurların dayaq məntəqələrinə çevrilmişdi. Şuşa şəhəri, yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Laçın yolu daim atəşə tutulurdu. Həmin günlərdə Dağlıq Darabağda azərbaycanlılar yaşayan əksər məntəqələr boşaldılmış, Şuşa və Xocalı şəhərləri düşmənin odlu həlqəsində qalmışdı. Belə bir şəraitdə Ayaz Mütəllibov hakimiyyəti Şuşanın müdafiəsini möhkəmləndirmək məqsədilə tələsik hazırlanmış, əməliyyat şəraiti dəqiq öyrənilməmiş, məxfiliyi qorunmamış əməliyyata rəvac verməklə, xalq hərəkatının güclü təzyiqi ilə yaradılmış ilk milli ordu hissəsini və yerli batalyonu ermənilərin tələ kimi hazırladığı Daşaltı dərəsindəki labüd qırğına göndərmişdi.
Ümumiyyətlə, Şuşanın müdafiəsi çox pis təşkil edilmişdi. Vahid komandanlıq yox idi. Dəstələrdə və bölmələrdə hərbi intizam çox aşağı idi. Əməliyyatdan qabaq milli ordunun Şuşa batalyonunda 385 nəfər hərbi qulluqçu qeydə alınsa da, çağırışa cəmi 20 əsgər gəlmişdi. Şuşadan 3--4 kilometr aralıda, sərt yüksəkliyin ətəyində, Şuşa–Laçın magistral yolunun yaxınlığında yerləşən Daşaltı kəndindən erməni quldurları şəhərə gəlib-gedən nəqliyyata daim atəş açırdılar. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı.
Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndini erməni silahlılarından azad etməyi qərara almışdı. Şəhərə gəlmiş müdafiə naziri Tacəddin Mehdiyev icra hakimiyyəti başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdi. Müzakirədə bütün dəstələri vahid komandanlıq altında birləşdirmək, komendant saatı tətbiq etmək təklif olunmuş, erməni quldurlarının Daşaltı kəndindən çıxarılması üçün əməliyyat keçirmək qərara alınmışdı.
Qəzetimizin Qarabağ bölgəsinin müxbiri Ziyəddin Sultanovun o vaxt göndərdiyi operativ informasiyaya, sonradan dəqiqləşdirilmiş faktlara istinad etsək, yada salmalıyıq ki, Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20-də başlanmış və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatmışdı. Daşaltı kəndinin azad edilməsi əməliyyatına o vaxtkı müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik etmişdi. Döyüşdə yenicə yaranmış milli ordunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taboru iştirak etmişdi.
Əməliyyatın əvvəlində bir neçə düşmən öldürülmüş, döyüşçülərimiz kəndin içərilərinə doğru irəliləmişdilər. Lakin ermənilər vaxtında mavevr etmiş, texnika və silahları arxaya keçirərək, döyüşçülərimizi pusquya salmış, hər tərəfdən hədəfə almışdılar. Daşaltıda vəziyyətin çıxılmaz olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin 5-ci bölüyünü köməyə göndərmişdi. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqaviməti ilə qarşılaşan həmin bölük də dayanmağa məcbur olmuşdu. Əməliyyatın iflasa uğradığını başa düşən müdafiə naziri güclü dumandan istifadə edərək geri çəkilmək əmri vermişdi. 26 yanvar toranlıqda sağ qalmış döyüşçülərimiz Şuşaya qayıda bilmişdilər.
Məğlubiyyət dəhşətli idi.Taktiki səhvlər, qruplar arasında rabitə olmaması, əməliyyat sirrinin yayılması və bəzi bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilmişdi. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilmişdi. Rəsmi məlumata görə, Daşaltı əməliyyatında 90 hərbçimiz şəhid olmuş, onlarla əsgər itkin düşmüşdü. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdi.
Qarabağ müharibəsinin ayrı-ayrı döyüşləri təhlil edilərkən Daşaltı əməliyyatına daha çox diqqət yetirilir. Bu uğursuzluq sonrakı hadisələrə ciddi təsir etdi. Daşaltıda qələbə qazanılması müharibənin gedişatını dəyişdirməyə, təşəbbüsü ermənilərdən almağa, düşməni geriyə sıxışdırmağa imkan verərdi. Amma Daşaltıdakı məğlubiyyət döyüşçülərimizə və əhaliyə sarsıdıcı təsir etdi. Azərbaycan xeyli müddət yeni hücum əməliyyatı keçirə bilmədi. Qazandığı uğurdan şirniklənən Ermənistan silahlı qüvvələri bir ay sonra Xankəndindəki sovet hərbi alayının hərtərəfli köməyi ilə Xocalı qətliamını törətdi. May ayının 10-da isə Azərbaycanda şiddətlənən siyasi qarşıdurmadan istifadə edən ermənilər Şuşanı asanlıqla işğal etdilər.
Daşaltıdakı uğursuzluq, göründüyü kimi, sonrakı məğlubiyyətlərə başlanğıc oldu. Lakin bu döyüş əsgərlərimizin ayrı-ayrı qəhrəmanlıq epizodları, Vətən yolunda şəhidlik nümunəsi kimi də yada salınır. Milli ordumuzun tarixinə ən uğursuz döyüş kimi daxil olan Daşaltı əməliyyatı ilə bağlı məsuliyyətsizlik, satqınlıq və xəyanətkarlıq isə daim lənətlənir.
Əməliyyatda iştirak etmiş tağım komandiri Füzuli Rzaquliyev məğlubiyyəti daha çox səriştəsizlik, vahid komandanlığın olmaması ilə əlaqələndirib: “Bu əməliyyatda ordumuzun məğlub olmasının əsas səbəbi vahid komandanlığın olmaması, təchizat işlərinin yarıtmazlığı, bölüklər arasında heç bir rabitə əlaqəsinin yaranmaması idi. Bu əməliyyat üçün qoşun Bakıdan gətirilmişdi, lazımi təlim keçilməmiş, yerli şərait öyrənilməmişdi. Silahlar da köhnə idi. Yəni vəziyyətimiz bu qədər ağır idi. Amma bir nəfər də olsun, təslim olmadı. Hətta Zaur Cəfərov adlı döyüşçümüz düşmənə təslim olmamaq üçün özünü vurdu. Son gülləmizə qədər vuruşduq. 80 nəfərdən çox ermənini məhv etdik. Daşaltı əməliyyatı bu şəkildə keçirilməyə bilərdi. Daşaltını nəzarətdə saxlamaqla vaxt qazanıb daha uğurlu əməliyyat hazırlamaq mümkün idi”.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə Daşaltı faciəsinin ildönümü ilə bağlı bildirdi:
– Uğursuz Daşaltı əməliyyatının anım günündə o vaxt baş vermiş faciəni bir daha xatırlayır, qəlb ağrısı keçiririk. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Bu əməliyyat uğursuz olsa da, o gün şəhid olan oğullarımız əsl hünər göstərdilər. O günlərdə Şuşanın dinc əhalisi mühasirədə idi. Adamlar Ağdamdan vertolyot vasitəsi ilə Şuşaya gəlib-gedirdilər. Ermənilər artıq vertolyotları da vururdular. Daşaltı əməliyyatı vaxtı güclü ordumuz yox idi. Bu vacib iş xeyli gecikdirilmişdi. Orduya rəhbərlik edənlərin düzgün qərar qəbul edə bilməməsi nəticəsində belə faciə baş vermişdi. Lakin döyüşdə iştirak edənlər qəhrəmancasına həlak olmuşdular. Daşaltı şədidləri ölümün ağuşuna atılmaq cəsarətləri ilə tarixə düşdülər. Onlar düşmənə ağır zərbə vuraraq qurban getdilər. Torpaqlarımız azad olunandan sonra Daşaltı kəndində şəhid olanların xatirəsi Şuşada və digər yerlərdə layiqincə əbədiləşdiriləcək.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.