Mixail Qorbaçovun gecikmiş və yarımçıq etirafı onun qanlı cinayətlərini yuya bilməz

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması xalqımızı uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı,  niftət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.

Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız  heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc--gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə  güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.

Gecənin qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına  tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı. Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan  “hörülmüş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük  bir vulkana döndü.

Çox keçmədi ki, yurdsevər rəssamlarımız  Mərkəzi Komitənin qarşısında uzanan hündür divarı iri bir pannoya çevirib, qanlı “Bakı zəfəri”nin bədnam müəllifi, sovet rəhbəri Mixail Qorbaçovun  böyük bir karikaturasını oraya rəsm etdilər. Nəhəng təsvirdə Qorbaçovun əlindəki baltadan qan süzülürdü. Rəsmin altında rusca, “Qorbaçov insan qəssabıdır” anlamı verən sözlər yazılmışdı.

Heç şübhəsiz, o anlarda və saatlarda Bakıda baş verənləri nəfəs dərmədən izləyən Kreml ağasına şəhərdəki digər önəmli təfərrüatlarla yanaşı, bu karikatura barədə də bilgi  çatdırılmışdı. Lakin yanvarın 22-də şəhidlərin dəfnindən sonra - xalqın mübarizəsi 40 günlük dinc etirazlar məcrasına dönənədək bu karikaturanı heç bir qüvvə həmin yerdən yox edə bilmədi. Bu karikaturanı tirajlayan fotolarsa bütün dünyaya yayılaraq insan qəssabına çevrilmiş Qorbaçovu şiddətli bir hiddət və nifrətlə üz-üzə qoydu.

O saatlarda və günlərdə Qorbaçovun öz qanlı əməli barədə nə düşündüyünü söyləmək çətindir. Amma illər keçəndən sonra sonuncu sovet tiranı “Həyat və islahatlar” adı ilə çap olunmuş xatirələrində, yüngül də olsa, özünü suçlu bilib. O dövrü yada salan insan qəssabı səmimi, ya qeyri-səmimi yazıb: “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qaldı. Bu ağırdır, çox ağırdır”.  Bəs o vaxt bunu düşünmək olmazdımı? Əlbəttə, olardı, lakin ətrafını sarmaşıq kimi bürümüş erməni-daşnak güruhunun yaratdığı sədd bu həqiqəti görməyə imkan veməmişdi.

İllər sonra “əsas günahı” Qarabağ hadisələrində görən Qorbaçov, görəsən, “Qarabağ cinini” şüşədən çıxaranda nə düşünmüşdü? Bəlkə, elə bilmişdi ki, dünyanın ən gözəl bir məkanını min illər boyu öz qanı-canı  ilə qoruyub Vətən eləmiş Azərbaycan xalqı onun xatirinə Qarabağı siniyə qoyub özgə torpaqlarına təşnə olan ermənilərə peşkəş edəcək?! Axı o aylarda və illərdə, elə həmin gecə də Azərbaycan xalqı ona görə ayağa qalxmışdı ki, Qorbaçovun özünə  anlatsın: “Torpaqdan pay olmaz!”, “Həddini aşmış erməniləri yerində oturdun!” O gecə ermənilərə güzəştə getməməyin  heyfini azərbaycanlılardan alan bədnam “Baş katib”in illər sonrakı əsassız bəhanəsi, əlbəttə, Bakıda “yarımçıq qırılmış ömürləri” bitişdirməyə qadir deyil.

Daha sonra “90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbaycanlı müharibəsidir” - deyən Qorbaçov bu müharibəyə özünün bais olduğunu unutdurmaqmı istəyir? Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə “fövqəladə şəraitin” məcbur etdiyini yazıb: “1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”--deyə eks-prezident vicdanı ağrımadan yazıb.

20 Yanvar qırğınının səhərisi gün Moskvada Azərbaycan nümayəndəliyinə gələn xalqımızın qeyrətli oğlu Heydər Əliyev görün vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərib: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

M.Qorbaçov Bakıya qoşun yeridilməsinin bir səbəbini də “Azərbaycanda hakimiyyətin parçalanmasında” görüb. Axı bu parçalanmanı da o özü yaratmışdı. Onun naşı, gerçək toqquşmalara aparan hökmlərini yerinə yetirən Azərbaycan rəhbərliyi bu mütiliyi ilə öz xalqının gözündən düşmüşdü. Qorbaçov da öz xalqının maraqlarından heç vaxt bir addım geri çəkilməyən dünya şöhrətli dövlət xadimi Heydər Əliyevi məhz onun  məkrli niyyətlərinə qarşı olduğuna görə böyük siyasətdən uzaqlaşdırmışdı.

Daha sonra yeni qondarma arqumentlərə üz tutan M.Qorbaçov bildirib: “13 yanvarda Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər”.   Axı sovet diktatoru niyə yada salmır ki, bu iğtişaşlar onun sonrakı planlarını həyata keçirmək üçün məqsədli şəkildə törədilmişdi. Əgər o dinclik yaradan idisə niyə bu fitnəkarlığın qarşısını vaxtında almaq əvəzinə, bütöv bir xalqın üstünə qoşun yeridirdi? Əgər o, günahsız insanları qorumaq istəyirdisə  niyə Ermənistandan 200 min azərbaycanlı qarət və təhqir olunub qovulanda özünü görməzliyə vurmuşdu?

Keçmiş SSRİ prezidenti ardınca yazıb: “Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 km sərhəd sökülüb”. Yenə yalan və riyakarlıq. Axı sərhədlər rus sərhədçilərinin gözü qarşısında və onların iştirakı ilə sökülmüşdü. Qorbaçova da bu lazım idi ki, bəhanə gətirib “dikbaş”, “sözəbaxmayan” azərbaycanlılara qanlı divan tutsun.

“20 yanvar mənə dərs oldu” - yazan Qorbaçov 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.

Bunu dərk etmək üçün illər lazım idimi? Belə sərt tədbirlərə ehtiyac olmadığını, qarşıdurmanı aradan qaldırmağı və vəziyyətin nizama salınmasını dinc üsullarla da həyata keçirməyin mümkünlüyünü Qorbaçovun özünə siyasi rəqib seçdiyi Heydər Əliyev Azərbaycan nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi.”

Həmin bəyanatda ulu öndərin söylədikləri Qorbaçovun, xala-xətrin qalmasın, etirafının qeyri-səmimiliyini qəti surətdə ortaya qoyur: “Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.

Azərbaycan xalqının həqiqi lideri həmin bəyanatında Qorbaçovun gələcək  qənaətini, azı, 20 il qabaqlamışdı: “Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir”.  Ulu öndər öz yekun qənaətini isə belə ifadə etmişdi: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.

Sonda bildirək ki, illər sonra eks-prezident kimi Türkiyəyə səfər edən M. Qorbaçov “20 Yanvar qırğınını həyatının ən böyük səhvi” adlandırmışdı. Lakin bu etiraf da onun bəşəri cinayətini yuyub təmizləmir, qanlı lənət damğasını bioqrafiyasından silmir.

Tahir AYDINOĞLU,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında