ATƏT-in bəzi rəsmi nümayəndələrinin qərəzli və subyektiv iddiaları bu təşkilatın ikili mövqeyinin göstəricisidir

İyirmi altı illik müstəqillik tarixində respublikamızın dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşulması antiazərbaycan qüvvələrin kürkünə birə salıb. Onlar ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün minbir oyundan çıxır, yalan və qərəzlə dolu “hesabatlar” hazırlayır, böhtan və qarayaxma kampaniyasından əl çəkmirlər.

Təbii ki, ölkəmizə qarşı belə bir qərəzli kampaniyanın mütəmadi olaraq aparılması, sürətli inkişafımızın, dünya birliyindəki mövqeyimizin getdikcə möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin, xüsusilə də ermənipərəst dairələrin təlaş keçirmələri başadüşüləndir. Ağa qara deyən böhtançılar  və qərəzli iddia irəli sürənlər arasında ATƏT kimi mötəbər beynəlxalq qurumun bəzi rəsmi nümayəndələrinin olması və belə bir təşkilatın hələ də ikili standartlardan əl çəkməməsi təəssüf doğurur. Bugünlərdə təşkilatın media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının , kütləvi informasiya  vasitələrinin  vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsindəki bəzi fikirlərlə tanış olanda bu adamın, sanki, belə bir nüfuzlu qurumun yox, hansısa erməni təşkilatının üzvü olduğu təəssüratını yaradır.

ATƏT nümayəndəsinin ölkəmiz haqqıında səsləndirdiyi fikirləri eşidəndə o dəqiqə hiss edirsən ki, bu “diplomat” erməni lobbissinin sifarişini yerinə yetirir. Çünki Harlem Dezirin Azərbaycanda söz və mətbuat azadlığının inkişafını, müstəqil mətbuatın sərbəst fəaliyyətini, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin qayğısını tamamilə görməzliyə vurub.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə dəfələrlə vurğulayıb ki, ölkəmizdə demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri fikir və söz azadlığı, müstəqil mətbuatın fəaliyyətinə normal şərait yaradılması, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan hüquq və azadlıqlarının qorunmasının mühüm amillərindən hesab olunur. Dövlətimizin başçısı keçirdiyi beynəlxalq  görüşlərin hamısında bəyan edib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı yüz faiz təmin edilir: “Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur. İnternet azaddır, senzura yoxdur... Mətbuat azadlığı tam şəkildə təmin edilir. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Azərbaycanda mütəmadi olaraq müxtəlif siyasi partiyaların, qrupların aksiyaları keçirilir. Bu aksiyalar azad şəkildə keçirilir və heç bir məhdudiyyət qoyulmur”.

Ölkədə heç bir quruma, provayderlərə internetlə bağlı qadağa tətbiq edilməyib, lisenziya şərtləri qoyulmayıb. Son dövrlərdə Azərbaycanda sosial şəbəkələrdən, platformalardan istifadə edənlərin sayı xeyli artıb. Hər bir kəs, hüquqi və fiziki şəxslər internetdən sərbəst şəkildə və qanunauyğun qaydada istifadə edir, saytlar və bloqlar yaradır, sosial şəbəkələrdə fəallıq göstərirlər. Ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin, eyni zamanda, internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, artıq internet media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var. Azərbaycan hökuməti ölkədə internetin daha da geniş yayılması, ondan inkişaf perspektivləri üçün əlverişli istifadədə maraqlıdır.

Demokratik təsisatların yüksək səviyyədə təmin olunmadığı ölkələrdə demokratiyanın inkişafından danışmaq əhəmiyyətsizdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik təsisatların inkişafı prioritet vəzifə kimi qarşıya qoyuldu. Çünki insan hüquq və azadlıqlarının dövlət səviyyəsində müdafiə olunmadığı, azad sözün və müstəqil mətbuatın inkişafına şərait yaradılmayan ölkələrin beynəlxalq aləmə inteqrasiyasında, nüfuzlu qurumlarla əməkdaşlığında çətinliklər yaranırdı. Söz yox ki, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlərin naşılığı və idarəçilikdəki təcrübəsizliyi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında müəyyən problemlər yaratmışdı. Demokratiyanı anarxiya, özbaşınalıq və mənəm-mənəmlik kimi qəbul edən hakimiyyət rəhbərlərinin və onların əlaltılarının insanlarla kobud rəftarı, haqlı tənqidlərə dözümsüzlük göstərmələri, çox vaxt müstəqil mətbuatın yazdığı məqalələrə senzura tətbiq edilməsi, müəlliflərə fiziki təsir göstərilməsi müstəqilliyini yenicə qazanmış respublikamızı beynəlxalq aləmdən təcrid edirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtmasından sonra ölkədə demokratik təsisatların reallaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin söz və mətbuat azadlığının inkişafına verdiyi dəyər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.

 Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının , kütləvi informasiya  vasitələrinin  vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsindəki qərəzli fikirlərinə münasibət bildirərkən də ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha diqqətə çatdırıb. Prezident Administrasiyasının rəsmisi bir sıra xarici dairələrin nəzarətində olan beynəlxalq QHT və KİV-in, həmçinin ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin  Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı səsləndirdikləri qərəzli və subyektiv fikirlərlərə təəssüfləndiyini bildirirb. Ə.Həsənov deyib ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-in qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.

Ə.Həsənov bildirib ki, ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək,  söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz: "Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq, hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır”.

Dünyanın əksər ölkələrində, o cümlədən nkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Dəfələrlə şahidi olmuşuq ki, bir sıra xarici ölkələrdə aksiyalar dağıdılarkən xüsusi hazırlanmış itlərdən, rezin güllələrdən, çirkli sulardan, atlardan və digər qeyri-insani vasitələrdən istifadə olunur. Azərbaycanda isə bu vaxta qədər belə bir hala rast gəlinməyib. Təəssüf ki, belə hallar, nədənsə, həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, Prezident Administrasiyasının rəsmisi hesab edir ki, cənab Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı və Azərbaycana qarşı vərdiş etdikləri yanaşmaya yol verməməlidirlər.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür. Eləcə də dövlətimiz qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır.

Bütün bunlar bir daha təsdiqləyir ki, antiazərbaycan qüvvələrin ölkəmizə qarşı böhtan və qarayaxmalarının heç bir əsası yoxdur. Belə çirkli kampaniyaya ATƏT kimi nüfuzlu beynəlxalq qurumun rəsmisinin qoşulması bu təşkilatın ikili standartlar burulğanında boğulmasından xəbər verir.

Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında